Ukraynanın “TSN” portalının əməkdaşı Dmitri Svyatnenko Parisdə Rusiya Prezidenti Vladimir Putinin nikahdankənar qızı olduğu iddia edilən Yelizaveta (Luiza) Krivonoqixi tapdığını bildirib.
Bizim.Media xəbər verir ki, o, qızla Parisdə kiçik rəsm qalereyalarında
qarşılaşıb və ona bir neçə sual ünvanlayıb.
Yelizaveta kiçik rəsm qalereyasından çıxdıqda jurnalist yaxınlaşaraq salamlaşıb, Ukraynadan olduğunu bildirib və Lizaya bir neçə sualının olduğunu deyib.
Çəkiliş zamanı baş verən söhbətin əvvəlində qız dərhal çəkilişlərə icazə vermədiyini bildirib və suallara cavab vermək istəməyib.
“Üç həftə əvvəl sizin atanız mənim qardaşımı öldürdü, siz Avropada necə yaşayırsınız? Hazırda Kiyevdə işıq yoxdur və bu saniyələrdə hava hücumu ilə bağlı həyəcan siqnalı verilir. Biz də buna icazə verməmişdik”, - deyə Svyatnenko qeyd edib.
Bunun ardınca, jurnalist Yelizavetaya Putinin siyasətinə necə yanaşdığını, onu dəstəkləyib-dəstəkləmədiyi ilə bağlı suallar verib. O isə cavabında məsələ ilə nə əlaqəsinin olduğunu soruşub.
“Siz Kiyevə gələ və “hava hücumundan müdafiə vasitəsi” kimi çıxış edə bilərsiz. O (Putin - red.), sənin atandır. Ən azından indi ona zəng edib, “ata, Kiyevi atəşə tutmağı dayandır” deyə bilərsiniz.
Yaxud da bütün bu hadisələrin başa çatması üçün Pokrovska gedə bilərsiz. Sizə Kiyevə bilet almağa hazıram, lakin təəssüflər olsun ki, atanıza görə Ukraynaya təyyarələr uçmur”, - deyə jurnalist dialoqu davam etdirməyə cəhd edib.
Yelizaveta isə “Təəssüflər olsun ki, heç cür kömək edə bilmərəm. Düşünürəm ki, sizinlə yetəri qədər söhbət etdim.
Hər şeyin belə olduğuna görə üzgünəm. Bu vəziyyətə görə cavabdeh deyiləm. Mənə yaxınlaşmağa, söhbət etməyə cəsarət etdiyinizə görə şadam, lakin əfsuslar olsun ki, sizə heç cür kömək edə bilmərəm” – deyərək söhbəti başa çatdırıb.
Jurnalisti qalereyadan çıxan şəxslərdən birinin Lizanı peşəkar mühafizəçilər kimi müşayiət etdiyinə diqqət çəkib.
"O, heç vaxt Putinin qızı olduğunu etiraf etməyib. Bununla belə, vizual olaraq, onlar çox bənzəyirlər", - jurnalist qeyd edib.
Qeyd edək ki, Yelizaveta Krivonoqixin Vladimir Putinlə 50 yaşlı milyonçu Svetlana Krivonoqixin qızı olduğu iddia olunur.
Bizim.Media




























































































