Balıq ovuna qoyulan qadağa “həvəskar balıqçı”ları AYAĞA QALDIRDI – Nazirlikdən etirazlara REAKSİYA 

Balıq ovuna qoyulan qadağa “həvəskar balıqçı”ları AYAĞA QALDIRDI – Nazirlikdən etirazlara REAKSİYA 

Hazırda oxunan: Balıq ovuna qoyulan qadağa “həvəskar balıqçı”ları AYAĞA QALDIRDI – Nazirlikdən etirazlara REAKSİYA 

135625

Məlum olduğu kimi mayın 1-dən balıq ovuna 4 aylıq moratorium qüvvəyə minib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı ilə verilən bu qadağa sentyabrın 1-dək davam edəcək. Səbəb isə balıqların kürütökmə dövrü ilə əlaqədardır. Belə ki, balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxslər moratoriumun qüvvədə olduğu dövrdə balıq ovlamamağa və qaydalara əməl etməlidir:

Qeyd edək ki, Nazirlik icazəsiz balıq ovunun qarşısının alınması və balıqların kürütökmə dövrü ilə əlaqədar maneələrin aradan qaldırılması məqsədilə Su Nəqliyyatında Polis İdarəsi ilə birlikdə ölkənin daxili su hövzələrində “Təmiz hövzələr” aksiyasının həyata keçirir. 

Sözügedən qadağa balıq ovu ilə məşğul olanların və həvəskar balıqçıların ciddi narazılığına səbəb olub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda balıq ehtiyatı tükənmə TƏHLÜKƏSİLƏ ÜZ-ÜZƏ – Çözüm nədir?


Redaksiyamıza bununla bağlı gileylənən həvəskar balıqçıların sözlərinə görə evlərinə 5-3 manat çörək pulu aparırdılarsa, indi buna da imkan verilmir. Halbuki əvvəlki illərdə belə bir qadağa ilə qarşılaşmayıblar. Narazı balıqçılar həmçinin deyib ki, Nazirliyin bu qadağası anlaşılan deyil. Əgər belə bir qərar məhz balıqların kürütökməsi ilə əlaqədar verilibsə, həmin dövr çoxdan bitib.  

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundovun sözlərinə görə bu etirazlar sadəcə olaraq hay-küy məqsədi daşıyır:

“Balıq ovlamaq istəyənlər bu məsələnin elmi tərəfini bilmirlər. Qeyd edim ki, Xəzər dənizində balıq ovuna mayın 1-dən sentyabrın 1-dək qadağa qoyulub. Daxili sularda isə bu qadağa aprelin 1-dən etibarən həyata keçirilir. Əlavə olaraq onu da deyim ki, həvəskar balıqçılara mayın 1-dən iyunun 30-na qədər balıq ovuna məhdudiyyət qoyulub. Qadağa təkcə balıqların kürütökmə funksiyası ilə bağlı deyil. Balıqlar bioloji olaraq kürü tökür, yaranmış kürü bir müddət çayda inkubatorluq dövrünü keçir  və sürfələr müəyyən vaxtdan sonra Xəzər dənizinə düşür. Sürfələr orada böyüyür və bu müddət haradasa 2-3 ay davam edir. Əlbəttə ki, kürütökmə dövrü bitib. Əslindı bu qadağa kürütökmədən sonra körpə balıqların yaşamasını təmin etmək üçündür”.

Mehman Axundov qeyd edib ki, balıq ovuna qoyulan 4 aylıq qadağa Nazirlər Kabinetinin məlum qərarı ilə tənzimlənir, həmçinin beynəlxalq təcrübədə də bu var:

“Təsəvvür edin ki, körpə balıqlar mayın sonunda dənizə düşür və qidalanmağa başlayır. Bu balıqları isə qayıqla kütləvi surətdə ovlayırlar. Nəinki Azərbaycanda, bütün dünyada kürütökmədən sonra körpə balıqların böyüməsi, möhkəmlənməsi və qidalanma prosesinə keçməsi üçün müəyyən bir  vaxt verilir. Yalnız bu müddətdən sonra balıq ovuna imkan verilə bilər”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov isə bildirib ki, hökumətin bu məsələdə yeganə marağı biomüxtəlifliyi qorumaqdır:

“May və iyun balıq ovu üçün kritik aylardır. İyuldan isə həvəskar balıqçılara, yəni tilovla tutulan balıq ovuna qadağa qoyulmur. Sənaye məqsədilə tor atıb kütləvi balıq ovu ilə məşğul olanlara isə məhdudiyyət var. Balıqçıların özləri düşünməlidir ki, bəzi balıq növlərini ovlamaq olmaz, çünki elələri var ki, “Qırmızı Kitab”a düşə bilər. Ən azı nəvələrimizin o balıq növlərini görməsi üçün gəlirimizin az olmasına dözməliyik. Kütləvi surətdə və vəhşicəsinə balıqları ovlasaq, həmin növlər biomüxtəlifliyin siyahısından çıxacaq. Balıqçılar bu sahənin elmi əsaslandırmasını bilmir və elə zənn edirlər ki, dəniz dolu balıqdır. Biz hökumət olaraq konvensiyalara qoşuluruq, öhdəlik götürürük ki, biomüxtəlifliyimizi qoruyaq və tənzimləyici qərarları veririk. Onlar isə elə bilir ki, hökumət olaraq pislik etmək istəyirik”. 

Amin Məmmədov vurğulayıb ki, balıqçıların həmişə şikayəti şəxsi gəlirləri prizmasından olur:

“Hökumətin marağı biomüxtəlifliyi qorumaqdır ki, sabah konvensiya üzrə hesabat verəndə beynəlxalq təşkilatlar deməsin ki, niyə Xəzərdə və ya çaylarda bu növ balıqların itməsinin qarşısını almadız. Onu da deyim ki, haradan bilirik ki, həvəskar balıqçıların arxasında biznesmen sahibkarlar dayanmır? Əslində sahibkarlar həvəskarları qabağa buraxıb öz maraqları çərçivəsindən çıxış edirlər. Vətəndaş cəmiyyəti bu məsələlərdə də ehtiyatlı olmalıdır”. 

Məlumat üçün bildirək ki, “Balıqçılıq haqqında" Azərbaycan Respublikasının qanununda məqsədinə görə balıq ovunun bir neçə forması müəyyən olunur.

Bunlardan biri də qanunun 9-cu maddəsində nəzərdə tutulan balıq və digər su bioresurslarının sənaye, idman və həvəskar ovudur. İdman və həvəskar balıq ovu üçün balıqovlama bileti tələb olunmur. Qanunun 11-ci maddəsində deyilir:

Balıq və digər su bioresurslarının idman və həvəskar ovu insanların şəxsi ehtiyacları və istirahəti üçün ümumi istifadədə olan balıqçılıq su obyektlərində sərbəst ov etməsini nəzərdə tutur.

Həmin maddədə o da qeyd olunur ki, idman və həvəskar ovun həyata keçirilmə vaxtı, yeri, ovlanan balıq və digər su bioresurslarının miqdarı və ölçüləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada məhdudlaşdırıla bilər.

Ölkəmizdə həvəskar balıq ovu “Balıq və digər su bioresursları ovunun Qaydaları” Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq olunub. Nazirlər Kabinetinin 5 avqust 2022-ci il tarixli 283 saylı qərarı ilə “Balıq və digər su bioresursları ovunun Qaydaları”na 2 nömrəli əlavənin 5-ci maddəsi əlavə olunub. 
Xəzər dənizində, dənizə axan bütün çaylarda, Kür və Araz çayları ilə əlaqəsi olan su hövzələrində (çay qollarında, kanallarda və s.) 1 may- 30 iyun tarixlərində həvəskar balıq ovu qadağandır. Kür çayının Mingəçevir körpüsündən Varvara su anbarının sahillərinə qədər olan 10 kilometrlik hissəsində isə bu qadağa 1 apreldən qüvvəyə minib, 1 maydan isə bütün Kür çayını əhatə edib. Şabran limanını Xəzər dənizi ilə birləşdirən kanalın və onun mənsəbindəki hər iki tərəfə 1 km, dənizə doğru 2 km-lik ərazilərdə isə yanvarın 1-dən avqustun 15-dək həvəskar balıq ovu qadağandır.

Bu qadağanı pozan həvəskar balıq ovçularını hansı cəza gözləyir?

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1 maddəsində göstərilir ki, balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə fiziki şəxslər inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir.

Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır.

Alçina Amilqızı, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO