“Qarabağ” bu gün Çempionlar Liqasında 5-ci turun oyununa çıxacaq. Komandamız öz meydanında Niderlandın “Ayaks” klubu ilə qarşılaşacaq. Həmin o, “Ayaks”la ki, vaxtilə Avroliqanın qrup mərhələsində görüşmüş və hər iki oyunda məğlub olmuşdu.
Ancaq bu dəfə vəziyyət fərqlidir.
Əvvəla “Qarabağ” Çempionlar Liqasında yarışır. “Ayaks”dan fərqli olaraq 7 xal toplayıb. Digər tərəfdən Ağdam klubunun bu mövsüm göstərdiyi oyun müsbət proqnozlar verməyə əsas verir. Rəqib isə Bakıya ilk xalını qazanmaq üçün gəlir. Ona görə də, Qurban Qurbanovun komandasını necə çətin oyunun gözlədiyi indidən təxmin etmək olar.
Bəs, komandamızın “Ayaks” qarşısında qələbə şansı necə qiymətləndirilir?
Milli komandamızın keçmiş məşqçisi Arif Əsədov Bizim.Media-ya açıqlamasında bildirib ki, “Ayaks”la oyunu “Qarabağ”ın ən çətin görüşlərindən biri olacaq:
“Baxmayaraq ki, komandanın xalı yoxdur, onlar bura çox iddialı gəlirlər. İtiriləsi nələrisə yoxdur. Üstəlik, məşqçi dəyişikliyi də baş verib. Komandaya yeni nəfəs gəlib. Futbolçular oyuna çox rahat çıxacaqlar və çalışacaqlar ki, özlərini ən yaxşı tərəfdən yeni baş məşqçiyə göstərsinlər. Adətən belə dəyişiklik olanda komandaya müsbət təsir edir.
Düzdür, “Qarabağ” doğma meydanda oynayır, azarkeş amili bizim xeyrimizədir. Amma “Qarabağ”ın ilk dəqiqələrdən hücuma atılıb hesabda önə keçməsi çox vacibdir. Əks halda çempionumuza çox çətin olacaq. Ancaq tərəflərin dəyərləndirməsini aparsaq “Qarabağ” favoritdir. 3 xalı qazansa, bu komandamızın play-off-a çıxmaq şansını artırır. “Qarabağ”da həyəcan istər-istəməz olacaq, çünki bu həlledici oyundur və bu amil komandanın məsuliyyətini artırır. Uğurlar arzulayıram”.
Millimizin keçmiş üzvü Mahmud Qurbanov da qarşılaşmanın “Qarabağ” üçün çox vacib olduğunu düşünür:
“Ayaks” bu oyuna çox rahat çıxacaq və üzərilərində heç bir təzyiq olmayacaq. Onların itiriləsi bir şeyi yoxdur. “Ayaks”ın xalı olmamasına baxmayaraq oyun “Qarabağ” üçün asan keçməyəcək. Çünki “Ayaks”ın adı və nüfuzu var və onlar həm də buna görə qələbə qazanmaq istəyəcəklər. Ancaq “Qarabağ” qalib gələrsə, play-off-a çıxmaq şanslarını artıracaq. Bu baxımdan görüş “Qarabağ” üçün daha əhəmiyyətli sayılır.
“Qarabağ” həmişəki oyununu göstərsə, qələbə qazana bilər. “Ayaks” hazırda yaxşı formada deyil və bundan istifadə etmək lazımdır. Ümid edirəm ki, “Qarabağ” bu oyunu qələbə ilə başa vuracaq”.
Rəşad Rafiqoğlu, Biizm.Media

- A-
- A
- A+
İdman
09:00 / 10.12.2025
“Play-off”a çıxmaq istəyən “Qarabağ”, itirəcək heç nəyi olmayan “Ayaks” – Komandamızın QƏLƏBƏ ŞANSLARI
Hazırda oxunan: “Play-off”a çıxmaq istəyən “Qarabağ”, itirəcək heç nəyi olmayan “Ayaks” – Komandamızın QƏLƏBƏ ŞANSLARI
Hazırda oxunan: “Play-off”a çıxmaq istəyən “Qarabağ”, itirəcək heç nəyi olmayan “Ayaks” – Komandamızın QƏLƏBƏ ŞANSLARI
584689
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































