Qubada yeni tibb məntəqəsi açıldı - FOTO

Qubada yeni tibb məntəqəsi açıldı - FOTO

Hazırda oxunan: Qubada yeni tibb məntəqəsi açıldı - FOTO

111742

Qubanın Talabıqışlaq kəndində Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə yeni tibb məntəqəsinin açılışı olub.

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, açılış mərasimində Quba İH başçısı Ziyəddin Əliyev, Yaponiyanın Azərbaycandakı səfiri Vada Ciniçi, TƏBİB-in icraçı direktorunun müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd camaatı, benefisiar təşkilat olan Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək İctimai Birliyinin sədri Cavid Əliyev iştirak edib.

Quba İH başçısı Ziyəddin Əliyev çıxışında Yaponiya hökumətinin Azərbaycana müxtəlif sahələrdə göstərdiyi köməkliyə görə təşəkkür edib.

Onun sözlərinə görə, Yaponiya hökümətinin dəstəyi ilə reallaşan yeni tibb məntəqəsi Talabıqışlaq və daha 8 kəndin sakinlərinə nümunəvi tibbi xidmət göstərəcək.

TƏBİB-in icraçı direktorunun müavinləri Araz Nəsirov və Anar İsrafilov da yaponiyalı diplomata ölkəmizə göstərdiyi diqqətə görə minnətdarlıq ediblər. 

Yaponiyanın Azərbaycandakı səfiri Vada Ciniçi ölkəsinin Azərbaycanda həyata keçirdiyi layihələrdən danışıb. 

Səfirin məlumatına görə, "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində həyata keçirilən Quba rayonunun Talabıqışlaq kəndində tibb məntəqəsinin inşası layihəsi artıq hazırdır və bu gün kənd sakinlərinə təqdim olunub. 

Yaponiyanın Azərbaycandakı səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, bu layihənin məqsədi Quba rayonunun Talabıqışlaq kəndində ginekoloji otaq, təcili tibbi yardım otağı, vaksinasiya otağı, müalicə otağı və xəstə otağından ibarət tibb məntəqəsini inşa etməklə Talabıqışlaq kəndi və ətraf 8 kəndin (Xaruşa, Talabı, Küçeyi, Cağacuq, Toxmar, Aspərəsti, Mirzəqışlaq, Qorxmazoba kəndləri) əhalisinin sağlamlığının qorunmasına töhfə verməkdir.

Yaxın gələcəkdə Quba rayon Mərkəzi xəstəxanası tərəfindən bu tibb məntəqəsinə 2 həkim, 4 tibb bacısı, 1 mama -ginekoloq və 2 xadimə ştatının təyin edilməsi gözlənilir. 

İndiyə qədər Azərbaycanda "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində icra olunmuş layihələrin ümumi sayı 283 olmaqla, ümumi qrant məbləği 23,890,000 ABŞ dollarını keçib. 

Sonda Quba İH başçısı Ziyəddin Əliyev və Yaponiyanın Azərbaycandakı səfiri Vada Ciniçi və digər rəsmilər Qubanın Küçeyi kəndindəki qəzalı məktəb binasına baxış keçiriblər. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO