Son vaxtlar apteklərdə bir sıra dərmanların qiymətində endirimlər edilir. Bəzən endirimlər dərmanın qiymətinin 10 faizinə qədərini əhatə edir. Təbii ki, bu da müəyyən suallar və narahatlıq doğurur.
Bəzi insanlar düşünür ki, endirim edilən dərmanlar aşağı keyfiyyətdə və saxlanma müddəti başa çatmaqda olan dərmanlardır.
Bəziləri isə bunu marketinq taktikası kimi dəyərləndirir.
Məsələ ilə bağlı paytaxtdakı apteklərdə sorğu keçirdik. Adlarının açıqlanmasını istəməyən əczaçılar bildirdilər ki, əsasən Tarif Şurası tərəfindən yuxarı qiymət həddi müəyyən edilmiş dərmanlara endirimlər tətbiq edilir. Çünki apteklər Tarif Şurasının müəyyən etdiyi qiymətləri nəzərə almağa məcburdurlar. Ona görə də dərman qabının üzərindəki qiymət Tarif Şurasının, kassa çekində göstərilən qiymətsə aptekin müəyyən etdiyi qiymətdir.
Bəs endirimlərin əsl səbəbi nədir?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Azərbaycan apteklər vətənidir:
“Dünyanın heç bir ölkəsində bu qədər aptek yoxdur. Bir sıra ölkələrdə, o cümlədən Türkiyədə şənbə-bazar günləri apteklər işləmir. Çünki tələbat yoxdur. Bizdə isə apteklər 7/24 işləyir. Qiymətlər də kifayət qədər bahadır. Məsələn, bizdə şəkər xəstələri üçün "Qalus med" dərmanı 75, Türkiyədə 15 manat, İspaniyada 35, Filippində isə 18 manatadır. Bizdə bir sıra dərmanların qiymətləri dövlət tərəfindən tənzimlənsə də çox bahadır.
Ona görə də bəzi apteklər alverin həcmini artırmaq məqsədi ilə bəzi dərmanlara endirimlər edirlər. Bu endirimlərdən sonra da dərmanların qiyməti çox yüksəkdir. Çünki dərman böyük biznesdir. Bu sahəyə müəyyən adamlar nəzarət edir”.
Surxay Atakişiyev, Bizim.Media