Şabranın Gəndab kəndində "Şəhidlər bağı"nın təməli qoyulub. Vətən Müharibəsində 1, ümumilikdə Qarabağ münaqişəsində 9 şəhid vermiş bu qədim kəndin sakinləri, fəalları, vətənpərvər gəncləri Bakı-Quba yolunun Şabranın Gəndab kəndindən keçən hissəsində yaradılmaqda olan "Şəhidlər bağı"na yığışıblar.
Bizim.Media xəbər verir ki, burada kəndin Vətən Müharibəsi şəhidi Fətullah Siracovun və diğər 8 şəhidinin, general-mayor, Azərbaycanın Milli,Qəhrəmanı Polad Həşimovun, 1-ci Qarabağ şəhidi, Azərbaycanın Milli Qəhrəmanı tankçı Albert Aqarunovun, Aprel şəhidi Mühid Orucovun, Qubadan olan Vətən Müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin və rayonun Rəhimli kəndindən olan Vətən Müharibəsi şəhidi Daşqın və onun əmioğlusu,1993-cü ildə Birinci Qarabağ Müharibəsində itkin düşmüş Coşqun Quliyevlərin portretləri asılıb.
Burada şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Zəfər gününün tarixindən danışılıb, bu yolda xalq-dövlət, Ordu birliyindən söz açılıb.
Gəndab kəndindən olan Birinci Qarabağ Müharibədi veteranı Rəşad Heydərov Bizim.Media-ya məlumat verib ki, "Bu bağı şəhidlərimizin xatirəsinə həsr etmişik.
İstədik ki, Zəfər Gününə tam hazır olmasa da şəhidlərimizin adına bu portretləri hazır edək. Bağda işlər davam edəcək. Bu işdə bizə kənd bələdiyyəsi, fəal gənclərimiz, şəhid ailələrimiz, veteranlarımız kömək edib”.
Sonra Gəndab kəndinin fəalları və veteranlar Şabran Şəhidlər Xiyabanına qədər avtoyürüş ediblər. Xiyabanda şəhidlərin xatirəsi anılıb, abidə önünə tər güllər qoyulub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu