Qadınların pensiya yaşı artırılmayacaq? – Əli Məsimlidən AÇIQLAMA 

Qadınların pensiya yaşı artırılmayacaq? – Əli Məsimlidən AÇIQLAMA 

Hazırda oxunan: Qadınların pensiya yaşı artırılmayacaq? – Əli Məsimlidən AÇIQLAMA 

174583

Xəbər verdiyimiz kimi bu il Azərbaycanda qadınların pensiya yaşı daha 6 ay artırılaraq 64 oldu. 

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Ölkəmizdə pensiya yaşının azaldılması tez-tez müzakirə olunan məsələlərdəndir. Pensiya yaşının yuxarı olması cəmiyyətdə narazılıq doğuran amildir. 
 

MÖVZU İLƏ BAĞLI:

Qadınların pensiya yaşının azaldılması ilə bağlı RƏSMİ AÇIQLAMA 


Dövlət Statistika Komitəsi 2023-cü ilin statistik rəqəmlərini hazırlamadığına görə, 2022-ci ilin rəsmi rəqəmlərindən istifadə etmək məcburiyyətindəyik. 2022-ci ilin göstəricilərinə görə, 55-64 yaş aralığında olan 4439 qadın pensiya yaşına çata bilməyib. Lakin qadınların orta ömür uzunluğu 76 göstərilir. 

Ümumiyyətlə, pensiya yaşının azaldılması məsələsi yaxın gələcəkdə müzakirə olunacaqmı? 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Bizim.Media-ya bildirib ki, 70 və ondan yuxarı yaşı olan insanların sayı ölkəmizin əhalisinin 4,6 fazini təşkil edir:

“Əvvəllər qadınlar 60, kişilər isə 63 yaşında pensiyaya çıxırdılar. “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edildikdən sonra, kişilərin pensiya yaşı 2017-ci il iyulun 1-dən başlayaraq hər il 6 ay artırılmaqla 2021-ci il iyulun 1-də 63 yaşdan 65 yaşa çatdırıldı. Qadınların pensiya yaş həddi də həmin qayda ilə bu il 64 yaşa çatdı və sözügedən qanunla 2026/27-ci ildə 65 yaşa çatdırılması müəyyənləşdirilib. 

Pensiya yaşının artırılmasına haqq qazandırılanda, daha çox rəsmi statistikaya istinad edilir ki, bizdə orta ömür özunluğunun 76, o cümlədən kişilərdə 73,6, qadınlarda isə 78,4 yaşdır. Bir də deyilir ki, müəllim, həkim və digər kateqoriyalara aid olan insanlar pensiyaya çıxmaq istəmirlər. 

Çox vaxt Azərbaycanın uzunömürlülər diyarı olması da əsas kimi səsləndirilir. Bir də rəqəmlərlə oynayıb, Azərbaycandakı pensiya sistemini az qala dünyanın ən yaxşı pensiya sistemlərindən biri kimi qələmə verməyə cəhdlər olur ki, belə manevrlər pensiyaçıların əksəriyyətinin real vəziyyətini əks etdirmədiyindən cəmiyyətdə əlavə qıcıq yaradır və narazılıqları daha da artırır”. 

Deputatın sözlərinə görə ömür uzunluğunun qeyd edilən rəsmi göstəriciləri ilə beynəlxalq təşkilatların müvafiq hesablamaları xeyli fərqlənir və buna aydınlıq gətirilməsinə ehtiyac var:

“İkincisi, Azərbaycanda istər kişilərdə, istərsə də qadınlarda sağlam ömür uzunluğu göstəricisi orta ömür uzunluğu göstəricisindən aşağıdır.

Üçüncüsü, 65 yaş və ondan bir-iki il yüksək pensiya yaşı tətbiq edən ölkələrin əksəriyyətində orta ömür uzunluğu 80 yaş və ondan yüksəkdir. Bizdə isə rəsmi statistikaya görə, orta ömür uzunluğu 2021-ci ildə 73 yaş, 2022-ci ildə isə dediyimiz kimi, 76 yaş olub.

Dördüncüsü, Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən pensiyaçıların sayının, MDB ölkələrinin xeyli hissəsinin müvafiq göstəricilərindən aşağı olması göstərir ki, bir sıra MDB dövlətləri ilə müqayisədə Azərbaycanda orta ömür uzunluğu aşağı, pensiya yaşı isə yuxarıdır. 

Beşincisi, Azərbaycan nə vaxtsa uzunömürlülər diyarı sayılıb, amma indi Azərbaycanda yaşlı əhalinin, xüsusən də kişilərin bir hissəsi pensiya yaşına çatmamış və həmin yaşa çatandan bir neçə il sonra dünyasını dəyişir. 70 və ondan yuxarı yaşı olan insanların sayı ölkəmizin əhalisinin 4,6 fazini təşkil edir. Onların arasında uzunömürlü sayılan, yəni yaşı 90-dan yuxarı olanların sayı isə çox azdır”. 

O ki qaldı müəllim, həkim və digər kateqoriyalardan olan insanların pensiyayaya çıxmaq istəməməsinə...

Deputat pensiya yaşı çatanların heç də hamısının müəllim və həkimlərdən ibarət olmadığına diqqət çəkib: 

“Onların arasında ağır işdə çalışan xeyli insan var. Buna əlavə olaraq, Əmək qanunvericiliyində dəyişiklik edilib və qadınların əməyi qadağan olunan 674 peşə və iş yerinin sayı 204-ə endirilib.

Bu fakt da belə bir fikir söyləməyə əsas verir ki, ağır işlərdə çalışan qadınarın pensiyaya daha tez çıxmasına real şərait yaradılmasının dairəsi həmin son dəyişiklikləri də nəzərə almaqla genişləndirilməlidir. 

İkincisi, müəllim, həkim və digər kateqoriyalardan olan insanlar ona görə pensiyaya çıxmaq istəmir ki, onların əksəriyyətinin aldığı pensiyanın məbləğı aşağıdır. Azərbaycanda kişi və qadınların əmək haqları arasındakı fərq 32 faizdir. Müqayisə üçün qeyd edək ki, bu rəqəm dünya üzrə ortalama 20-22 faizdir. Kişilərlə müqayisədə qadınların əmək haqqlarının aşağı olması onların pensiyalarının da aşağı olmasını şərtləndirir”. 

Əli Məsimli bildirib ki, bu il orta aylıq əmək haqqının cəmi 50 manat artaraq 980 manata çatdırılması nəzərdə tutulub:

“Yaşa görə pensiyanın orta aylıq məbləği də 50 manat artırılıb 510 manata çatdırılır. Bununla belə bu il orta əmək haqqının 980 manata çatacağı proqnozlaşdırılsa da, muzdla çalışan 1,7 milyon nəfər işçinin xeyli hissəsi orta əmək haqqından aşağı, yarıya qədəri isə 500 manat ətrafında olan median əmək haqqı səviyyəsində maaş alır. Bu il yaşa görə pensiyanın orta aylıq məbləği 510 manata çatdırılsa da, median pensiya 360 manatdır. 

Bu cür aşağı pensiya alanların arasında qadınlar çoxluq təşkil edir. Pensiyaya çıxandan sonra müəllimə, həkimə normal həyata maddi təminat verən və yaşlı insan üçün tələb olunan qədər dava-dərmanın alınmasına yetərli olan məbləğdə pensiya verilsə, yaşlı insan işlədiyi qurumun rəhbərinə və ya sözükeçən kimisə tapıb, ona ağız açmaz ki, bir il də qalıb işləməsinə şərait yaradılsın... Həmçinin belə xahiş müqabilində bundan qat-qat ağır minnəti də götürməyə məhkum olmaz.... ”

Deputat onu da əlavə edib ki, Azərbaycanda pensiya yaşının 65 yaşa çatdırılması ölkəmizdəki real ömür uzunluğuna uyğun deyil:

“Beynəlxalq praktikada xeyli ölkələrdə, bir qayda olaraq, qadınların orta ömür uzunluğu göstəricisi kişilərdən yüksək olsa belə, qadınların pensiya yaşı aşağı götürülür. Ona görə də ölkəmizdə qadınların pensiya yaşının qaldırılmasının davam etdirilməsini düzgün hesab etmirik.
Düşünürük ki, pensiya kimi çox ağır və cəmiyyət üçün çox taleyüklü bir məsələnin bütün ağırlığı bir nazirliyin üstünə atılmamalı, mövcud pensiya sisteminin və pensiyaçıların vəziyyətinin obyektiv və dərin təhlilləri aparılmalı və bu sahədə mövcud olan problemlərin həlli islahatların dərinləşdirilməsi kontekstində sürətləndirilməlidir. 

Ona görə ki, hazırda Azərbaycanda fəaliyyət göstərən pensiya sisteminin beynəlxalq praktikada uğurlu nümunələri olsa da, Azərbaycan reallıqları şəraitində tətbiq edilən variant müsbət cəhətləri ilə yanaşı, həm də xeyli dərəcədə qüsurludur. Ona görə sığorta-pensiya sisteminin hazırkı variantı bir sıra cəhətlərinə görə getdikcə daha çox dərəcədə özünü doğrultmayacaq. 

Bu, özünü pensiya yaşı çatmış əhalinin getdikcə daha çox hissəsinin pensiya almaqdan məhrum olması timsalında daha qabarıq göstərəcək.

Ona görə də yaşamağa başladığımız yeni mərhələnin məntiq, tələb və gözləntilərinə uyğun və həm də ümumi islahatların mühüm tərkib hissəsi kimi pensiya əlçatanlığının optimallaşdırılması əsasında elə bir pensiya sistemi formalaşdırmaq lazımdır ki, müəyyən kateqoriyalara aid insanlar pensiya yaşına çatandan sonra da iş qabiliyyəti göstəriciləri konkret tələblərə cavab verirsə, qalıb bir müddət də işləməsinə şərait olsun. 
Vətəndaş konkret müddətlərdə ağır işlərdə çalışıbsa, sağlamlıq durumu işi davam etdirməyə imkan vermirsə və ya hansısa səbəbdən pensiyaya tez çıxmaq tələbatı yaranıbsa, bu hallarda “yaşı çatmır” deyə, sağlamlığını qurban vermək hesabına pensiya yaşı çatana qədər bir neçə il də o cür ağır durumda işə sürünməyə məcbur edilməsin. Bu kateqoriyaya aid olan insanlar üçün də pensiya yaşından əvvəl pensiyaya çıxmasına real şərait yaradılsın”.

Nuranə Daxilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO