Müşavirədə çıxış edən kənd təsərrüfatı naziri İsmət Abasov prezident İlham Əliyevin qeyri-neft sektorunun, onun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğıdan, bu sahədə qarşıda duran prioritet məsələlərdən danışıb. Bugünkü tədbirin məqsədindən bəhs edən nazir dəmyə bölgələrdə torpaqdan səmərəli istifadəni təşkil etməklə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını ən vacib vəzifələrdən olduğunu söyləyib və burada əkilən sortların əksəriyyətinin dünya şöhrətli alim, akademik Cəlal Əliyevin rəhbərliyi altında yaradıldığını müşavirə iştirakçılarının nəzərinə çatdırıb.
Nazir deyib ki, taxılçılıqda biotik və abiotik faktorlara davamlı yeni sortların yaradılması, onların toxumçuluğunun təşkili və yayılması istiqamətlərində ardıcıl iş aparılmalıdır: “Taxıl istehsalı üçün məlum olan ən səmərəli becərmə aqrotexnikasından, gübrələmə sistemlərindən və bitki mühafizəsi tədbirlərindən istifadə olunmalıdır. Təəssüf ki, bu məsələlərlə əlaqədar hələ çox işlər, xüsusilə maarifləndirmə işləri aparılmalıdır. Ötən il respublikamızda yetişdirilən 950,2 min hektar taxıl sahəsindən orta məhsuldarlıq 25,2 sentner təşkil edib və əlbəttə ki, bununla kifayətlənmək olmaz. Halbuki taxılçılıq üçün lazım olan 50-dək aqrotexniki tədbirin ən zəruri olanları, yəni 17-18-i yerinə yetirilərsə, məhsuldarlıq 35 sentnerdən yüksək olar. Bu, yalnız taxılçılıqla məşğul olan mütəxəssislərin yox, həm də hər bir torpaq mülkiyyətçisinin çalışmalı olduğu vacib məsələdir”.
Nazir prezident İlham Əliyevin tapşırığı ilə artıq ölkəmizdə yaradılan iri taxılçılıq təsərrüfatlarında hər hektardan 50-55 sentner məhsul əldə olunduğunu bildirib. O, bu sahədə dövlətin fermerlərə və torpaq mülkiyyətçilərinə göstərdiyi diqqət və qayğıdan da söhbət açıb. Nazir cari ildə kənd təsərrüfatı məhsullarının istehsalının artım tempinin 6-7 faiz olacağını bildirib. Müşavirdə yeni, məhsuldar taxıl sortları və onların perspektivləri barədə də ətraflı məlumat verilib. Qobustan Bölgə Təcrübə Stansiyasında 2000-dən artıq taxıl nümunələri sınaqdan keçirilib. “Qobustan”, “Aran”, “Murov-2”, “Cəlilabad” sortlarının dəmyə şəraitində 35-40 sentner məhsul verdiyi qeyd olunub, “Qobustan” buğda sortunun quraqlığa və xəstəliklərə davamlı olmaqla yüksək keyfiyyətlərindən bəhs edilib. Müşavirədə həmçinin yüksək məhsul əldə etmək üçün toxumçuluq sisteminin qurulmasının vacibliyi də qeyd edilib, bu məqsədlə bölgə fermerlərinə öz təsərrüfatlarında yüksək reproduksiyalı toxumlardan istifadə etmək tövsiyə edilib.
Müşavirədə mühüm strateji məhsul olan taxılçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün torpaqdan səmərəli istifadə olunmasının, bu zaman növbəli əkin sisteminin üstünlüklərindən də geniş bəhs olunub. Görüşdə dəmyə şəraitində taxıl bitkilərinin mütərəqqi becərilmə texnologiyası, Elmi Tədqiqat Əkinçilik İnstitutunda dəmyə bölgələr üçün yaradılan yeni taxıl sortları barədə də geniş məlumat verilib, habelə alim-fermer arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.




























































































