Kapitalist cəmiyyət azad və rahat yaşama şansını versə də amma gözlə görülə biləcək bəzi problemlərə də səbəbdir. Hazırda gündəlik həyat səviyyəsinin artırılması, yaxşı yaşamaq çox işləmək və çox məvacib qazanmaqdan asılıdır.
Əvvəllər ailədə bu öhdəliyi təkcə kişilər çiyinlərinə götürürdülərsə, indi qadınlar da “ailə yükü”nü paylaşır. Çox zaman isə buna məcbur qalırlar.
“Qurbanlıq” isə evdə qalan körpələrdir. Çünki onlar çox zaman dayə, baxıcı ümidinə qalmalı olurlar. Bunun ən azı ÜÇ FƏSADI var:
1. Körpəlikdən ana südündən ayrılma.
2. Dayələrin səviyyəsinə uyğun yanlış təlim.
3. Sevgisizlik və şiddət ehtimalı.
Sadalanan bu üç fəsadın nəticəsi kimi ən qorxulu proses bu zaman kəsiyində onların gələcəkdə şəxsiyyət kimi formalaşması üçün alt şüura ötürülən mesajlardır.
Psixoloq Cəmilə Rəhimli mövzu ilə bağlı Bizim.Media-ya açıqlaması zamanı bildirib ki, azyaşlının dayəyə tapşırılması birbaşa olaraq uşağın psixologiyasına hər hansı bir zərər verəcəyini tam şəkildə deyə bilmərik:
“Önəmli olan uşağın fiziki, həmçinin emosional ehtiyaclarının qarşılanması, sevgini, istiliyi hiss etdirməkdir. Bu ehtiyacları qarşılayan ana, ata da ola bilər və ya psixologiyada “ana” deyə nəzərdə tutduğumuz dayələr də ola bilər. Dayələr uşaqlara emosional bağı qura bilirsə, vaxtında fiziki ehtiyaclarını qarşılayırsa, göz təması qura bilirsə, uşağa bir zərəri dəyməz.
Amma belə bir sevgi verilmədiyi təqdirdə, yalnız uşağın fiziki ehtiyacları qarşılanırsa, bu əlbəttə ki, zərərlidir. Hətta bu kimi halları bəzən təkcə dayələr deyil, doğma valideynlər də yaşada bilər.
Bir çox tədqiqatlar da bunu təsdiqləyir ki, uşağa emosional ehtiyaclarının qarşılanması üçün sevgi, qayğı verilmədiyi təqdirdə onun zehni və fiziki inkişafına mənfi təsir edə, prosesi ləngidə bilər. Bundan əlavə, gələcəkdə uşağın empatiya qura bilməsinə, başqalarını anlamaqda, hislərini göstərə bilməkdə əngəllər yarada bilər. Depressiv hiss etməsinə və digər bu kimi psixoloji problemlərə səbəb ola bilər”, - deyə C.Rəhimli qeyd edib.
Amma digər mütəxəssislər isə körpələrin 3 yaşına qədər ana və ata qayğısına birbaşa olaraq ehtiyac duyduğunu qeyd edir. Əsas təməl 3 yaşına qədər qoyulur ki, bu da uşağın gələcəyini həll edir.
3 yaşdan sonra da dayə var deyə valideynlər bir kənara çəkilməməlidir. O diqqəti, qayğını, nəvazişi işdən gəlib göstərməlidirlər. Hətta diqqət etsək görərik ki, dövlət idarələrində də bu nəzərə alınıb analara uşağa baxmaq üçün 3 il icazə verilir. Bu həm psixoloji həm də maddi-mənəvi dəyərlərin ta körpəlikdən aşılanmasına təsir göstərən amildir.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:45 / 12.01.2023
Dayələrin uşaqları böyütməsi doğrudurmu? – FƏSADLAR
Hazırda oxunan: Dayələrin uşaqları böyütməsi doğrudurmu? – FƏSADLAR
Hazırda oxunan: Dayələrin uşaqları böyütməsi doğrudurmu? – FƏSADLAR
114246
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.