Dövlət xətti ilə ipotekaya TƏLƏB ARTIR – Bəs, əlçatanlığa mane olan NƏDİR?

Dövlət xətti ilə ipotekaya TƏLƏB ARTIR – Bəs, əlçatanlığa mane olan NƏDİR?

Hazırda oxunan: Dövlət xətti ilə ipotekaya TƏLƏB ARTIR – Bəs, əlçatanlığa mane olan NƏDİR?

147885

“Dövlət xətti ilə vətəndaşlara illik 4-8 faizlə verilən ipoteka kreditlərinə tələbat həmişə yüksək olub. Bununla bağlı müraciət edənlərin sayı kifayət qədər çoxdur”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Konstitusiya Məhkəməsi ipoteka krediti ilə bağlı qərarını şərh edib


Onun sözlərinə görə, müraciətlərin çoxluğuna baxmayaraq, İpoteka və Kredit Zəmanəti Fondunun vəsaitləri mövcud ehtiyatları tam ödəmir. 

Vətəndaşların bu kreditlərə əlçatanlılığına mane olan bəzi səbəblərin olduğunu söyləyən ekspertin sözlərinə görə, bu da əsasən həmin şəxslərin gəlirlərinin az olması ilə bağlıdır:

“Buna görə də banklar imtina edirlər. 2006-cı ilin mart ayının 31-dən bu günə qədər 45 294 ipoteka krediti verilib. Bir il ərzində qurulan ailələrin sayı isə təxminən 60 minə yaxın olur ki, onlar da potensial müştəri sayılırlar. Son illərin statistikası göstərir ki, əhali arasında ipoteka kreditlərinə ehtiyacı böyükdür”. 

Bu yolla mənzillərə sahib olmağa marağın ciddi şəkildə artdığını deyən ekspert vurğulayıb ki, əksəriyyətin buna əlçatanlılığı təmin olunmur: 

“Bu krediti almaq üçün 4 nəfərlik ailə sahibinin ən azı 2 min manat rəsmi gəliri olmalıdır. Ölkəmizdə bir çoxunun aylıq gəliri bu meyara uyğun gəlmir. Hazırda güzəştli şərtərlə verilən ipoteka kreditinin orta məbləğ 100 min, digərlərində isə 150 min manatdır. Nəriman Nərimanov metrostansiyası ətrafında isə birotaqlı mənzilin orta satış qiyməti 100 min manata çatıb. Ancaq ən azı 2 otaqlı mənzil almaq arzusunda olan bir vətəndaş bundan məhrum olur. 

Ona görə ki, götürdüyü kredit belə almaq istədiyi mənzilin dəyərini ödəmir. Daşınmaz əmlak bazarında sənədli və çıxarışlı mənzillərin qiymətinin bahalaşması ipoteka ilə mənzil almaq istəyən şəxslərin cibinə uyğun gəlmir”. 

Onun sözlərinə görə, kirayə mənzil bazarında da stimullaşdırmanın təmin olunması üçün İKZF tərəfindən müəyyən işlər görülür:

“Bu ay ərzində bir neçə dəfə yeni bina və mənzillərlə bağlı elan verdilər. Bununla belə, paytaxtın özündə yeni mənzillər qalmayıb və yalnız Abşeron rayonunda, Sumqayıt şəhərində və ətraf ərazilərdə bir neçə yeni bina qalıb. Hesab edirəm ki, İpoteka Fondu mənzil-tikinti kooperativləri ilə sıx əməkdaşlıq etməlidir.

Hətta onların maliyyələşməsində iştirak edə və özünün vəsaitləri hesabına bəzi binaların tikintisini həyata keçirə bilər. Amma təəssüf ki, bu işlər çox ləng gedir”. 

İKZF xətti ilə kirayə verilən mənzillərə də tələbatın yüksək olduğunu diqqətə çatdıran müsahibimizin sözlərinə görə, vətəndaşlar arasında bu mənzillərə maraq getdikcə artır:

“Bir fərq ondan ibarətdir ki, fondun təklif etdiyi mənzillər təklif olunan konkret ünvanlar üzrə kirayə götürülə bilər. Sonuncu dəfə Qaraçuxur qəsəbəsinin Surxay Yolçiyev küçəsində 13 mərtəbəli bir bina vətəndaşlara təklif olundu və qısa müddət ərzində bütün mənzillər tutuldu. 

Bir məsələ də ondan ibarətdir ki, ölkəmizdə gənc ailələrin daşınmaz əmlakla bağlı problemləri çox ciddi şəkildə qalmaqdadır. İpoteka mənzillərində olduğu kimi kirayə mənzillərə də tələbat çoxdur, amma əlçatanlılıq zəifdir. Bu gün qiymətlərin artmasını şərtləndirən amillərdən biri də budur.

Eyni zamanda, tikilən binaların və qurulan ailələrin sayı bir-birinə tərs mütanasib olduğu üçün qiymətlər bahalaşır. Bir sözlə, bazarda təklif gündən-günə azalır, tələb isə artır”. 

Qeyd edək ki, İKZF xətti ilə bu günə qədər 3736 mənzil kirayəçilərin istifadəsinə verilib.  

Bu günə qədər 45359 nəfər ipoteka kreditləri üçün müraciət edib və onlara ümumilikdə 2 milyard 686 milyon 319 min 031 manat məbləğində ipoteka krediti verilib. Cari dövrdə zəmanət və subsidiya verilmiş kreditlərin həcmi 361 milyon 950 min manat təşkil edib. 

Rövşən Ziya, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO