Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qazax, Cəlilabad və Astara rayonlarında fəaliyyət göstərən ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə riayət olunması ilə bağlı növbəti monitorinqlər həyata keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, aparılan nəzarət tədbirləri zamanı xüsusilə yüksək risk qrupuna aid olan məhsulların - balıq, quş əti və digər tez xarab olan qidaların açıq havada, uyğun olmayan temperatur və gigiyena şəraitində satışa çıxarıldığı müəyyən edilib.
Bundan başqa, satış səthlərinin dezinfeksiya edilmədiyi, məhsullar üzərində etiket məlumatları yerləşdirilmədiyi və soyuducuda temperatur rejiminə riayət olunmadığı və digər nöqsanlar qeydə alınıb.
Nöqsanların aradan qaldırılması məqsədilə bazar sahiblərinə müvafiq göstərişlər verilib.
Monitorinq və nəzarət tədbirləri bundan sonra da mütəmadi qaydada davam etdiriləcək.


Bizim.Media


























































































