Köhnə qitəyə inteqrasiyada YENİ DÖNƏM - Aİ-nin Azərbaycana 2 milyardlıq İNVESTİSİYA PLANI 

Köhnə qitəyə inteqrasiyada YENİ DÖNƏM - Aİ-nin Azərbaycana 2 milyardlıq İNVESTİSİYA PLANI 

Hazırda oxunan: Köhnə qitəyə inteqrasiyada YENİ DÖNƏM - Aİ-nin Azərbaycana 2 milyardlıq İNVESTİSİYA PLANI 

140379

Avropa İttifaqının ATƏT-dəki Nümayəndəliyinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ötən gün ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışına dair bəyanatında bildirilib ki, Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır. 

“Biz xüsusilə enerji, islahatlar, ticarət və investisiyalar sahəsində uğurlu əməkdaşlığımızı davam etdirmək və gücləndirməkdə maraqlıyıq”, - deyə bəyanatda qeyd olunub.

Diqqətə çatdırılıb ki, Aİ-nin İqtisadi və İnvestisiya Planında əlaqələnmə və enerji əsas elementlərdir. Bu plan Azərbaycana 2 milyard avroyadək dövlət və özəl sərmayələrin cəlb olunmasını hədəfləyir. 

“Azərbaycan Avropanı Mərkəzi Asiya və onun hüdudlarından kənarda yerləşən ölkələrlə birləşdirən Orta Dəhlizin inkişaf etdirilməsində və xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə enerji mənbələrinin və nəqliyyat marşrutlarının şaxələndirilməsində əsas rol oynayır.
2022-ci ilin iyulunda Bakıda energetika sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, Aİ-Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqlar davam edir və Aİ danışıqları tezliklə yekunlaşdırmaq məqsədinə sadiq qalır”.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli Azərbaycanın Avropa İttifaqının 9 dövləti ilə enerji sahəsində əməkdaşlıq etdiyini bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Avropa İttifaqı Azərbaycanla yeni saziş İMZALAYACAQ 


Ötən ay prezident İlham Əliyevin Litvaya səfərini xatırladan ekspert, səfər çərçivəsində xeyli sayda saziş və müqavilələrin imzalandığını bildirib:

“Bu da ilk növbədə Azərbaycan qazının Şimali Avropa və Baltikyanı ölkələrinə çıxış imkanlarını artırır. Bununla yanaşı, hazırda Aİ ilə ölkəmiz arasında imzalanması gözlənilən digər sazişlərin üzərində iş gedir. Bu sənədlərə əsasən, indidən Azərbaycanın kənd təsərrüfatı məhsullarının Aİ bazarlarına çıxışının təmin edilməsi imkanları araşdırılır. 

Sözsüz ki, bu məsələ bizim üçün prioritetdir və gələcəkdə ölkəmizin qeyri-neft sektorunun və yeni fermer təsərrüfatlarının inkişafına təkan verə bilər. Bundan başqa, biz öz məhsullarımızı ənənəvi Rusiya bazarı ilə yanaşı, yeni MDB və Avropa bazarlarına çıxara biləcəyik”. 
Bəyanatda qeyd edildiyi kimi, Avropa İttifaqının Azərbaycana 2 milyard avroyadək investisiya yatırmaq fikrində olduğunu deyən müsahibimiz hesab edir ki, bu vəsait gələcəkdə ölkəmizin aqrar sahəsinə, meliorasiya sistemlərinin təkmilləşdirilməsinə, yeni texnologiyaların ölkəmizdə tətbiq edilməsinə cəlb oluna bilər: 

“Bu da həm iqtisadiyyatımız, həm də Avropa və Azərbaycan iqtisadi əlaqələrinin inkişafı üçün çox müsbət haldır. Rumıniya, Macarıstan və Bolqarıstan ölkəmizə yaşıl və alternativ enerji sahələrində investisiya qoymağı planlaşdırılır. Belə ki, gələcəkdə Xəzər dənizinin və Qara dənizin dibindən yeni xətlərinin çəkilməsi nəzərdə tutulub. 

Bunun sayəsində də biz Avropaya yaşıl və alternativ enerji ixrac edəcəyik. Bu baxımdan da hazırda hazırlanan saziş Azərbaycanın ixrac potensialının şaxələndirilməsinə böyük imkan yaradacaq. 

Digər tərəfdən də Orta dəhlizdən keçəcək logistika yolları vasitəsilə Azərbaycandan Litvaya və Şimali Avropaya, oradan da Şərqi Avropaya yüklərin çatdırılması üçün geniş infrastruktur layihələri hazırlanır və bu gün onlara ciddi maraq göstərilir.

O cümlədən Zəngəzur dəhlizinin açılmasına, dəmiryol xətlərimizin genişləndirilməsinə və Ələt limanının yükdaşıma imkanlarının genişləndirilməsinə böyük maraq var. 

Bu sazişlər ölkəmizin Aİ ilə iqtisadi inteqrasiyasını daha da təkmilləşdirəcək və Avropanın enerji təminatında mühüm təhlükəsiz və sabit tərəfdaş kimi əhəmiyyətini artıracaq”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO