Son bir neçə aydır ki, ölkəmizdə ərzaq oğurluğu hallarının sürətlə artması müşahidə edilməkdədir. Əvvəllər ümumiyyətlə rast gəlinməyən və ya nadir hallarda baş verən bu hal, bu gün çoxsaylı Azərbaycan reallıqlarından birinə çevrilməkdə, bir növ tendensiya xarakteri almaqdadır. Xüsusilə də cari ilin 16 aprel tarixində Bakıda Xəzər rayonunun Şağan qəsəbə sakini olan iki qadının mağazadan ərzaq oğurlayarkən həbsi ilə bağlı DİN-nin yaydığı məlumat vəziyyətin hər cür təxmin və ehtimaldan daha təhlükəli olduğunu göstərir.
Artıq heç kəsə sirr deyil
ki, yalnız ərzaq oğurluğu hallarının deyil, silahlı basqın və cinayətlərin
sayının artmasında ölkədəki iqtisadi-sosial vəziyyətin ağırlaşması amilli mühüm
rol oynayır. Ərzaq oğurluğu hallarının tədricən kütləviləşməyə doğru getməsi isə
bilavasitə xalqın maddi-sosial durumunun sürətlə ağırlaşdığının bariz nümunəsi
hesab oluna bilər. Çünki yalnız ac insan, alıcılıq qabiliyyətindən məhrum insan
ərzaq mağazasından oğurluğa cəhd edər.
Ölkədəki ərzaq oğurluğu
ilə bağlı baş verən olaylar fonunda ən çox ürəkağrıdan mənzərə isə artıq ölkə
qadınlarının da qapılarını döyən səfalətdən müvəqqəti də olsa yaxa qurtarmaq
üçün ərzaq oğurluğuna əl atmasıdır.
Bəli, ölkə rəsmilərinin
verdiyi açıqlamalara inansaq, biz iqtisadi inkişafına görə analoqu olmayan,
Avropanın enerji təhlükəsizliyini təmin edən, qlobal miqyasda üzərinə böyük
missiyalar götürən və bu missiyaları nümunəvi şəkildə yerinə yetirən dövlətik.
Biz o qədər qüdrətli dövlətik ki, hətta əsən küləyin iqtiqamətini, yağan
yağışın miqdarını da biz müəyyən edirik. Lakin nə sirdirsə, bizim nə analoqsuz
iqtisadi inkişafımız, nə təbiətə hökm edən qüdrətimiz öz sakinlərimizin ac
qarnını doyurmağa kiafyət etmir. Biz öz neft-qaz sərvətimiz, qara kürü
ehtiyatımızla Avropa xalqlarının krallara layiq həyatına rəng qatsaq da, vətəndaşlarımız
hədsiz yoxsulluq və aclıq səbəbi ilə marker və mağazalarda oğurluq etmək üçün
fürsət gözləməkdədir. Bu gün sadə vətəndaşların hamısı potensial çörək oğrusuna
çevrilməkdədir. Kütləvi işsizlik, dövlət rəsmiləri səviyyəsində müşahidə edilən
soyğunçuluq, vətəndaş taleyinə olan laqeyd və qəddar münasibət insanların
namuslu yolla pul qazanmaq, şərəflə yaşamaq imkanını əlindən alıb. Hakimiyyətin
yürütdüyü anti-xalq siyasətinin amansızlığı, siyasi elitanın misli görünməmiş
tamahkarlığı və görməmişliyi bu gün ən namuslu, ən dürüst insanı da öz
dünyasına xəyanət etmək, öz prinsip və əxlaqına arxa çevirməyə vadar edir. Bu
vaxta qədər bütün dünyada namus, ismət, əxlaq simvolu olan Azərbaycan qadını
özünün və ailəsinin yaşamını təmin etmək üçün oğurluğa bir dolanışıq vasitəsi
kimi baxmaq, halalına haram qatmaq məcburiyyətindədir.
Bu, bir xalqın üzləşə biləcəyi
ən böyük fəlakət, ən dəhşətli özünəqəsddir. Bu, bir ölkənin öz namusuna, öz şərəfinə
ləkə yaxmasıdır ki, ləyaqətli bir xalqın bu ləkə ilə yaşaması mümkün deyil.
Bütün bunlar mövcud idarəetmə
sistemin xalqın sadəcə varını, pulunu, halal zəhmətinin nəticəsini deyil, həm də mənəvi dünyasını, dəyərlərini əlindən
aldığını göstərir. Bu isə Azərbaycan üçün Qarabağ itkisindən daha böyük, daha
ağır, daha qəbuledilməz bir itkidir.
Biz bəlkə də günü sabah
özümüzdə təpər tapıb Qarabağı geri qaytara, öz ərazi bütövlüyümüzü təmin edə
bilərik. Lakin dünya durduqca namusumuza, qeyrətimizə vurulan bu ləkəni silə,
yenidən paklaşa, məsumlaşa bilmərik.
Odur ki, mövcud idarəetmə
sisteminin başında dayanan, ona yön verən şəxslərin damaralarında az da olsa
türk qanı axırsa bütöv bir xalqı oğruya, cinayətkara çevirməkdən imtina etməli,
Azərbaycan qadınını bir oğru, bir suçlu kimi yaşamaq faciəsini önləməlidir. Əks
təqdirdə, bu qorxunc gedişat bizim bir xalq, bir millət kimi sonumuz demək
olacaq və bəlkə də bu sonluq artıq başlayıb.
Seymur Əliyev
e-mail: [email protected]
































































































