Qurban Qurbanov: \

Qurban Qurbanov: \"Bu, heç bir komanda üçün xoş hal deyil\"

Hazırda oxunan: Qurban Qurbanov: \"Bu, heç bir komanda üçün xoş hal deyil\"

31387

"Oyunun sonunda belə halın yaşanmasını istəməzdik. Məsələyə UEFA baxacaq. Nə qərar verəcək, bu, qurumun üzərinə düşür".

Bizim.Media-nın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə AEL-lə 1:1 hesablı heç-heçə etdikləri Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda yaşananlar haqqında danışarkən deyib.

49 yaşlı mütəxəssis bildirib ki, belə hal heç bir komanda üçün xoş deyil: "Amma ümumən biz idmançılarıq. Daha çox çalışmalı, öz işimizlə məşğul olmalıyıq.

Bəzən elə hallar olur ki, hamımız reaksiya veririk. Çünki kənardan tanımadığımız kimlərsə bu cür hərəkətlərə yol verirlər. Dəfələrlə bizə qarşı belə təxribatlar olub.

Hər zaman öz mədəniyyətimizi göstərmişik. Çünki Azərbaycanı təmsil edirik. Maksimum səbrli olmalıyıq. Heç kimdən qorxmuruq, çəkinmirik. Sadəcə, özümüzü idman prinsiplərinə uyğun aparmağa çalışırıq".

Qurbanovun sözlərinə görə, dünya futbolunda da belə hallar çox olub: "Bəlkə də futbolun gözəlliyi və özəlliyidir. Amma hər bir halda heç kim istəməz ki, bunlar baş versin. Çünki nəticə heç də yaxşı olmur. Öz əxlaqımızı qoruyub saxlamağa çalışırıq. UEFA nümayəndəsi ilə danışdıq, o da davranışımıza görə bizə təşəkkür etdi. Azarkeşlər həddindən artıq aqressiv idilər, futbolçularımıza yad əşya atırdılar. Vurdular, birinin başına, birinin qoluna dəydi".

Baş məşqçi bildirib ki, bütün bunlar UEFA nümayəndəsinin gözləri qarşısında baş verib: "Mən maksimum dərəcədə futbolçularımızı sakitləşdirməyə çalışırdım.

Düzdür, sonda özümü bir qədər aqressiv apardım. Amma Bakıdakı oyunda idman prinsiplərini qorumağa çalışacağıq. Çünki işimiz meydanda özümüzü doğru-düzgün idarə etmək və yaxşı nəticə qazanmaqdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO