Yola saldığımız həftə ölkəmizin enerji bazarında yaddaşlarda iz buraxan xeyli xəbər olduğundan elə diqqəti də onlar üzərində cəmləşdirəcəm. Amma bu o demək deyil ki, dünyanın enerji bazarlarında diqqət çəkən məqamlar olmayıb. Olub. Özü də qaz məsələsində.
Elə Azərbaycanda da mavi yanacaq ölkənin enerji bazarında getdikcə gündəmi daha çox zəbt edir və nefti kölgədə qoyur. Çünki ona olan tələbat və maraq hazırda dünya miqyasında artmaqdadır.
Qlobal qaz bazarı. Ölkəmizdən kənarda enerji bazarlarının əsas xəbəri avqustun 31-dən Rusiya qazının “Şimal axını-1” kəmərləri ilə Avropaya nəqlinin tam dayandırılması olub.
“Gazprom” şirkəti əvvəlcədən and-aman etsə də ki, bəs “bu dayandırılma sırf texniki və müvəqqəti xarakter daşıyır, məqsəd boruya xidmət göstərən işlək kompressorun cari təmirini etməkdir”, amma vəd etdiyi zaman – sentyabrın 3-də Bakı vaxtı ilə saat 5-də borularla qazın nəqlini bərpa etmədi.
Səbəbini də belə açıqladı ki, bəs kompressora texniki baxış keçirilərkən nasazlıqlar aşkar edilib və Rusiyanın “Rostexnadzor” dövlət qurumu avadanlıqların bu vəziyyətində boru ilə qaz nəqlinin təhlükəsizliyinə təminat vermir.
Həmin kompressorlar isə xarici istehsaldır və onların xidməti Almaniyanın “Siemens” şirkətinə məxsusdur, sonuncu isə Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar səbəbsindən işlərini həyata keçirə bilmir.
Kremldə problemin kökünü çox yaxşı anlayırlar və üçü payız-qış mövsümünə doğru Avropanı “ya qaz, ya da sanksiyaların yumşaldılması” dilemması qarşısında qoymaq istəyirlər. Buna Moskva hələ iyun ayının ortalarından başlayıb:
“Şimal axını-1” kəmərləri ilə Avropaya qaz nəqlini get-gedə azaldır və iyulda onun buraxıcılıq gücünün (gündə 170 milyon kubmetr) cəmi 20%-i qədər qaz göndərib. Həmin həcmlər yayın sonuna qədər stabil saxlanılıb – gündə təqribən 33 milyon kubmetr. İndi isə artıq 4-cü gündür ki, ümumiyyətlə bu kəmərlərlə qaz ixracı tam dayanıb. Çox güman ki, bazar ertəsi birjalarda hərraclar başlayan zamanı qaz qiymətlərində bunun əks-sədasını müşahidə edəcəyik.
Qeyd edim ki, London əmtəə birjası İCE-nin məlumatlarına görə, avqust ayı ərzində qazın qiyməti Avropada əvvəlki ayla müqayisədə 35% bahalaşaraq ortalama hər min kubmetr üçün 2450 dollar təşkil edib.
Avqustun sonunda Rusiya ilə qarşıdurmanın gücləndiyi növbəti fazada qazın maksimal qiyməti 3526 dollara qədər yüksəlmiş və dünən “Şimal axını-1” ilə qazın bərpası ümidləri fonunda 2320 dollara qədər ucuzlaşmışdı.
Amma görünən odur ki, Qərb-Rusiya qarşıdurması davam etdikcə və Rusiyanın enerji təhcizatçı kimi əsasən əvəzlənməsi başa çatmasa dünya bahalı enerji dövründə yaşamalı olacaq.
Azərbaycandan Avropaya enerji əməkdaşlığı çağırışı. Prezident İlham Əliyev Avropada artan enerji tələbatını ödəmək üçün sıx əməkdaşlığı və koordinasiyanı vacib hesab edir.
“Artan enerji tələbatını ödəmək üçün bizim əlbəttə, sıx əməkdaşlığa və koordinasiyaya ehtiyacımız var”, - deyə dövlət başçısı İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda çıxışı zamanı bildirib.
O vurğulayıb ki, Azərbaycan bu məqsədlə Avropa İttifaqı ilə artıq rəsmi olaraq enerji sahəsində dialoqa başlayıb. “Bu dialoq təkcə təbii qaz deyil, enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisi, hidrogen və yaşıl enerji seqmentlərini əhatə edir”, - deyə prezident qeyd edib.
İ.Əliyev əlavə edib ki, bu il iyulun 18-də Azərbaycanla Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı.
“Düşünürəm ki, bu sənədin imzalanması bizim enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox mühüm addım idi.
Bu memorandum enerji sahəsində gələcək əməkdaşlıq üçün yol xəritəsi rolunu oynayır. Bu sənədə əsaslanaraq deyə bilərəm ki, biz Avropaya təbii qaz ixracımızı iki dəfə artırmağı planlaşdırırıq”, - deyə dövlət başçısı vurğulayıb.
TAP-ın genişləndirilməsinin zəruriliyi. Prezident İlham Əliyev İtaliyada Azərbaycanın Trans-Adriatk Boru kəmərinin (TAP) genişləndirilməsi ilə bağlı praktiki danışıqlara başladığını təsdiq edib.
“Nəzərə almaq lazımdır ki, bizim TAP-da payımız yalnız 20 faizdir. Digər səhmdarlar da razılığa gəlməli və birgə sərmayə layihəsini planlaşdırmalıyıq. Biz artıq praktiki danışıqlara başlamışıq”, - deyə dövlət başçısı İtaliyada jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, TAP-ın genişləndirilməsi onun ötürücülük qabiliyyətinin iki dəfə - illik 20 milyard kubmetrə qədər artırılması üçün zəruridir.
“Bunu isə tezliklə etmək lazımdır. Çünki biz Avropa Komissiyası ilə razılığa gəlmişik ki, 2027-ci ilədək Azərbaycandan Avropa İttifaqına qaz ixracını iki dəfə. TAP genişləndirilməsə, bu, mümkün olmayacaq. Beləliklə, biz ilk olaraq bunu etməli, daha sonra isə müqavilələrlə bağlı danışıqlara başlamalıyıq”, - deyə İ.Əliyev vurğulayıb.
Azərbaycan Prezidenti həmçinin Trans-Anadolu qaz kəmərinin (TANAP) ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması planlarını da təsdiqləyib. O əlavə edib ki, TAP-ın ötürmə qabiliyyəti hazırda 16 milyard kubmetrdir, hazırda o, tam gücü ilə işləyir.
İlham Əliyev xatırladıb ki, qaz kəmərlərinin xammalla təhcizatında problem yoxdur. Onun sözlərinə görə, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrə bərabərdir.
Azərbaycan Prezidenti Çernobbio Forumunda çıxışı zamanı həmçinin Avropanın qaz təhcizatı ilə bağlı bir sıra göstəriciləri açıqlayıb. “Bu il biz İtaliyaya qaz tədarükünü daha da artırmağı və bu ölkəyə 10 milyard kubmetrə yaxın qaz ixrac etməyi planlaşdırırıq”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan İtaliyaya 6,8 milyard kubmetr qaz ixrac etmişdi. İtaliya şirkətlərinin “Şahdəniz” konsorsiumu ilə qaz alqı-satqı müqavilələrinə görə, Azərbaycanın bu ölkə qarşısında öhdəliyi ildə 8 milyard kubmetr qaz tədarüküdür.
Göründüyü kimi, İtaliya Avropada yaşanan enerji böhranı ilə əlaqədar Azərbaycandan əlavə qaz həcmləri almaq istəyib və Azərbaycan da onun arzusunu gerçəkləşdirib.
İlham Əliyev həmçinin bildirib ki, 2020-ci ilin 31 dekabr tarixindən Avropaya 13,5 milyard kubmetr Azərbaycan qazı ixrac olunub ki, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşüb.
Xatırladım ki, 2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib. Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan və Bolqarıstandır.
Boruların gətirdiyi qazanc. Rəsmi Bakı vaxtı ilə enerji infrastrukturlarının yaradılmasına böyük kapital xərcləyib və bunun lazımlı olduğunu həm ölkə daxilində, həm də ölkə xaricində dəfələrlə açıqlayıb. Dünyanın 2022-ci ildə qarşılaşdığı hərbi-siyasi mürəkkəb vəziyyət və enerji sahəsində yeni yoilların axtarılması zamanı Azərbaycanın əvvəllər nə qədər düzgün addım atdığını görürük.
Amma məsələ təkcə şaxələndirilmiş neft və qaz ixrac kəmərlərinə malik olmaqdan getmir axı. Onun kommersiyası da vacibdir, yəni gətirdiyi gəlir. Dövlət Statistika Komitəsinin açıqladığı rüblük hesabatdan aydın olur ki, cari ilin I yarımilliyində Azərbaycanın magistral boru kəmərlərinin fəaliyyətindən gəlirləri $1 milyardı ötüb.
2022-ci ilin yanvar-iyun aylarında magistral boru kəmərlərinin fəaliyyətindən Azərbaycanın gəlirləri 1 milyard 763 milyon 600,5 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 17,1% çoxdur. Xüsusilə, magistral neft kəmərlərinin (Bakı-Tbilisi-Ceyhan daxil olmaqla) fəaliyyətindən 612 milyon 54,3 min manat gəlir əldə edilib. Ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə gəlirlərin həcmi 3,1% artıb.
Magistral qaz kəmərlərinin fəaliyyətindən isə Azərbaycanın gəlirləri 1 milyard 151 milyon 546,2 min manat təşkil edib, artım 31,8% olub.
Hesabat dövründə magistral neft kəmərləri ilə 17 milyon 747,1 min ton neft (artım 1,7%), qaz kəmərləri ilə 19 milyard 898,1 milyon kubmetr qaz (artım 16,6%) nəql edilib. Bununla yanaşı, magistral neft kəmərləri ilə nəqlin ümumi həcmində təxminən 79,5% Bakı-Tbilisi-Ceyhan boru kəmərinin, magistral qaz kəmərləri ilə nəqlin ümumi həcmində 51,4% Cənubi Qafqaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) payına düşür.
Tanker daşımaları. Azərbaycan həm də dəniz daşımalarında maye yüklərin həcmini artırır. Cari ilin ilk yarısında Azərbaycan dəniz nəqliyyatı neft və neft məhsullarının daşınma həcmini 45% artırmağa nail olub.
Azərbaycan 2022-ci ilin I yarısında dəniz nəqliyyatı ilə yükdaşımalardan 109 milyon 423,9 min manat məbləğində gəlir (artım 28,5%) əldə edilib. Gəlirlərin əsas həcmi – 106 milyon 245,6 min manat beynəlxalq yükdaşımaların (artım 24,7%) payına düşüb.
Hökumətin məlumatına görə, 2022-ci ilin yanvar-iyun aylarında dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 3 milyon 710 min ton (artım 32,1%), sərnişinlərin sayı 9,9 min nəfər (artım 57,1%) təşkil edib.
Yükdaşımaların strukturunda 1 milyon 578,1 min ton neft və neft məhsullarının (artım 44,8%), 2 milyon 131,9 min ton digər yüklərin (artım 24%) payına düşüb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:30 / 03.09.2022
Bakının UZAQGÖRƏNLİYİ: Azərbaycanın qoyduğu sərmayə Avropanı necə xilas edir? - İlham Şabanın ŞƏRHİ
Hazırda oxunan: Bakının UZAQGÖRƏNLİYİ: Azərbaycanın qoyduğu sərmayə Avropanı necə xilas edir? - İlham Şabanın ŞƏRHİ
Hazırda oxunan: Bakının UZAQGÖRƏNLİYİ: Azərbaycanın qoyduğu sərmayə Avropanı necə xilas edir? - İlham Şabanın ŞƏRHİ
91847
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.