2025-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 2 milyard 399,6 milyon manat təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
2025-ci il ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 757,0 milyon manat (əsas borc üzrə 136,8 milyon manat, faiz borcu üzrə 620,2 milyon manat), xarici dövlət borcu üzrə 1342,5 milyon manat olmaqla (əsas borc üzrə 959,7 milyon manat, faiz borcu üzrə 382,8 milyon manat), ümumilikdə 2099,5 milyon manatın ödənilməsi təmin edilib.
2025-ci il üzrə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərində ümumilikdə 300,1 milyon manat məbləğində qənaət formalaşdırılıb.
1 yanvar 2026-cı il tarixinə Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləği 25 milyard 987,5 milyon manat və ya 2025-ci il üzrə 12 milyard 9094,0 milyon manat məbləğində ümumi daxili məhsulun (ÜDM) 20,1 faizini təşkil edir.
1 yanvar 2026-cı il tarixinə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 4813,5 milyon ABŞ dolları və ya ÜDM-in 6,3 faizini təşkil edir.
Daxili dövlət borcunun səviyyəsi isə 2026-cı il 1 yanvar tarixinə 17 milyard 804,5 milyon manat və ya ÜDM-in 13,8 faizi səviyyəsində olub.
Bizim.Media



































































































