Dur, burası məzar deyil!

Dur, burası məzar deyil!

Hazırda oxunan: Dur, burası məzar deyil!

57592

 





Dizini qarnına yığıb

öz içində ölən insan,

dur, burası məzar deyil.

Ölmək istəyirsən adam kimi  öl,

ölüm sənin üçün

insanın ucuzlaşdığı bazar deyil.

Bazar deyil burası,

matahları baha satıb

ucuz alasan.

Müştərisi Allah olan ölümü

fırlayıb gözdən salasan.

Uca tut ölümü,

ölüm haqqın sorağı.

Ölümdür şərəflə yaşanan həyatın

şölə saçan çırağı.

Daş kimi sallanma

sənə ağlayacaqlar deyə,

ölümün gül yaxasından.

Ölüm odur ki,

həsrətlə boylansınlar arxasından.

At da, it də öləcək,

atın at, itin it kimi ölməsi gərək,

Hərə bir cür öləcək,

yaşamırsa adam kimi,

adamın çatlayıb,

it  kimi ölməsi gərək.

Bir daş altdan, bir daş üstdən

qaldın iki daş arasında

sıxıla-sıxıla.

Özün çuval içində,

dünyanın çuval yükü

sənin çiynində,

nə üzlə gedirsən indi

ölümün üzünə

yıxıla-yıxıla.

Başı var, ayağı var,

Dünyanın binadan dağılmayan

dayağı var.

Nə düşünən baş,

nə kimsəyə dayaq oldun.

Diriliyə sahib durmadın,

gözəlim ölümə yamaq oldun.

Qabığından çıx,

ilan kimi süründüyün həyatın,

gör ki, insan tək yaşamaq nədir,

Yaşaması da kişi kimi

ölməsi də kişi kimi,

Bil, insanın oz əlindədir.

 

Nurəddin İsmayıl

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO