Marketlər alıcıları belə “ovsunlayırlar” – Ən qeyri-adi marketinq ÜSULLARI

Marketlər alıcıları belə “ovsunlayırlar” – Ən qeyri-adi marketinq ÜSULLARI

Hazırda oxunan: Marketlər alıcıları belə “ovsunlayırlar” – Ən qeyri-adi marketinq ÜSULLARI

268355

Marketlər şəbəkəsi günbəgün genişlənir. Bu hesaba da marketlərin ümumi ticarətdəki payı artır.

Nəzər alaq ki, 2024-cü ildə Azərbaycanda yaşayan əhali istehlak məqsədilə ay ərzində adambaşına 364 manat pul xərcləyib. 

İstehlak xərclərində ən böyük pay qida məhsullarına məxsusdur. 

Ötən il insanlar hər ay ərzağa 158 manat pul xərcləyib. Cəmi istehlak xərclərinin 43,5 faizini ərzaq xərcləri təşkil edib

Bəs, marketlər istehlakçıları necə cəlb edirlər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, marketoloqların istehlakçıları öz labirintlərinə salmaq üçün çoxsaylı üsulları var:

“Bunun üçün min səhifələrlə yazılmış çoxsaylı kitablar mövcuddur. Hədəfsə birdir: istehlakçını marketin qapısından içəri necə salaq?! Çünki içəri girən istehlakçı nəsə almaq məcburiyyətindədir. Etiraf edək ki, marketoloqlar ən sürətlə inkişaf etmiş fəaliyyət sahəsi ilə məşğuldurlar. Təsadüfi deyil ki, bu gün bizdəki marketlər Londondakı, Parisdəki, Nyu-Yorkdakı marketlərdən heç nə ilə fərqlənmir.

İstər daxili dizayn, istər çeşid çoxluğu, istərsə də gülərüz heyət Avropadakı marketlərdən heç də geri qalmır. 130 ölkədə Azad İstehlakçılar təşkilatı var. Bu təşkilatları kordinə edən beynəlxalq qurum var. Lakin bu qədər təşkilat Ümumdünya Ticarət Təşkilatının marketoloqlarının qarşısında çox aciz qalır. Ona görə də istehlakçıların gözünü açmaq çox çətindir”.

Marketlər istehlakçını necə “ovlayır”?

Müsahibimiz qeyd edir ki, marketoloqlar müştərini cəlb etmək üçün müxtəlif üsullardan istifadə edirlər:

“Gur işıqlı, geniş salonda rəflərə düzülmüş geniş çeşidli məhsullar istənilən istehlakçının “saqqızını oğurlayır”. Üstəlik, marketlərdəki aura da pis deyil. Həzin və asta musiqi sədaları altında müştəri müxtəlif çeşidli məhsulların düzüldüyü rəflərin arasıyla addımlayır. Axı, göz oxşayan yaşıl, ağ və qırmızı rənglər vitrinləri daha maraqlı edir. İstər-istəməz alıcı bu rənglər ansamblının təsiri altında bütün marketi gəzir.

Gəzintinin sonunda isə əl çantası və yaxud əl arabası artıq dolmuş olur. Bəzi marketlərdə əl arabalarında hətta körpələrin otuzdurulması üçün xüsusi yerlər də quraşdırılır. Bu da gənc valideynlər üçün əlavə komfortdur”.

Eyyub Hüseynov onu da bildirir ki, marketlərdə məhsulların düzülüşünə xüsusi diqqət yetirilir:

“Bahalı və gözəl dizayn edilmiş məhsullar yuxarı rəflərə, göz önünə düzülür. Nisbətən ucuz məhsullarsa aşağı, diqqət cəlb edilməyən yerlərə düzülür. Maraqlıdır ki, alıcı satıcıdan seçim məsələsində məsləhət alarkən onu məqsədli şəkildə bahalı məhsullara yönləndirirlər. Fikirlərini də belə sübut edirlər ki, “keyfiyyətli məhsul baha olmalıdır”. Başqa bir üsulsa endirim kampaniyalarıdır. Ay ərzində 3-4 məhsulda endirim etməklə böyük alıcı cəlb edirlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO