Əlilliyin müəyyənləşdirilməsinin yeni meyarları - Nazirlik nə hazırlayıb?

Əlilliyin müəyyənləşdirilməsinin yeni meyarları - Nazirlik nə hazırlayıb?

Hazırda oxunan: Əlilliyin müəyyənləşdirilməsinin yeni meyarları - Nazirlik nə hazırlayıb?

12344

Azərbaycanda əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya və əmək fəaliyyətinə davam etmək imkanlarının artırılması üçün əlilliyin müəyyənləşdirilməsinin yeni meyarları tətbiq olunacaq. 

Yeni meyarlar barədə münasibət öyrənməzdən əvvəl özü də hərəkət üçün təkərli oturacaqdan istifadə edən sosial məsələlər üzrə ekspert Sevda Səfərəliyeva ilə əlaqə saxladıq. 

Qiymətləndirmənin konkret olaraq necə olacağı barədə bir misal göstərilməlidir deyən ekspert bildirdi ki, meyarlar ancaq nazirliyə (ƏƏSMN) məlumdur.

"Bilirəm ki, inkişaf etmiş ölkələrdə əlillik fərdi yanaşmayla təyin olunur. Yaza bilmirsə, eşitmirsə, görmürsə, həmin şəxsin evinə gələrək onun həyatında hansısa məhdudiyyətlərin olmaması üçün uyğunlaşdırma aparırlar. Bunu edirlər ki, həmin insan müstəqil hərəkət edə bilsin".

Bununla da başqalarından asılılığın azaldığını deyən Sevda Səfərəliyeva bunun Azərbaycanda necə olacağını bilmədiyini vurğuladı. 

"BMT-nin də müvafiq konvensiyasına qoşulmuşuq, amma şəhərdə əlilliyi olan şəxslərin rahat hərəkəti üçün heç nə nəzərdə tutulmayıb. Bu standartlar olmayınca yeni meyarlara keçid bizə nə verəcək?"

Bu sualın ardında sosial məsələlər üzrə ekspert əlavə etdi ki, bəzi ölkələrdə görmə qabiliyyəti məhdud insanlar üçün bələdçi itlər hazırlanır. 

"Həmin bələdçi köpəklər insanın ikinci mənidir. Bizdə görməyən şəxsin küçədə tək hərəkət etdiyinin şahidi olmaq çətindir. ABŞ kimi ölkələrdə isə həmin adamlar bələdçi köpklərlə rahat hərəkət edirlər. Bizdə bələdçi itlərin yetişdirilməsi müzakirə mövzusu deyil, çünki onlar bahalı, xüsusi cins köpəklər olur".

Sevda Səfərəliyeva sonda vurğuladı ki, Azərbaycanın müvafiq qurumları xarici ölkələrə ayaq uydurmaq istəyirsə, belə şeylər də nəzərə alınmalıdır.

Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən məlumatda isə bildirilir ki, əlilliyin qiymətləndirilməsi üzrə yeni meyarlar “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna əsasən və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Avropa ölkələrinin standartları əsasında hazırlanıb və artıq Nazirlər Kabinetinə təqdim edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Amputasiya halında hansı əlillik dərəcələri təyin olunur? - Nazirlik AÇIQLADI - FOTO


Hazırda əlilliyin təyini zamanı xəstəliyin ağırlığı və onun nə dərəcədə məhdudiyyətlər yaratmasından asılı olmayaraq, eyni yanaşma tətbiq edilir.

Bununla da əlillik dərəcələri təyin olunur və əlillik qruplarına müvafiq olaraq müavinət ödənilir. 

Hazırlanmış yeni meyarlara əsasən isə əlillik orqanizmin öz funksiyalarını itirməsinin faiz qiymətləndirməsi əsasında təyin olunacaq. (Məsələn, I dərəcə əlilliyi olan şəxslər yeni yanaşma ilə artıq bu orqanizmin funksiyalarının itirilməsinin 80-100 faizi intervalında qiymətləndiriləcək). 

Orqanizmin funksiyalarının itirilməsinin nəticəsi kimi fəaliyyət qabiliyyətinin məhdudlaşması səviyyəsi müəyyən olunacaq. 

Belə ki, əlilliyin təyinatı ÜST standartlarında olduğu kimi, əsasən özünəqulluq, səmtlənmə, qidalanma, sərbəst hərəkət etmə və s. kimi həyat fəaliyyətinin əsas istiqamətlərinin məhdudiyyət dərəcəsi əsasında aparılacaq.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO