“Qanunvericiliyə əsasən, pensiyanın məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməklə artırılır ki, bu da pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə, pensiyaların davamlı artımına xidmət edir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib.
Nazirlik rəsmisi pensiyaların indeksləşdirilməsinin hansı qaydada həyata keçirildiyi ilə bağlı açıqlama verib:
“Dövlət başçısının 10 fevral 2023-cü il tarixli Sərəncamına əsasən də 2023-cü ilin əvvəlindən pensiyalar əvvəlki il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə (14,7%), sığortaolunanların 2023-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da istehlak qiymətləri indeksinin 2022-ci il üzrə illik səviyyəsinə uyğun olaraq 13,9 faiz indeksləşdirilməklə artırılıb.
Məsələn, vətəndaşın pensiyasının məbləği 01.01.2023-cü il tarixinə 500 manat təşkil edibsə, bu məbləğ Dövlət Statistika Komitəsi tərəfindən verilən məlumat əsasında, ölkə üzrə orta aylıq əməkhaqqının 2022-ci il üzrə 14,7% artım tempinə uyğun olaraq həmin qədər indeksləşdirilməklə artırılaraq 573,5 manata çatdırılıb. İndeksləşdirmə əsasında yanvar ayına aid pensiya artımı da fevral ayının pensiyası üzərinə əlavə olunaraq ödənilib.
İndeksasiya prosesində hər hansı istisnalar yoxdur və bütün növ pensiyaların indeksləşdirilməklə artırılması təmin olunur.
Onu da qeyd edək ki, 2022-ci ildə əlavə dəstək olaraq bütün pensiyaçılara ödənilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib, bundan sonra yaranan pensiya məbləğləri indeksləşdirilərək artırılıb. 2023-cü ildə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 436 manata, yaşa görə pensiyaların orta aylıq məbləği də 17 faiz artaraq 467 manata çatıb. Ümumilikdə, 2018-2023-cü illərdə minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2,1 dəfə artıb.
2023-cü ildə pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 16 faiz və ya 781 milyon manat çox olmaqla 5 milyard 726 milyon manat yönəldilib. Son bir ildə 31,8 min, elektron təyinat mexanizminin tətbiqinə başlandığı 2019-cu ilin əvvəlindən isə 102 min vətəndaşa proaktiv qaydada pensiya təyin olunub. Yəni pensiya hüququ yaranan şəxs hər hansı müraciət etmədən və sənəd təqdim edilmədən ona e-sistem üzərindən, proaktiv qaydada pensiya təyin olunur”.
Fazil Talıblı pensiya kapitalının artırılması məsələsinə də münasibət bildirib:
“Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da ildə bir dəfə istehlak qiymətləri indeksinin əvvəlki il üzrə səviyyəsinə uyğun olaraq indeksləşdirilməklə artırılır. Bu da onu göstərir ki, işləyən şəxslərin fərdi hesablarında toplanan pensiya kapitalları yalnız hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında mütəmadi artırılır.
Həm pensiyaların, həm də pensiya kapitallarının indeksləşdirilərək artırılması elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac qalmır”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:30 / 31.01.2024
Əhaliyə ŞAD XƏBƏR – Bütün növ pensiyalar artırılacaq – RƏSMİ
Hazırda oxunan: Əhaliyə ŞAD XƏBƏR – Bütün növ pensiyalar artırılacaq – RƏSMİ
Hazırda oxunan: Əhaliyə ŞAD XƏBƏR – Bütün növ pensiyalar artırılacaq – RƏSMİ
175894
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.