Transxəzər layihəsinin reallaşmasına mane olan NƏDİR? – İlham Şabanın ŞƏRHİ

Transxəzər layihəsinin reallaşmasına mane olan NƏDİR? – İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: Transxəzər layihəsinin reallaşmasına mane olan NƏDİR? – İlham Şabanın ŞƏRHİ

147474

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Artıq iyulun ortasındayıq. Və bu elə zamandır ki, ilin ilk yarısının nəticələri açıqlanır. Bu məlumatlar əsasında isə proqnozlara korrektələr etmək, illik gözləntilərin hansı göstəricilər üzərində tamamlanacağına dair daha səhih fikirlər yürütmək olar. 

Qlobal bazarlar. 

Başa çatan həftə neft bazarlarında Brent markalı neftin orta qiyməti 80 dollardan baha həddə oldu. Qeyd etmək gərəkdir ki, artıq dördüncü həftədir ki, neft qiymətləri az da olsa artım nümayiş etdirirlər. Belə ki, həftənin ilk hərracında satış qiymətləri bir barel üçün 78,25 dollardan başlasa da artıq günortaya 80,64 dollar həddinə qədər artım edə bilmişdi. Sonrakı gün 79 dollardan baha satılan neft həftə sonuna qədər satış qiymətlərini 80 dollardan baha həddə qoruya bildi və cümə günü 80,91 dollara qədər yüksəldi. 

Neft qiymətlərinin artımına səbəb isə ona olan tələbatın artımı və bazar iştirakçılarının yaxın perspektivdə indiki hasilat göstəriciləri ilə bu tələbi qarşılamaq imkanında olmayacaqları ilə bağlı verilən müxtəlif proqnozlardır. Proqnozlar özünü adətən heç də doğrultmur, amma bazara mövcud təsir imkanları kifayət qədərdir.

Avropadakı qaz qiymətlərinə gəldikdə isə, həftənin əvvəlində 1000 kubmetri 282 dollara satılan qaz həftə sonu hərracları 318 dollarla başa vurdu. Onu deyim ki, istehlakçıları indiki şəraitdə kifayət qədər qaneedici bir qiymətdir. Baxmayaraq ki, Avropada hazırda yay Bakıdan isti keçir və enerjiyə tələbat yüksəlib, ancaq artmış tələbat əsasən alternativ enerji mənbələrinin hesabına ödənildiyindən qaz qiymətləri mayın sonuncu həftəsindən demək olar ki, eyni qiymət diapazonunda ticarət edilməkdədir. 

Transxəzər qaz kəməri. 

Azərbaycanda regional və beynəlxalq təsirə malik ola biləcək enerji xəbəri bu həftə sonu Şuşadan gəldi. Qlobal Media Forumunda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev “Transxəzər qaz kəmərinin tikintisinin baş tutub tutmayacağı” ilə bağlı ona ünvanlanmış sualı cavablandırarkən maraqlı məqamlara toxundu və vaxtaşırı gündəmə gətirilən bu layihənin indiki şəraitdə maliyyə mənbələri aydınlaşdırılmayana qədər reallaşdırılmasını qeyri-real hesab etdiyini açıqladı. 

“Boru kəməri sistemlərimizin genişləndirilməsi öz resurslarımızın artması ilə bağlıdır. Xəzər dənizinin şərq hissəsindən əlavə qaz həcmləri əldə etmək üçün bu, şübhəsiz ki, Transxəzər sualtı qaz kəmərinin tikintisini tələb edir. İkincisi, Bakıdan Avropa istiqamətində Cənub Qaz Dəhlizinə bənzər infrastruktur yaratmaq lazımdır”, - deyə Azərbaycan Prezidenti izah etdi.

Dövlət başçısının sözlərinə görə, "bu layihəni kim maliyyələşdirəcək?” sualı yaranır. "Hələlik bu sualın cavabı yoxdur. Ona görə də bu suala cavab tapılmayana qədər, hesab edirəm ki, bu layihənin həyata keçirilməsi o qədər də real görünmür”, - deyə Əliyev vurğulayıb.

Prezident onu da qeyd edib ki, hazırda Avropa bankları ənənəvi enerji resurslarının hasilatını nəzərdə tutan layihələri maliyyələşdirmir və bu layihə üçün vəsait toplamaq çox çətin olacaq.

“Cənub Qaz Dəhlizi layihəsi həyata keçirilən zaman biz Avropa İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və sair beynəlxalq qurumlardan vəsait cəlb etdik. Amma hazırda iki Avropa qurumları belə layihələri deyil, yaşıl enerji layihələrini maliyyələşdirir”, - deyə Əliyev bildirib.

Dövlət başçısı Avropada qazın qiymətinin formalaşmasına da toxunub.

“Avropada qaz qiymətlərində də dəyişikliklər müşahidə edirik. Bundan başqa, qazın qiymətinə qoyulan tavan da qəbuledilməzdir. İstehlakçılar Avropa ölkələrinin illərdir bazar prinsiplərinin tərəfdarı olmasına baxmayaraq, bazar iqtisadiyyatı prinsiplərinə zidd olan qiymətlərə həddi müəyyən edirlər. Beləliklə, günümüzün reallıqlarında bu, çox ciddi problemdir. Əgər kimsə Transxəzər layihəsini həyata keçirmək istəsə, biz buna sevinəcəyik. Bizə əlavə tranzit rüsumları ödəniləcək və əməkdaşlıq üçün əlavə imkanlar yaradılacaq”, - deyə o yekunlaşdırıb.

Qeyd edim ki, Azərbaycan Prezidenti heç də səbəbsiz Transxəzər layihəsinə toxunmamışdı. Belə ki, son zamanlar Qərbdəki bəzi dairələr Cənub Qaz Dəhlizi ilə Türkmənistan qazının daşınması ilə bağlı fikirlər səsləndirirlər. Amma Azərbaycan və onun tərəfdaşlarının uzun illər və sonradan böyük kapital sərf etmək hesabına ərsəyə gətirdikləri bu meqa infrastruktur hətta genişləndirildikdən sonra belə Azərbaycanın yaxın perspektivdə istismara verəcəyi yeni layihələr hesabına tam gücü ilə işləyə biləcək. 

Ona görə də, Azərbaycan Prezidenti vurğulayır ki, biz öz resurslarımızı özümüzün tikdiyimiz borularla Avropa bazarlarına çıxardacağıq, əgər kimsə Avropada türkmən qazı almaq istəyirsə, heç bir problemi yoxdur, Azərbaycan öz ərazisindən tranzit daşımaları üçün torpaq sahəsi ayıra bilər və gəlib yeni boru tiksinlər və Avropaya daşıyıb aparsınlar. Ancaq bu qədər xərci qarşılamaq gücündə Avropada şirkətlər və maliyyə qurumları hazırda varmı?  

Abşeronun böyük qazının ilk müzakirəsi. 

Bu həftə öz ehtiyatlarına görə “Şahdəniz”dən sonra Azərbaycanın ikinci ən böyük qaz yatağı olan “Abşeron”un böyük qazının bazarlara çıxarılması planının müzakirələri başlayıb.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 20 iyul 2023-cü il tarixində Fransanın “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Jean-Luc Guiziou ilə görüşüb.

Görüşdə 11 iyul 2023-cü il tarixində cari ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə verilən tapşırıqları rəhbər tutaraq, layihənin icrası ilə bağlı görüləcək işlər müzakirə edilib.

Görüş çərçivəsində “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə cari ilin iyul ayının əvvəlində hasilata başlanılmasından məmnunluq ifadə olunub, layihənin cari vəziyyəti və ölkəmizin hasilat potensialının artırılması baxımından əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsi iki mərhələdə həyata keçirilir.
İlkin hasilat layihəsi çərçivəsində hazırda gündəlik 4,3 milyon kubmetr qaz və 1400 ton kondensat hasil olunur (illik orta hesabla 1,5 milyard kubmetr qaz və 500 min ton kondensat çıxarılması planlaşdırılır).

Xatırladım ki, “Abşeron” yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişi 2009-cu ildə imzalanıb. 2011-ci ilin sentyabrında burada dənizin 474 dərinliyində 6874 metr dərinlikdə qazılan kəşfiyyat quyusunun məhsuldar karbohidrogen layları açmağa müvəffəq olub.

2011-ci ilin 2 iyul tarixində Fransanın “Total” şirkəti (kəşfiyyat işləri üzrə operator, indiki “TotalEnergies” şirkəti) kəşfiyyat quyusunun təhlil edilmiş nəticələrini açıqlayaraq məhsuldar layin qalınlığının 160 metr, Balaxanı və Fasilə lay qatlarında kəşf edilmiş ehtiyatların isə 150-300 milyard kubmetr arasında olduğunu bildirib.

“Abşeron” yatağında həyata keçirilən layihə nəticəsində açılmış yataq Fransa şirkətinin son 10 ildəki ən böyük kəşf hesab edilib.

21 noyabr 2016-cı il tarixdə “Abşeron” yatağı üzrə “İlkin Qaz Hasilatı” planının həyata keçirilməsi çərçivəsində müqavilə iştirakçıları arasında müqavilə və kommersiya şərtlərini müəyyən edən Saziş imzalanır.

Razılaşdırılmış sənədə görə, işlənmə suyun 450 metr dərinliyində bir hasilat quyusunun qazılmasını nəzərdə tutur və istehsal olunan qaz bütünlüklə Azərbaycanın daxili bazarına yönəldiləcək.

2019-cu ildə qazılmış qiymətləndirmə quyusunun nəticələri əsasında SOCAR “Abşeron” yatağının potensial ehtiyatlarını 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat həcmində dəyərləndirib. 

Hazırda hesab edilir ki, “Abşeron” yatağının növbəti mərhələsi üzrə ildə minimum 5 milyard kubmetr qazın ixracı mümkündür. 

Artan neft gəlirləri. 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) aktivlərinin 2023-cü ilin I yarısında $5 milyard 881,5 milyon və ya 12% artaraq $54 milyard 915,1 milyon təşkil etdiyini açıqlayıb. 
Aktivlərin artımı ARDNF-nin büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. 

2023-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-in gəlirləri 11 milyard 701,4 milyon manat (ötən ilin yeni dövründə 6 milyard 935,2 milyon manat), xərcləri isə 2 milyard 680,8 milyon manat (4 milyard 663.2 milyon manat) təşkil edib. Gəlirlər xərcləri ilin I yarısında 4,36 dəfə üstələyib.
Hesabat dövründə Neft Fonduna mənfəət neftinin və qazın satışından 7 milyard 854,6 milyon manat (ötən ilin eyni dövründə 9 milyard 588,6 milyon manat) gəlir daxil olub. Tranzit gəlirləri 0,8 milyon manat (7,2 milyon manat), bonus ödənişləri 765,3 milyon manat (768,7 milyon manat), akrhesabı ödənişləri 3,6 milyon manat (4,7 milyon manat) təşkil edib. Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirləri isə 3 milyard 77,1 milyon manata qədər yüksəlib. Ötən ilin ilk altı ayının yekunlarına görə isə Fond bu maddə üzrə 3 milyar 434 milyon manat zərər əldə etmişdi.

Yəni biz onu müşahidə edirik ki, Azərbaycanın neft hasilatı və ixracı cari ildə azalmaqda davam edib, həmçinin dünya bazarlarında neft qiymətləri də ucuzlaşıb. Bundan əlavə qazın istehsalı və ixracı artsa da, amma onun faktiki satış qiymətləri iki dəfədən çox ucuzlaşıb. Nəticədə Azərbaycanın mənfəət nefti və qazından Neft Fonduna daxilolmalar yarım ildə 1 milyard 734 milyon manat azalıb. Amma Fondun səhmlərə və digər qeyri-neft aktivlərinə etdiyi yatırımlarda qiymət artımı baş verdiyindən, həmçinin valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəlirlərinin 977,6 milyon manat təşkil etməsi səbəbindən,
vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlərin kəskin artımı ümumilikdə Fondun aktivlərinin ilin əvvəli ilə müqayisədə təqribən $5,9 milyard artımına gətirib çıxarıb.

Büdcəyə ödənilən neft vergiləri. 

2023-cü ilin I yarısında “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənilməsi ilə məşğul olan neft-qaz şirkətləri dövlət büdcəsinə 2 milyard 995,2 milyon manat məbləğində mənfəət vergisi ödəyiblər.

Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, “Şahdəniz” layihəsi üzrə 2 milyard 630,4 milyon manat, AÇG üzrə 364,8 milyon manat mənfəət vergisi ödənilib. 

Qeyd edim ki, 2022-ci ildə “Şahdəniz” və AÇG layihələrinin iştirakçıları dövlət büdcəsinə 5 milyard 393,904 milyon manat mənfəət vergisi ödəmişdilər ki, bu da 2021-ci ilin göstəricisindən 5,2 dəfə çox olmuşdu. 

2023-cü ilin ilk altı ayının nəticələrinə görə isə SOCAR Azərbaycanın dövlət büdcəsinə 992,5 milyon manat məbləğində vergilər ödəyib. Bütövlükdə, SOCAR-ın vergi ödənişləri cari ilin birinci rübü ərzində dövlət büdcəsinin gəlirlərinin 6,36%-ni təmin edib.

2022-ci ildə SOCAR tərəfindən dövlət büdcəsinə faktiki vergi ödənişləri 2 milyard 12,734 min manat təşkil etmişdi ki, bu da 2021-ci ilin göstəricisindən 76,3% çox olmuşdu. 

Dövlət büdcəsinə cari ildə şirkətlərin ödənişlərinin artıqlaması ilə olması isə onunla əlaqədardı ki, dövlət büdcəsinə onların ödənişləri neftin 1 barelinin orta ixrac qiymətinin 50 dollar qiyməti ilə hesablanmışdı. Reallıqda isə bu göstərici 83 dollar təşkil etdi və nəticədə şirkətlərin gəlirləri daha çox olduğundan vergi ödənişləri də yüksəldi. Büdcə neft şirkətlərindən daha çox gəlir əldə etdiyindən Neft Fondunun vəsaitlərindən daha az istifadə edildi, nəticədə onun valyuta ehtiyatları da xeyli artmış oldu. 

Bu isə Azərbaycanın makro-iqtisadi stabilliyinin qorunun saxlanılması, büdcənin xərclərinin artırılması və ölkədə aparılan quruculuq işlərinin daha yüksək templə davam etdirilməsi üçün yeni imkanlar açdı.    

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO