Şuşaya gedən yolu bağlayan komandir: “Yolu bağlayıb düşmənin təminatını kəsdik” - FOTO

Şuşaya gedən yolu bağlayan komandir: “Yolu bağlayıb düşmənin təminatını kəsdik” - FOTO

Hazırda oxunan: Şuşaya gedən yolu bağlayan komandir: “Yolu bağlayıb düşmənin təminatını kəsdik” - FOTO

106058

Azərbaycanın parlaq Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi bir çox özəllikləri ilə tarixin yaddaşlarına həkk olundu. Şəhid, qazi və digər iştirakçıları ilə dünya azərbaycanlıların nə qədər cəsur, igid, vətənpərvər, qəhrəman xalq olduğunun şahidi oldu.

Təbii ki, hərbçilərimizin döyüş meydanlarında göstərdikləri şücaət və qəhrəmanlıq heç bir milli mənsubiyyət fərqi qoyulmadan dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Belə igid oğullardan biri də Balakən rayonundan milliyyətcə avar olan Hudulov Ramazan İzzət oğludur.
İnanılmaz döyüş tapşırığını yerinə yetirən Vətən Müharibəsi Qəhrəmanı Ramazan Hudulovun doğum günüdür.

Ramazan Hudulov 1994-cü ildə Balakən rayonunun Qaysa kəndində dünyaya gəlib.

Meşəşambul kənd orta məktəbini bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2016-cı ildə məktəbi bitirərək Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə zabit kimi xidmətə başlayıb.

Ali hərbi məktəbdə oxuyan zaman yalnız bir amalı olub...

Bizim.Media-nın əməkdaşı ilə söhbətində “Necə oldu ki, hərbini seçdin” sualına Vətən Müharibəsi Qəhrəmanı belə cavab verib:

“Mən uşaqkən telekanallarda tez-tez I Qarabağ müharibəsi zamanı ermənilərin etdikləri vəhşiliklərə, Xocalıda xalqımıza qarşı törədilən cinayətlərə baxırdım. O zamandan içimdə ermənilərdən qisas almaq, torpaqlarımızı işğaldan azad etmək hissi var idi. Məni hərbçi olmağa sövq edən də məhz soydaşlarımıza qarşı edilən vəhşiliklər idi”.

44 günlük Vətən Müharibəsində şanlı döyüş yolu keçən Ramazan Hudulov müharibədə qırılma anı sayılan, düşmənin təminat yollarını bağlayan döyüşçü kimi adını tarixə yazdırıb. Həmin əməliyyatı o, belə xatırlayır:

“Ümumiyyətlə, bu əməliyyatın Şuşanın azad edilməsində əhəmiyyəti çox böyük idi. Çünki biz Daşaltı ətrafında olarkən düşmən tərəfi bütün diqqətini bizə çəkmişdi. Buna görə də, bizim Xüsusi Təyinatlı Qüvvələrimiz düşmənin arxasından hərəkət edərək Xankəndidən Şuşaya giriş yolunu bağlamağa nail olmuşdu. Bu xəbərləri bizə əməliyyat tapşırığı verən komandirlər deyirdi.

Eyni vaxtda bizdə Laçından Şuşaya giriş yolunu bağlamışdıq. Düşmən artıq mühasirədə olduğunu görüncə təlaş içində silah-sursatını ataraq canını qurtarmaq üçün qaçmağa məcbur olmuşdu”.

Dünya Azərbaycanın nəyə qadir olduğunu gördü...

Döyüşlərdə şəhid olan əsgər və zabit yoldaşlarının qəhrəmanlığını ehtiramla yad edən Ramazan Hudulov şəhid analarını da unutmur:

“Şəhid anaları qarşısında baş əyir, qazilərə tezliklə şəfa tapmalarını diləyirəm. Cənab Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkür edirəm ki, bizlər üçün belə bir şərait yaratdı və Azərbaycan Ordusu 30 illik Qarabağ problemini həll etdi, dünya Azərbaycanın nəyə qadir olduğunu gördü”.
Qeyd edək ki, Vətən müharibəsində qələbəmizdən sonra cənab Ali Baş Komandanın 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Laçın dəhlizinin işğalçılardan azad edilməsi və Ermənistan tərəfinin təminat yolunun kəsilməsində fəal iştirak etdiyinə görə kapitan Ramazan Hudulovu “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüb. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu










© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO