Gələcəyə baxış: ABŞ-Çin hərbi toqquşması

Gələcəyə baxış: ABŞ-Çin hərbi toqquşması

Hazırda oxunan: Gələcəyə baxış: ABŞ-Çin hərbi toqquşması

114582

2023-cü ilin yanvarında Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzi (CSİS) Çinin 2026-cı ildə Tayvana mümkün hücumuna və ABŞ-ın buna mümkün cavabına dair hesabat dərc etdi.

Hücumu modelləşdirən əksər ssenarilərin ilk 24 saatında ABŞ/Tayvan/Yaponiya Çinin hücumunu dəf edib, Tayvanın muxtar statusunu qorumuş olurlar. Lakin,  bu ssenarilərdə “qələbə” müttəfiqlərə baha başa gəlib, onlarla gəmi, yüzlərlə təyyarə, on minlərlə hərbçi itkisi və ABŞ-ın qlobal mövqeyinə uzunmüddətli zərbə ilə nəticələnmiş olur. Bunu qənaətbəxş saymayan CSİS ekspertləri Çinə qarşı çəkindirmə səylərinin artırılmasını vacib sayırlar. 

Bizim.Media xəbər verir ki, Cənubi Qafqaz Tədqiqatlar bürosu bununla bağlı araşdırma aparıb.

Bildirilib ki, analizin əsasını tarixi proseslər (Normandiya, Okinava və Folklend uğrunda döyüşlər) və tərəflərdə olan silahların (məsələn, hava limanlarının dağıdılması üçün zəruri olan ballistik raketlərin) nəzəri təhlili təşkil edir.

Çinin hücumu

Hesabata əsasən, hücum bombardımançı təyyarələr ilə ilk saatlarda Tayvanın hərbi dəniz və hava donanmasının böyük hissəsinin dağıdılması ilə başlayacaqdır. Daha sonra, Çinin hərbi dəniz qüvvələri Tayvanı mühasirəyə alıb, adaya kənardan istənilən müdaxilənin qabağını alacaqlar. Ardınca on minlərlə desant qüvvələr boğazı keçib Tayvana daxil olacaqlar.

ABŞ/Tayvan/Yaponiya

Çin Tayvanın hərbi dəniz və hava qüvvələrinə sarsıdıcı zərbə endirsə də, Tayvanın quru qoşunları Çinin desant qüvvələrinin adada möhkəmlənməsinə imkan verməyəcəklər. Tayvan quruda Çinə qarşı döyüşdüyü vaxtda ABŞ-ın sualtı qayıqları, bombardımançı və qırıcı təyyarələri + Yaponiyanın özünümüdafiə qüvvələri Çinin desant donanmasına zərbə endirəcək.

Çinin Yaponiyadakı hərbi bazalara və ABŞ gəmilərinə cavab zərbələri nəticəni dəyişməyəcək: Tayvan muxtariyyətini qoruyacaq. Bu ssenarinin praktikada uğurlu olması üçün əsas şərt – Tayvanın quruda Çinə müqavimət göstərməsidir. Əgər Tayvan ABŞ/Yaponiya qüvvələrinin gəlməsinə qədər məğlub/təslim olsa ABŞ-ın Tayvanı müdafiə cəhdi ona baha başa gələcək. 

Qələbənin şərtləri

- Tayvan müdafiə xəttini qorumalıdır. Tayvanın desant qoşunların hücumunu saxlaması, Çinin logistikasının ABŞ/Yaponiya tərəfindən dağıdılmasından sonra isə əks-hücuma keçməsi üçün Tayvanın quru qoşunlarını möhkəmləndirmək lazımdır.

- Ukrayna modeli Tayvana şamil edilməməlidir. ABŞ Rusiya-Ukrayna müharibəsi analogiyası ilə Tayvanı silahlandırıb, Pekinlə üz-üzə qoymamalıdır. Rusiyadan fərqli olaraq Çin Tayvanı mühasirəyə alıb, onu aylarla blokadada saxlaya bilər. 

- ABŞ Yaponiyadakı bazalarından yararlanmalıdır. Avstraliya, Cənubi Koreya kimi müttəfiqlər Çinə qarşı rəqib olsalar da, region ölkələri içərisində Tayvanın müdafiəsinin əsasını Yaponiya təşkil edir. Bu səbəbdən ABŞ Yaponiya ilə diplomatik-hərbi əlaqələrini intensivləşdirməlidir.

- ABŞ Çinin hərbi dəniz donanmasına tez və kütləvi zərbə endirmək iqtidarında olmalıdır. Bunun üçün gəmi əleyhinə uzaqmənzilli qanadlı raketlərin sayının artırılması məqsədəuyğundur. 

Strateji və doktrinal amillər

Nüvə müharibəsini qabaqlamaq və uğuru “Pirr qələbəsinə” çevirməmək üçün CSİS Çinin ərazisinə zərbələr endirməyi məntiqəuyğun saymır. Hesablamalara görə mümkün toqquşmanın ilk 3 həftəsində ABŞ 20 illik İraq-Əfqanıstan müharibələrində qarşılaşdığı ziyanın yarısını görəcəkdir. Buna rəğmən, ABŞ hərbi əməliyyatları nəyin bahasına olursa-olsun davam etdirəcəyini Çinə çatdırmalıdır. ABŞ Yaponiya və Quamda hərbi bazalarını möhkəmləndirməli və genişləndirməlidir.

Çinin hava hücumundan müdafiə sisteminin güclü olduğunu nəzərə alıb, Çin ərazisi üzərində uçuşların keçirilməsi məsləhət görülmür. Statistikaya görə təyyarə itkilərinin 90%-i yerdə olur.
Bu səbəbdən hərbi hava qüvvələrinin yerdə təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlərin görülməsi vacibdir. Simulyasiyalarda ABŞ Çin ilə toqquşmada 2 aviagəmi və 10-20 böyük hərbi gəmi itirir. Bunu nəzərə alaraq üstünlük kiçik, davamlı gəmilərə və sualtı qayıqlara verilməlidir. Çinə sarsıdıcı zərbə endirmək və itkiləri azaltmaq üçünsə üstünlük qırıcı təyyarələrə yox, uzaqməsafəli bombardımançı təyyarələrə və stels texnologiyası olmayan ucuz təyyarələrə verilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO