Azərbaycanda robot texnologiyasına maraq niyə AZDIR?

Azərbaycanda robot texnologiyasına maraq niyə AZDIR?

Hazırda oxunan: Azərbaycanda robot texnologiyasına maraq niyə AZDIR?

209245

Bu gün süni intellektin və robotların  sürətli inkişafı bütün dünyanı heyrətə salır. Məsələn, “Jia Jia”, “Sofiya”, “Erika”,  “Han” və s. kimi insanabənzər robotların yaranması insanlar tərəfindən həm heyrətlə, həm də təəcüblə qarşılanıb. Belə ki, bu robotlar insanlarla ünsiyyət qura bilir, sualları cavablayır, müəyyən funksiyaları yerinə yetirir, hətta emosiyalarını əks etdirmək üçün üz ifadələrindən də istifadə edə bilirlər.

Qeyd edək ki, 2018-ci ildə ölkəmizdə “Bibot” adlı suallara cavab verən  robot istehsal edilsə də, günümüzdə hələ də çoxfunksiyalı robotlar inkişaf etməyib.  

Bəs bunun səbəbi nədir? Azərbaycanda robot texnologiyaları sahəsi nə səviyyədədir

İnformasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov Bizim.Media-ya açıqlamasında mövzu ilə bağlı fikirlərini bölüşüb:
 

MÖVZU İLƏ BAĞLI:

İnsana ən çox bənzəyən ROBOTLAR – FOTO


“Azərbaycan kimi kiçik ölkələrdə bunu öncə dövlət stimullaşdırmalıdır ki, özəl sektorlara da təkan verilsin. Xaricdə həm dövlət, həm də böyük  özəl şirkətlər bu istiqamətdə hərəkət edirlər. Ancaq Azərbaycan çox da böyük ölkə olmadığı üçün  yaradılan məhsulların satışı o qədər də optimal deyil və özəl sektorun şansı azdır. Buna görə də şirkətlər bu istiqamətdə addım atmağa çəkinir”.

Gələcəkdə bu sahənin inkişafı gözlənilir?

“Dünyada bu tendensiya artdıqca Azərbaycanda da həm ölkədaxili, həm də xaricə ixrac üçün bu tip yeniliklər olacaq və özəl sektor bu sahəyə daha çox yatırım edəcək. Ancaq hələki yaradılacaq robotun, süni intellekt məhsulunun Azərbaycanda alıcısı yoxdur.

Ölkəmizdə robotexnologiyanın az inkişaf etməsi texnologiya  üzrə təhsillə əlaqəlidir?

“Xeyr, çünki kifayət qədər xaricdə oxuyan, təcrübəli azərbaycanlı mütəxəssislər var. Ancaq  təəssüflər olsun ki, onlar burada sözügedən texnologiyaları tətbiq etməklə bağlı çətinlik çəkirlər. Bu da bazarın kiçik olmasıyla bağlıdır. Öncədən bu istiqamətdə fəaliyyət aparanlar olub, yerli şirkətlər bir neçə dəfə robotlar yaradıb, hətta bu robotların  dövlət qurumlarına satılmasına çalışılıblar. Ancaq alıcısı olmadığı üçün bu sahə inkişaf etməyib”.

Azərbaycanda robot texnologiyalarıyla bağlı proseslərin aparılmasına xarici şirkətlərin marağı ola bilər?

“İnnovasiya xaricdə yaradıldıqdan sonra Azərbaycan onu qəbul edir.  Ona görə də texnologiya sahəsində bir yeniliyin ilk Azərbaycanda yaranıb, daha sonra xaricə çıxdığı müşahidə edilməyib. Yerli mütəxəssislərimizin bunun üçün potensialı olsa da, dəstək yoxdur. Xarici şirkətlərin Azərbaycana marağının olması üçün ölkəmizdə bu sahədə bazar olmalıdır. Əks halda o şirkətlərin Azərbaycana marağı olmayacaq”.

Müsahibimiz vurğulayıb ki, bu istiqamətdə bir neçə şirkət cəhd göstərib, müəyyən dronlar, robotlar yaradılıb, hətta yerli şirkətlərimizin istehsal etdiyi bu robotlar ASAN xidmətlərdə nümayiş etdirilib.

“Həm robotexnika, həm də süni intellektlə bağlı Azərbaycan kifayət qədər geridədir. Bunun inkişafı üçün vətəndaşların da rəqəmsal mədəniyyəti formalaşmalı, dövlət və özəl sektor birgə inkişaf etməlidir”.  

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO