Pənah Hüseyn Milli Şuradan danışdı ”“ Qalmaqal yenidən başlayır

Pənah Hüseyn Milli Şuradan danışdı ”“ Qalmaqal yenidən başlayır

Hazırda oxunan: Pənah Hüseyn Milli Şuradan danışdı ”“ Qalmaqal yenidən başlayır

49320

“Yeni Müsavat” qəzetinin müxbiri AXP lideri Pənah Hüseyndən Azərbaycanın siyasi müxalifətinin problemləri barədə müsahibə alıb. Həmin müsahibəni təqdim edirik.

 - Pənah bəy, KİV- də təsisçilərindən olduğunuz Milli Strateji düşüncə Mərkəzinin növbəti tədbirlərindən birinin keçirilməsi barədə ümumi məlumat keçdi. Lakin  müzakirənin məzmunu haqqında  konkret informasiya verilmədi. Deməyə sözünüzmü yoxdur, ya belə məxfiliyin səbəbi nədir?

 - Burda daha çox məxfilikdən yox, mətbuata məhdud çıxışdan söhbət gedə bilər.  Mətbuata qapalılığın məqsədi də müzakirələrin  səmərəliliyini  təmin etməkdir.  Bəziləri də, əsasən ekspertlər sırasından, müzakirələrdə iştiraklarının və fikirlərinin mətbuatda açıqlanmasını istəmirlər. Nəzərə almaq lazım gəlir.   Bilirsiniz ki,  MSDM-in  təsis protokolu və Məsləhət Heyətinin tərkibi iyunun 13- də  razılaşdırılmışdı və yalnız ayın 19- da  elan edilmişdi...

“Professor Cəmil Həsənli  müxalifətin və demokratik düşərgənin strateji maraq və mənafeləri, o cümlədən birliyi baxımından Milli Şuranın gələcəyi, rolu və perspektivləri haqqında ciddi düşünməlidir” 


- Yeri gəlmişkən, bu qədər ləngiməyə xüsusi bir səbəb vardı, yoxsa texniki səbəblə bağlı olub?

 - Xüsusi səbəb o idi ki, təsisçilərdən biri bir həftə vaxt xahiş etmişdi ki, tərkiblə və təsis protokolunda prosedur müddəaları ilə bağlı dəqiqləşmələr ola bilər. Bir həftə keçdi, dəqiqləşmələr daxil olmadı və MSDM elan edildi. Bu  zaman nəzərə alındı ki, dəyişiklikləri hər zaman etmək olar.  Bu bir  prosesdir. Onsuz da Düşüncə Mərkəzinin statusu, rolu və vəzifələri, perspektivlərinə yanaşmalarda təsisçilər arasında    ciddi sayılacaq dərəcədə fərqlər olub və indi də var. Bu fərqlilik tədricən işin gedişində aradan qalxa bilər.  

 - Dediniz ki, sizin ciddi saydığınız fikir ayrılıqları var?  Xahiş edirəm konkretləşdirəsiniz.

 - “Düşüncə Mərkəzinə yanaşmada fərqliliklər var” kimi ifadə edilsə daha dəqiq olar. Buna da təbii baxmaq lazımdır. Biz bir tərəfdən Təsis Bəyanatında ifadə edildiyi kimi, məqsədi Azərbaycan cəmiyyətinin və dövlətinin mövcudluq və inkişaf strategiyası, demokratikləşmə və çağdaş siyasi mədəniyyətin formalaşması prosesləri sahəsində nəzəri və praktik tədqiqatlar aparmaq,  konsepsiyalar, doktrinalar, analitik materiallar hazırlamaq olan ənənəvi araşdırma, beyin mərkəzləri tipində bir təsisat, müəssisə, qurum yaradılmasını ; həm də bunları ictimai müzakirəyə çıxarmaq, ayrı ”“ ayrı məsələlərə münasibət ifadə etmək yolu ilə ictimai rəyi yönləndirmək, demokratik düşərgənin  intellektual potensial və səylərini əlaqələndirmək və təşkilatlandırmaq kimi beyin mərkəzləri üçün o qədər də spesifik olmayan vəzifələri qarşıya qoyuruq. Eyni zamanda,   bu prosesdə analitiklərlə yanaşı, fəaliyyətdə olan tanınmış siyasətçilər, ictimai xadimlər iştirak edirlər. Əslində bu Azərbaycan üçün yeni olan, müsbət hadisədir, lakin MSDM- in mahiyyətini başa düşməkdə çətinlik törədir. Dərhal bu qurumun  müxalifətin növbəti birlik formatlarından biri kimi qavranılması hadisəsi baş verir. Bilirsiniz ki, həm  daxili həm də xarici ictimai  rəydə, o cümlədən demokratik düşərgədə  Azərbaycan müxalifətiinn birliyi kimi formulə edilən  problem-  sifariş mövcuddur. Bu istiqamətdə yeni- yeni axtarışlar aparılır,  səylər göstərilir.  MSDM- ə bu baxımdan, Milli Şura təcrübəsinin müxalifətin iqtidara gəlməsini təmin etmə mənasında uğursuzluğundan və seçkilərdən sonra məruz qaldığı böhrandan sonra   yaranan indiki siyasi situasiyada    yeni, əlverişli, alternativ model  kimi baxılması və istifadə edilməsi cəhdləri bu baxımdan gözləniləndir. Lakin  problemlər yaradır. 

“Milli Şura təcrübədə ideoloji platforması və  geosiyasi meylləri müxtəlif olan qüvvələrin  bir təşkilat şəklində (üzvlük, lider, səs çoxluğu ilə qərar qəbul etmə və s.) əməkdaşlığının qüsurlu və zərərli  olduğunu ortaya qoyub”


- Milli Şura təcrübəsinin uğursuzluğunu müxalifətin hakimiyyətə gəlməsini təmin etmə baxımından qeyd etdiniz. Bəs, bu təcrübəni ümumiyyətlə dəyərləndirə bilərsinizmi?

- Bu məsələni mürəkkəbləşdirən cəhət  ondan ibarətdir ki, iqtidar da, əsasən geosiyasi xarakterli nüanslar üzündən  Milli Şuranın səhnədən çıxmasında maraqlı görünür.  İqtidar  bir şeyə qarşıdırsa bu müxalifətin xeyrinədir, yaxud iqtidar bir şeyi istəyirsə bu müxalifətin əleyhinədir məntiqi demokratik düşərgədə Milli Şura ilə bağlı gerçəkliyi   görüb qəbul etməyə, faydalı diskussiyaya  mane olur. İlk dövrdə milli demokratik qüvvələrin əksəriyyətinin birmənalı dəstəklədiyi,  şəxsən özümün də təqdir etdiyim Milli Şura ideyası   ”“ İctimai Palata ilə Ziyalılar Forumunun siyasi əməkdaşlığı,  Rüstəm İbrahimbəyovun şəxsində ziyalı elitasına daxil olan bir şəxsin demokratik qüvvələrin liderliyinə gəlməsi əhəmiyyətli canlanmaya və əsassız olmayan ümidlərə səbəb olsa da,   son nəticədə müxalifətin xeyrinə işləmədi.    Milli Şuranın yaradılması prosesi milli demokratik  müxalifətin   liderləri (Müsavat və AXCP- rəhbərlərinin şəxsində)  onlara qarşı opponentləri və demoqojik ictimai rəy tərəfindən göstərilən təzyiq, irəli sürülən  ittihamlar, geosiyasi vəsvəsələr,  qarşısında ardıcıl olaraq, addım- addım, bir sıra prinsipial siyasi,  və ideoloji mövqelərdən geri çəkilməsi ilə müşayiət olundu. Milli Şuranın yaradılmasının son mərhələsində   -  2013- cü ilin  mayın 28- də isə faktiki olaraq, opponentlərinə və demoqojik ictimai rəyə  təslim oldular. Prosesdə Milli demokratik müxalifətin və onun platformasının aparıcı, lider mövqeyi əldən verildi. Cəmiyyətin alt qatlarında  hakimiyyət dəyişikliyi ilə bağlı demokratik qüvvələrin xeyrinə olmayan tendensiyalar vüsət aldı. Mən indi ona görə bunu söyləyirəm ki, hələ o vaxt, həmin ərəfədə İctimai Palatanın sessiyasında bu barədə çıxış edib mövqeyimi açıq bildirmişəm. Habelə 28 mayda M. Ə. Rəsulzadənin abidəsi önündəki mitinqdə, liderləri mühasirəyə alıb Milli Şura burda elan edilənə qədər buraxmayaq çağırışım da bununla bağlı idi.  Milli demokratik düşərgə o vaxtkı konyukturda yol verdiyi təslimiyyətin neqativləri ilə hələ uzun müddət üzləşəcəkdir.  Güzəştlərin, kompromislərin əvəzində   avtoritarizmə qarşı və demokratiya uğrunda yaranacağı ehtimal olunan ümummilli  birlik meydana gəlmədi, hakimiyyət əldə olunmadı. Seçkilər başa çatmamış dərin çatlar göründü. 


“Ayrılıqda, yoxsa birlikdə” dilemması “ayrılıqda və birlikdə” şəklində həll edilir”


2013- cü il seçkilərində Milli Şuranın prezidentliyə   namizədi  kimi iştirak etmiş  professor Cəmil Həsənlinin  uğurunu, bir siyasi tarix yazmasını, bu kampaniyada əmək sərf etmiş, fədakarlıq göstərmiş ayrı ”“ ayrı təşkilatların və şəxslərin rolunu inkar etməyərək;  onun Milli Şuranın namizədi olmasından daha artıq şəxsi intellektual səviyyəsi, siyasi hazırlığı, iradi və mənəvi  keyfiyyətləri ilə şərtlənən müstəqil fenomen olması ilə bağlı olduğu qənaətimi  də qeyd etmək istəyirəm. Yekun dəyərləndirmə üçün mövcud duruma göz atmaq kifayətdir.  Son illərin ən ciddi hadisələrindən olan Ziyalılar Forumu faktiki olaraq dağılıb, digər funksiyaları ilə yanaşı, əsas siyasi müxalifət partiyaları Müsavat və AXCP- nin əməkdaşlıq mexanizmi rolunu oynayan İP- in fəaliyyətinə  son verilib. Maraqlı ideyalardan olan “EL” birliyi davamlı böhran zolağına düşüb. Milli Şurada qalmaqda davam edən siyasi partiyaların, eləcə də digərlərinin fəaliyyəti durğunluq vəziyyətindədir.  Problemi dərinləşdirən ciddi  amil milli demokrat qüvvələrin əsas subyekt olduqları sistemə Rusiya amilinin qarışması və bununla bağlı yaşanan siyasi- psixoloji fəsadların davam etməsidir.  “A” deyib “B”- ni də demək lazımdır. Azərbaycanın real müxalifətinin, demokratik düşərgənin əhəmiyyətli bir hissəsinin bu gün fəaliyyət göstərən yeganə geniş birlik formatı  olan  Milli Şurada fəaliyyət göstərən qüvvələrin və şəxslərin mütləq əksəriyyətinin və onun sədri professor Cəmil Həsənlinin  ölkədəki antidemokratik rejimə qarşı prinsipial mübarizəsi ətrafında şübhə yaratmaq istəməyərək,  hesab edirəm ki, onların  müxalifətin və demokratik düşərgənin strateji maraq və mənafeləri, o cümlədən birliyi baxımından Milli Şuranın gələcəyi, rolu və perspektivləri haqqında ciddi düşünmələrinə ehtiyac vardır. Böyük ehtimalla düşünürlər də. Milli Şura təcrübədə ideoloji platforması və geosiyasi meylləri müxtəlif olan qüvvələrin  bir təşkilat şəklində (üzvlük, lider, səs çoxluğu ilə qərar qəbul etmə və s.) əməkdaşlığının qüsurlu və zərərli  olduğunu ortaya qoyub. Açıq deyim ki, sizin Milli Şura barədəki sualınıza həm də ona görə bu qədər geniş cavab verdim ki, bu təcrübə mənim müxalifətin birliyi məsələsinə, o cümlədən Milli Strateji Düşüncə Mərkəzinə  yanaşmamın müəyyən edilməsində olduqca mühüm rol oynayır.   

“Müsavat başqanı İsa Qəmbəri siyasi lider,  Müsavat ideologiyasını ( Rəsulzadə  - Elçibəy platforması) ideoloji platforma kimi qəbul edən siyasi partiyalar və fərdlər “Müsavat” adlı siyasi   blok şəklində birləşdiklərini və bu birliyin dayanıqlığının təminatı və   cazibə mənbəyi olaraq  2015- ci il parlament seçkilərində Müsavat Partiyasının siyahısı ilə    iştirak edəcəklərini bəyan edirlər”


- Müxalifətin son 20 ildə ən müxtəlif konfiqurasiyalarda birlik formatlarının yaradılmasının ( Demkonqres, SİDSUH, “Bizim Azərbaycan”, “Azadlıq”, Milli Şura və s.) hakimiyyətə  gəlmək baxımından qəti uğura səbəb olmaması  Milli Şura təcrübəsi də nəzərə alınaraq, hazırkı durumda müxalifət birliyi ideyasına münasibət  hansı istiqamətdə dəyişmişdir? 

-  Müşahidə göstərir ki, birləşmə təcrübələrinin hakimiyyətə gəlməyi təmin etmə mənasında  uğur qazandırmamasına baxmayaraq  müxalifətin birliyi daxili  ictimai  rəydə  və müxalifət tabanında  üstün ideya olaraq qalmaqda davam edir. Azərbaycan siyasi proseslərində təsir faktorlarından olan xarici qüvvələrin rəy, təklif və tövsiyələrində, müxalifətə yönəlik siyasətin müəyyənləşdirilməsində də bu məsələ aparıcı yer tutur. Son onillikdə zaman- zaman irəli sürülən müxalifətin  xalqla bütünləşməsinin, müxalifətin bir ”“ biri ilə birləşməsindən daha mühüm və səmərəli olması tezisi nəzəri baxımdan doğru və cəlbedici görünsə də, praktikada gerçəkləşdiriliə bilmir.  Müxalifətin xalqla birliyinin müxalifətin bir- biri ilə birləşməsindən keçdiyi qənaəti  bunun əksi istiqamətində ciddi  dəyişikliyə uğramır. Bu da faktdır ki, müxalifət həmişə birlikdə olanda  parçalanmış vəziyyətdə olduğundan daha güclü, proseslərə təsiri, siyasi çəkisi və nüfuzu daha böyük olmuşdur. Birləşmə ideyası o qədər mübahisəsiz və apriori doğru qəbul edilir ki, o, alternativsiz görünür. 


İqtidar  bir şeyə qarşıdırsa bu müxalifətin xeyrinədir, yaxud iqtidar bir şeyi istəyirsə bu müxalifətin əleyhinədir məntiqi demokratik düşərgədə Milli Şura ilə bağlı gerçəkliyi   görüb qəbul etməyə, faydalı diskussiyaya  mane olur 



- Nə etməli?

- Mən belə düşünürəm ki, bəlkə sualı belə qoyaq ki, nə etməməli? Məncə cavab ondan ibarətdir ki,  ideoloji platformaları və geosiyasi meylləri  fərqli olan qüvvələrin  təşkilat tipli (üzvlük, xüsusilə fərdi üzvlük, səs çoxluğu ilə qərarlar qəbul edilməsi və s.) birliklərinin yaradılmasına gedilməməlidir.  Təşkilat tipli birliklərin yaradılmasına müstəsna hallarda,  ideoloji və geosiyasi orientasiyası üst- üstə düşən qüvvələr çərçivəsində getmək olar. Mən bizdə bu tipli birliklərin də təcrübəsindən çıxış edərək təşkilat tipli birliklərin yaradılması zamanı həmin birliyin vahid liderinin də olmasını mühüm element hesab edirəm.   Eyni zamanda  bu yanaşma    geniş tərkibli  funksional əməkdaşlığı, funksional birlikləri istisna etmir.   Beləlikə “ayrılıqda, yoxsa birlikdə” dilemması “ayrılıqda və birlikdə” şəklində həll edilir. 

- Xeyli  mücərrəd və sxematik  oldu. Qəbul edirsinizmi  ki, bu səbəbdən geniş oxucu kütləsinə belə cavab maraqsız, hətta açıq danışsaq, hansısa alt niyyətləri gizləmək cəhdi kimi görünə bilər? 

 -  Bu xəttin nə demək olduğunu   hələ keçən il, prezident seçkilərindən sonra İsa Qəmbərin şəxsində  Müsavat Partiyası rəhbərliyinə təklif etdiyim layihə nümunəsində izah edə bilərəm.  Layihə ondan ibarət idi ki, Müsavat başqanı İsa Qəmbəri siyasi lider,  Müsavat ideologiyasını ( Rəsulzadə  - Elçibəy platforması) ideoloji platforma kimi qəbul edən siyasi partiyalar və fərdlər “Müsavat” adlı siyasi   blok şəklində birləşdiklərini və bu birliyin dayanıqlığının təminatı və   cazibə mənbəyi olaraq  2015- ci il parlament seçkilərində Müsavat Partiyasının siyahısı ilə    iştirak edəcəklərini bəyan edirlər.  Qalan məsələlərdə isə radikal, yaxud yumşaq, solçu və ya sağçı, mühafizəkar və ya liberal, dinçi və ya dünyəvi və s. olmalarından asılı olmayaraq, bütün digər siyasi qüvvələrlə funksional əməkdaşlıq edilir. Aydındır ki, situasiyadan asılı olaraq seçkilərdə iştirak edib etməmək probleminin necə həll ediləcəyi,  müxalifətin daha geniş tərkibi ilə seçki bloku yaradılacağı kimi məsələlər  nəzəri olaraq  gündəmdə qalır. Bu model müxalifətin bir partiyalı siyasi güc mərkəzi adlandırıla bilər. Mənim bu təklifim o vaxt  bəyənilib qəbul edilmədi. 

-  Sizcə niyə qəbul edilmədi?

- Ehtimal edirəm ki, bu birliyə ən azı ilkin dövrdə qoşulanların Müsavata və İsa Qəmbərə güc qatma əmsalı (o cümlədən siyasi vitrin problemi) götür -  qoy edilərək effektiv sayılmayıb.  Effektivliyi şübhəli olan əlavə təşkilat və şəxslərin faydalı olmaqdan  daha çox problem yaradacağı (məsələn parlament seçkilərində siyahıda yer və dairə davası döyəcəkləri,   siyahıdan Müsavat Partiyası üzvlərinin deyil, başqa şəxslərin mandat ala biləcəyi   kimi) mülahizələr nəzərə alınıb. Təkrar edirəm ki, bunlar sadəcə mənim ehtimallarımdır. Daha ciddi səbəblərin olmasını da istisna etmirəm. Prinsipcə, Müsavat Partiyasının yalnız öz resursları ilə, kənardan heç kəsi cəlb etməyərək xalis “bir partiyalı siyasi güc mərkəzi”  kursu aparması variantlardan biridir. Lakin bu kursun uğur qazanması üçün ilk öncə o, ideya olaraq mütləq açıq bəyan edilib ictimailəşməlidir ki, maddi siyasi qüvvəyə çevrilə bilsin.  Bu məsələnin başqa ciddi problemləri də var ki, burda onlar üzərində geniş dayanmaq istəmirəm.  Çoxpartiyalı siyasi güc mərkəzləri mənim təsəvvürümə görə  funksional birliklər kimi yaradılmalı, təşkilat əlamətlərinə mümkün qədər malik olmamalıdırlar.  Bu halda da MSDM  özünü xalis beyin mərkəzi fəaliyyəti ilə yanaşı, keçici olaraq  düşərgənin geniş tərkibli funksional birliyi istiqamətində tranzit  rolunu da oynaya bilər. Ümumiyyətlə mən müzakirələrdə  MSDM- in siyasi  tranzit  funksiyası üzərində geniş dayanmağı xoşlamıram. Çünki çətin başa düşülür və fikirləri  yanlış  istiqamətlərə  yayındırır. Lakin diskussiyalar zamanı məcburən buna diqqət cəlb etmək lazım gəlir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO