Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "İstehsalat və məişət tullantıları haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Beləliklə də Azərbaycanda sahibsiz hesab edilən avtomobillərin utilizasiyaya verilməsinə dair qanun təsdiqləndi.
Qanuna əsasən, minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı alınacaq.
Belə ki, Məcəlləyə edilmiş dəyişikliklə "Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı" adlı yeni maddə (233-1-ci) əlavə olunub.
MÖVZU İLƏ BAĞLI:
Xaricdən AVTOMOBİL GƏTİRİLMƏSİ qaydaları dəyişdirilir
Dəyişikliklə gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınacaq.
Qanun 2024-cü il fevralın 1-dən qüvvəyə minəcək.
Görəsən, sözügedən qanun avtomobillərin qiymətinə necə təsir edəcək?
Bizim.Media-ya açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Ramil Osmanovun fikrincə, utilizasiyanın ölkənin avtomobil bazarında qiymətlərə əhəmiyyətli təsiri olmayacaq:
“Ölkədəki avtomobil parkının əksəriyyətinin köhnə, utilizasiyaya uyğun olan avtomobillər olduğunu nəzərə alsaq, həmin nəqliyyat vasitələrinin qiymətində ucuzlaşmanın baş verməsi gözləniləndir. Amma bütövlükdə atılan addımın avtomobil bazarındakı qiymətlərə ciddi təsir edəcəyini düşünmürəm.
Nəzərə almaq lazımdır ki, Azərbaycan avtomobil parkının son illər yenilənməsi tendensiyası müşahidə olunmaqdadır. Eyni zamanda, dünyada qəbul olunan ekoloji standartların Azərbaycanda təsdiqi ölkəmizdə hibrid və elektromobillərə marağı artırıb. Bu səbəbdən hesab edirəm ki, utilizasiyanın ölkənin avtomobil bazarında qiymətlərə əhəmiyyətli təsiri olmayacaq”.
Rüfət Sultan, Bizim.Media