Yardımlı rayonunda qadının qətlə yetirməkdə ittiham olunan 1985-ci il təvəllüdlü Firqət Məstiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Cəlil Nəbiyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, bu il iyulun 6-da Yardımlı rayonu, Ostair kənd sakini, 1962-ci il təvəllüdlü Gülxar Məmmədova yaşadığı evin həyətyanı sahəsində yerləşən ərzaq mağazasında qətlə yetirilib.
Aparılmış araşdırmalarla onu həmkəndlisi, 1985-ci il təvəllüdlü Firqət Məstiyev tərəfindən qətlə yetirilməsi müəyyən olunub. O, Gülxar Məmmədovaya məxsus ərzaq mağazasına gəlib və əlindəki balta ilə onun baş və boyun nahiyələrinə xəsarətlər yetirərək öldürüb.
Firqət Məstiyevin kənddə tüfeyli həyat tərzi sürdüyü və narkotik spirtli içki aludəçisi olduğu deyilir. Elə hadisə də həmin şəxsin Gülxar Məmmədovadan siqaret almaq istəməsi üstündə baş verib.
Hadisə baş verən gün kənddə toy məclisi varmış. Firqət Məstiyev sərxoş vəziyyətdə dükana gələrək siqaret istəyib. Mərhum isə ona nisyə mal verilmədiyini və mağazaya borclu olduğunu xatırladıb. Bundan sonra Firqət Məstiyev dükandan çıxıb.
Daha sonra Gülxar Məmmədova oğlu və gəlnini yaxınlıqdakı toy mərasiminə göndərib. Firqət Məstiyev isə bundan istifadə edərək əlində balta ilə geri qayıdıb və qadını baltalayıb. Hadisəni törətdikdən sonra isə dükanın qapısını bağlayaraq elektrik naqillərini qırıb.
Qadının meyitini dükana su almağa gələn yeniyetmələrdən biri görüb. Bundan sonra toy mərasimində iştirak edənlərə xəbər verib və məclis yarımçıq dayandırılıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin üstünü açıblar. Cinayəti törədən Firqət Məstiyev həbs edilib.
Qeyd edək ki, hadisəni törədən Firqət Təvəkkül oğlu Məstiyev subay olub.
İstintaq orqanı tərəfindən Firqət Məstiyevin barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Eldar Məmmədli, Bizim.Media