“Ömrümün sükut mərhələsindəyəm” – Səlim Babullaoğlu 

“Ömrümün sükut mərhələsindəyəm” – Səlim Babullaoğlu 

Hazırda oxunan: “Ömrümün sükut mərhələsindəyəm” – Səlim Babullaoğlu 

108889

Bu gün şair, tərcüməçi, esseist Səlim Babullaoğlunun yubileyidir. Onunla üzbəüz görüşüb söhbətləşməyi planlaşdırsam da, qismət olmadı. Şairlə söhbətimizi telefonla edəsi olduq. Bu müsahibədə elə ən çox özümü düşündürən sualları verdim. 

Beləliklə, Səlim Babullaoğlunun Bizim.Media-ya müsahibəsini təqdim edirik.

-  Səlim bəy, salam. Dünyanın bu qarışıq halında ömrün 50 ilini hansı əhval-ruhiyyədə yola salırsınız?

- Bütövlükdə əhval pis deyil, normaldır. Bir az yaşanan ömrün, görülən, görülməyən işlərin, yaşanan iztirabların və s. yorğunluğu var. Əgər konkret 50 yaşı soruşursunuzsa, 2022-ci ildə gördüyüm bəzi işlər olub. Özüm üçün onların hesabatını çək-çevir edirəm. Ümumilikdə, əhval-ruhiyyəm normal olsa da, bu günlərdə əhvalımı bir az xəstəlik korlayır. Belə ki, 4-5 gün əvvəl MDB ölkələri yazıçı və tərcüməçilərin forumunda idik. Hava çox soyuq idi. Moskvada 14 dərəcə şaxta var idi. Möhkəm soyuqlamışam, ona görə xəstəlik əhvalımı korlayır. İndi əhvalımı korlayan yeganə məqam budur. Hərçənd kim bilir, bəlkə elə bu da belə olmalıdır.



- Bəzilərinə görə yaş üstünə yaş gəlir, bunu qeyd etmək absurddur, bəzilərinə görə də geridə qalan hər yaş Tanrının qismətidir. Ona görə, yaşadığımız hər ili gülə-gülə yola salıb, yeni yaşın gəlişini qeyd etmək lazımdır. Bəs doğum gününün qeyd edilməsi barədə sizin düşüncələriniz necədir?

- Ağlım kəsəndən doğum gününü qeyd etmək kimi xüsusi arzum olmayıb. Hərçənd ki, hər doğum günü ürəyin istəyən adamlarla, yaxınlar, ailə üzvlərinlə bir süfrə arxasında oturmaq bir başqa cür sevindiricidir. Doğum günlərinin qeyd edilməsi də bunun üçün ən əlverişli bəhanədir.

Doğum günü praktikası çoxları kimi mənim həyatımda da ailədən gəlir. Uşaq vaxtı valideynlərimiz bizim doğum günümüzü qeyd edərdilər. Bu da həyatımızın sevincli anlarından biri idi. Amma 40 yaşdan sonra xüsusi olaraq doğum günü qeyd etmək həvəsi yoxdur. Hərçənd ki, anlayıram, dostlarla əyləşmək, onlarla ünsiyyətdə olmaq elə doğum günü səbəbi ilə lazımdır. 

- Yubileyinizi kimlərlə, necə qeyd edəcəksiniz? 

- Xüsusi 50 illik yubiley qeyd etmək fikrində deyiləm. Hərçənd ki, bir çox təkliflər var, amma hazırda xəstəlik səbəbi ilə yaxın günlərdə bunların heç biri olmayacaq. Olarsa da ən yaxın dostlar, onların ailə üzvləri və öz ailəm, iş yoldaşlarımdan bir neçəsi ilə nəsə etmiş olacağıq.

- Yaradıcı insanların dostu-tanışı çox olur. Kənardan göründüyü qədər sizi də sevənlər, yaxınınızda olan kifayət qədər insan var. Bəs könül dostunuz necə, belələri çoxdurmu? 

- Sözün böyük mənasında məni özünə dost hesab edən və mənim özümə dost hesab etdiyim adamlar çox deyilllər. Nədənsə mənə elə gəlir ki, elə belə də olmalıdır. Amma bir-iki dostum, bir neçə də olduqca xoş, mehriban, yaxın yoldaşlıq münasibətində olduğum insanlar var. 

- Vaxtilə yola çıxdıqlarınızdan kimlər ömrünüzün bu çağına qədər sizinlə gələ biliblər? 

- Yaxın qohumum var – Şahin. Onun atası Vaqif kişi ilə, mənim anam Sona xanım əmioğlu, əmiqızıdırlar. Allah onların hər ikisinə rəhmət etsin! Biz Şahinlə bir-birimizə əmioğlu deyə müraciət edirik. Uşaqlıq dostuyuq. 76-cı ildən üzü bu yana davam edən bir dostluq tarixçəmiz var. Bu gün çox şükür ki, o münasibət davam edir. Ailələrimizin də bir-biri ilə xoş münasibəti var.

Düzdür, arada Şahinin işi səbəbi ilə iki-üç il Bakıda olmayıb, münasibətlərimiz səngiyib. Amma həmişə bir-birimizdən xəbərimiz olub. Qədim dostlarımdan biri də teleaparıcı, rejissor Rafiq Həşimovdir. Biz Rafiqlə tanış olanda mənim natamam 18, onun da natamam 24 yaşı var idi.

Onunla da münasibətimiz çox şükür ki, bu gün də davam edir. İnşallah, Allah verdiyi ömür davam etdikcə bu dostluqlar da davam edəcək. 

Əlbəttə, ömrün başqa dövrlərində, xüsusilə də işgüzar mərhələlərdə tanıdığım, sevdiyim insanlar var. Onlarla dostluq, gözəl yoldaşlıq münasibətimiz var. Yəni belə... Mən sizə onların ən qədim ikisi haqqında danışdım. 

- Özünüzü bu gün yaradıcılığınızın hansı mərhələsində görürsünüz? Etmək istədiklərinizin nə qədərinə nail olmusunuz?  

- Yaradıcılığımın hansı mərhələsində olduğumu deyə bilmirəm, amma ömrümün daha çox sükut mərhələsindəyəm. Ona görə ki, indi məndə hansısa məsələ ilə bağlı heç vaxt bir cavab olmur, iki və daha çox cavab olur. Məsələn, adi bir məqamdır. Sosial şəbəkə platformalarında müxtəlif məsələlərlə bağlı postlar paylaşılır, müzakirələr aparılır, mübahisələr olur. Çalışıram ki, bu məsələlərə qarışmayım. Səmimi deyirəm, doğrunun, həqiqətin nə olduğunu əminliklə demək olmur. Ona görə, mən indi ömrümün sükut, yəqin elə yaradıcılığımın da sükut mərhələsindəyəm. Bunun nə qədər davam edəcəyi mənə məlum deyil. Özümü narahat hiss etmirəm. Düşünürəm ki, susmaq yalan danışmaqdan yaxşıdır. 



- Yaradıcı adamlar, adətən, plan, proqramla yaşayan olmurlar. Sizdə necədir? 

- Şəxsi yazılarımla bağlı heç vaxt plan qurmamışam. Hərçənd ki, yaradıcı prosesə aid olsa da, tərcümə, redaktə, nəşriyyat və s. məsələlərlə bağlı konkret qrafikam və planım olub. Başqa cür də ola bilməz. Amma şəxsi yaradıcılıq plana tabe olmayan məsələdir. O, impulsiv məsələdir, bir az metafizik hadisədir. Allahı güldürmək istəyirsənsə, planlarından danış...

- Belə bir deyim var: “Sən saydığını say, gör fələk nə sayır”.  Sizcə, qədərimizi özümüz yazırıq, yoxsa elə qurduğumuz plan-proqramların özü də bizi qədərə aparmaq üçündür? Ömrün bu çağında geri dönüb yaşananlara baxanda təcrübələrinizdən yola çıxaraq bu haqda düşüncələriniz də maraqlıdır. 

- Düşünürəm ki, ömrümüzdə baş verən bütün hadisələr sizin “qədər” dediyiniz nəsnənin içindədir. Sadəcə hansı mərtəbədən, hansı rakursdan baxmağımız, ömrümüzü necə qiymətləndirməyimiz önəmlidir. İnsanda bir az məğrurluq, bir az qürur kimi keyfiyyətlər və s. bunu anlamağa mane olsa da, axır-əvvəl bütün insanlar bunu başa düşür. Hər şey, udduğumuz hər hava, hər düşən yarpaq, hər yerə enən yağış damlası, hər baxış, hər düşüncə elə qədərin içindədir. Buna inanmaq olar, ya olmaz, bu, ayrı məsələdir. 

- Səlim bəy, cavabı sadə görünsə də, bir çox insan düşündürən bu suala sizdən də cavab almaq istəyirəm. Mütaliə üçün haradan başlamaq lazımdır? 

- Mütaliə üçün nağılllardan başlamaq lazımdır. Xalq nağıllarından, dastanlardan. Bütün kod, yaddaş oradadır. Sonrası isə məlumdur. Mərhələ-mərhələ milli və dünya ədəbiyyatı. 

- Bu, yubiley sualı olmasa da, istərdik, fürsət düşmüşkən elə buna da sizdən münasibət öyrənək. Yazıçılar Birliyi tez-tez müxtəlif aspektlərdən gündəmə gəlir, tənqid olunur.

“Yazıçılar Birliyinin olmağına gərək yoxdur” fikrini səsləndirənlər də az deyil. Siz necə düşünürsünüz, birliyin varlığını şərtləndirən amillər hansılardır? 

- Yazıçılar Birliyinin varlığını şərtləndirən birinci məsələ, elə Yazıçılar Birliyinin uzun illərdir, mövcud olmasıdır. Bir təşkilatın ki 90 yaşı var, 20-ci əsr Azərbaycan tarixi, milli ədəbiyyatımız üçün hansısa işlər görüb, o, niyə olmasın ki? 

Düşünürəm ki, Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Memarlar İttifaqı və s. olmalıdır və olacaqlar.

Bunlar həm Qərbi Avropa, həm Şərqi Avropa, postsovet ölkələrində var və olacaqlar da. Varlığının səbəbi isə aydındır – yaradıcı sahənin insanları ilə dövlət sturkturları arasında əlaqələndirici funksiya. Ümumiyyətlə, “lazımdır, yoxsa lazım deyil?” sualını qoymaq yaxşı məsələ deyil. Kimsə konkret desə ki, Yazıçılar Birliyi belə yox, elə, başqa cür işləməlidir, bəli, bu zaman konkret məsələlər üzərində, onların həlli istiqamətində müzakirə aparmaq, mübadilə etmək olar. Lazımdır, yoxsa lazım deyil demək isə əsassız və mənasız sözlərdir. Amma bu, qətiyyən o demək deyil ki, nəsə əbədidir. Ola bilər ki, sabah çox şey başqa cür olsun. Amma mənim fikrimcə, Yazıçılar Birliyi və bütün yaradıcı təşkilatlar olmalıdır. 

- Səlim bəy, siz həm də Yazıçılar Birliyində  Beynəlxalq məsələlər üzrə katib, Qəbul Komissiyasının sədrisiniz.  İnzibati işlərin yaradıcılığınıza hansısa formada təsiri olurmu? 

- Bəli, əlbəttə. Xüsusilə Qəbul Komissiyası və o istiqamətdə görülən işlər, üzləşdiyim məsələlər, problemlər məni hədsiz əsəbiləşdirir, narahat edir və dərindən təəssüfləndirir. İndi bəzi şeylər var ki, onları danışmaq, demək olmur, amma çox böyük dərin təəssüfləndirici məqamlar var. 

Bəli, yaradıcılığıma, xüsusilə mütaliəmə mane olur. İşlər səni yorğun salır. 

- İşlərinizdə və ədəbi fəaliyyətinizdə sizə uğurlar, cansağlığı diləyirik. Doğum gününüz mübarək olsun!  

- Mən də sizə və Bizim.Media ailəsinə təşəkkür edirəm! 

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO