DTX Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Naxçıvanda silsilə tədbirlər keçirib - VİDEO

DTX Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Naxçıvanda silsilə tədbirlər keçirib - VİDEO

Hazırda oxunan: DTX Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Naxçıvanda silsilə tədbirlər keçirib - VİDEO

133139

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında silsilə tədbirlər təşkil olunub. 

DTX-dən Bizim.Media-ya verilən məlumata görə, tədbirlər çərçivəsində aprelin 24-də Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin bir qrup əməkdaşı Culfa rayonu ərazisində yerləşən Haçadağ zirvəsinə yürüş təşkil edib. 

Yürüş iştirakçıları qarşıya çıxan maneələri uğurla dəf edərək təyin olunmuş yerə vaxtında çatıb, orada Ulu Öndərin şəkli əks olunmuş plakatı və Azərbaycan Respublikasının Dövlət Bayrağını yerləşdiriblər.

Aprelin 26-da Naxçıvan şəhərində “Heydər Əliyev və təhlükəsizlik orqanları” adlı təntənəli tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları müasir Azərbaycanın banisi və qurucusu, Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, xatirəsinə ehtiramlarını bildiriblər. 

Sonra Heydər Əliyev Muzeyinə ekskursiya təşkil olunub. Burada qonaqlar dahi rəhbərin həyat və fəaliyyətini özündə əks etdirən fotostendlərlə və müxtəlif dəyərli eksponatlarla yaxından tanış olduqdan sonra tədbirin keçirildiyi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına gəliblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, DTX-nin rəhbər şəxsləri və əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, təhlükəsizlik orqanlarının veteranları, Vətən müharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən yolunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli qonaqları salamlayaraq, belə bir tədbirin Ulu Öndərin böyüyüb boya-başa çatdığı, doğma Naxçıvan şəhərində keçirilməsinin önəminə toxunub.

O, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ömür yoluna nəzər salaraq dahi şəxsiyyətin təhlükəsizlik orqanlarında fəaliyyəti və Azərbaycanın rəhbəri olaraq misilsiz xidmətləri barədə ətraflı məlumat verib, ölkəmizin milli tərəqqi strategiyasının əsasının məhz Heydər Əliyev tərəfindən qoyulmasından geniş söhbət açıb. 
Fuad Nəcəfli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və bu siyasət xəttinin ölkəmizin davamlı yüksəlişinə xidmət etdiyini xüsusi vurğulayıb.

Tədbirin mövzusu ilə bağlı digər natiqlər də çıxış edərək Ulu Öndərin təhlükəsizlik orqanlarında xidməti fəaliyyətinə məhz Naxçıvan şəhərində başladığını diqqətə çatdırıb və bildiriblər ki, Heydər Əliyev öz dəmir iradəsi, yenilməz əzmi, dərin biliyi, istedadı və bacarığı sayəsində vəzifə pillələrində inamla addımlayaraq təhlükəsizlik təsisatının rəhbəri vəzifəsinə qədər yüksəlməyi bacarmış və bu qurumun ilk azərbaycanlı generalı olub. 

Məruzəçilər Ulu Öndərin sözügedən təşkilata ən mühüm töhfəsi olan, keçən əsrin 50-ci illərinin əvvəllərindən başlanan bu orqanların milliləşdirilməsi prosesinin iştirakçısı və sonralar da birbaşa təşkilatçısı olduğunu özünün hər zaman qürur və böyük iftixar hissi ilə xatırladığını söyləyib, Heydər Əliyevin peşəkarlıq irsinin bundan sonra da layiqincə davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.
Sonda tədbir iştirakçıları təhlükəsizlik orqanlarının tarixindən və Heydər Əliyevin bu orqanlardakı fəaliyyətindən bəhs edən sənədli filmə tamaşa ediblər.

 













Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO