Keçmiş məcburi köçkünlərin əvvəl müvəqqəti yaşadıqları evlərin aqibəti necə olacaq?

Keçmiş məcburi köçkünlərin əvvəl müvəqqəti yaşadıqları evlərin aqibəti necə olacaq?

Hazırda oxunan: Keçmiş məcburi köçkünlərin əvvəl müvəqqəti yaşadıqları evlərin aqibəti necə olacaq?

139040

30 ilə yaxın doğma yurd həsrəti ilə yaşamış məcburi köçkünlərin yurd-yuvalarına dönüşü başlanıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsindən sonra Böyük Qayıdışın mümkün qədər tez və sürətlə gerçəkləşməsi üçün həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.  

Əlbəttə, işğalın nəticələri ağır, dağıntıların miqyası böyük oldu. Yüz minlərlə insan qaçqınlığın və məcburi köçkünlüyünün mərhumiyyətləri ilə üzləşdi. 1988-93-cü illərdə Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində Qarabağdan və Şərqi Zəngəzurdan didərgin düşən 1 milyona yaxın azərbaycanlı ölkənin müxtəlif bölgələrinə sığndı, inzibati binalarda, yarımçıq tikililərdə, çadır düşərgələrdə, vaqonlarda müvəqqəti məskunlaşmalı oldu.  


Əhalinin bu həssas təbəqəsinin sosial-məişət problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması daim Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində idi.

Prezident İlham Əliyev isə hələ 2003-cü ildə Biləsuvar rayonunda məcburi köçkünlərlə görüşündə yaxın illərdə ölkədə bütün çadır düşərgələrin ləğv olunacağını bəyan etdi. Və cəmi 4 il ərzində bu vəd yerinə yetirildi - 2007-ci ildə sonuncu çadır düşərgəsi ləğv edildi, minlərlə məcburi köçkün ailəsi dövlət tərəfindən inşa edilən müasir tipli qəsəbələrdə müvəqqəti olaraq yerləşdirildi. 

Sonrakı illərdə də qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün ardıcıl tədbirlər həyata keçirildi.

Bakıda, digər şəhərlərdə və rayonlarda hər cür sosial-texniki infrastrukturu olan yaşayış kompleksləri, qəsəbələr tikildi, qəzalı vəziyyətdə olan bina və tikililərdə ağır şəraitdə yaşayan məcburi köçkün ailələri yeni yaşayış sahələri ilə ilk növbədə təmin olundular.  
Bu gün də əhalinin bu həssas qrupunun problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqaməti kimi bu gün də aktuallığını saxlayır.


Birinci vitse-prezident Mehriban xanım Əliyeva məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, təhsil, sağllamlıq, mədəni inkişaf məsələrinə xüsusi diqqət və qayğı göstərir.  

Dövlətin sosial müdafiə tədbirləri didərginlik ağrılarını yüngülləşdirsə də, yenidən ata-baba torpaqlarına qayıtmaq bu insanların ən böyük arzusu idi. Və 44 günlük müharibədə qazanılan zəfər bu arzunun gerçəkləşməsinə imkan yaranıb.

Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəldilir. Artıq Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə, Tərtər rayonunun Suqovuşan qəsəbəsinə, bu günlərdə isə Laçın şəhərinə bir qrup məcburi köçkün ailəsinin qayıdışı təmin edilib və proses davam edir.  

Təbii ki, Böyük Qayıdış asan və tez reallaşan proses deyil. Çünki 30 ilə yaxın işğal altına olmuş ərazilərdə düşmən daşı-daş üstündə qoymayıb -  yaşayış məntəqələrimiz yerlə-yeksan edilib, bütün infrastruktur dağıdılıb.

Üstəlik, torpaqlarımızda basdırılmış saysız-hesabsız mina və partlayıcılar dinc quruculuq fəaliyyəti və yaşayış üçün ciddi təhlükə olaraq qalır. Prezidentin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlər yalnız onların təhlükəsizliyinə və layiqli həyat şəraitinə təminatın yaradıldığı ərazilərə köçürülür. Böyük Qayıdışı məhz bu prinsip əsasında, mərhələli şəkildə həyata keçirilir. 

İşğaldan azad edilmiş ərazilərə dönüş artıq yalnız keçmiş məcbur köçkünlərin yox, əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan digər kəsiminin də yaşayış şəraitinin yaxşılaşdırılması, mənzil-məişət problemlərinin həlli üçün yeni imkanlar açır.  
Məlum olduğu kimi, Böyük Qayıdışa, ilk növbədə, müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayan məcburi köçkünlər cəlb olunurlar. Bununla belə, bərpa edilən və yeni salınan yaşayış məntəqələrinə qayıdanlar arasında köçkünlük dövründə dövlət tərəfindən müvəqqəti olaraq yeni təmirli fərdi ev və ya mənzillərlə təmin edilmiş ailələr də var. 


Məlum olub ki, 30 illik həsrətdən sonra doğma yurda qayıdan keçmiş köçkünlər illər boyu sığındıqları müvəqqəti mənzilləri boşaldır və aidiyyəti üzrə təhvil verirlər. Bu da təbiidir - məcburi köçkünlərin Bakıda və digər bölgələrdə müvəqqəti məskunlaşdıqları fərdi evlər  və mənzillər dövlətin xüsusi təyinatlı yaşayış fonduna məxsusdur.

Çünki vaxtilə məcburi köçkün ailələrinə dövlət tərəfindən fərdi ev və ya mənzil verilərkən onların burada müvəqqəti – yəni işğal altındakı ərazilər azad edilənə və həmin ərazilərə qayıdış üçün şərait yaradılana qədər – yaşaması nəzərdə tutulub. 

Yeri gəlmişkən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş Qayda ilə tənzimlənir.

Həmin  Qaydaya əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri belədir: 

- məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər; 

- məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir; 

- məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləş-dirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur; 
- məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 

Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinə köçürülən hər bir ailənin başçısı kirayə müqaviləsi imzalamaqla ailə üzvləri adından bu şərtləri qəbul edir.

Doğma yurda qayıdan və orada layiqli həyat şəraiti ilə təmin olunan hər bir ailənin boşaltdığı yaşayış sahəsi Böyük Qayıdışın növbəti mərhələlərini gözləyən və hələ də ağır vəziyyətdə yaşayan köçkünlərin, eləcə də şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının müvəqqəti istifadəsinə verilir. Və əslində, bu, sosial ədalət və humanizm prinsiplərinə tam uyğundur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO