“Qarabağ”ın tarixi oyunu ilə bağlı idman ekspertlərinin GÖZLƏNTİLƏRİ

“Qarabağ”ın tarixi oyunu ilə bağlı idman ekspertlərinin GÖZLƏNTİLƏRİ

Hazırda oxunan: “Qarabağ”ın tarixi oyunu ilə bağlı idman ekspertlərinin GÖZLƏNTİLƏRİ

181527

Xəbər verdiyimiz kimi "Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti matçına çıxacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Almaniyanın "Bayer 04" klubunu qəbul edəcək. Yerli vaxtla saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya böyük maraq var.

Nəzərə alaq ki, bu oyuna beynəlxalq arenada da diqqət böyükdür. Çünki alman komandası bu il ən yaxşı mövsümünü keçirir və cari mövsümdə məğlubiyyət acısı dadmayıb.

Bəs, oyunla bağlı ekspertlərin gözləntiləri nələrdir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən idman şərhçisi Rəşad Rafiqoğlu qeyd edib ki, bu təkcə “Qarabağ”ın deyil, Azərbaycan futbolunun ən önəmli oyunlarından biridir:

“İlk dəfə klub futbolunda Avropanın 16 ən yaxşı komandası arasına düşmüşük. Bu tarixi şansdan istifadə edib “Qarabağ” mərhələ də keçə bilər. Təbii ki, matçın favoriti “Bayer”dir. Bu komanda hazırda Avropanın ən yaxşı 3 komandasından biridir. Mən deyərdim ki, hətta Avroliqanın da favoritidir. Ağdam klubu üçün çətin olacaq. Ancaq Qurban Qurbanov və futbolçuları belə oyunları çox görüblər.

Üstəlik, rəqiblər qrup mərhələsində qarşılaşıblar. Xüsusilə, Bakıda “Qarabağ”ın “Bayer”ə qarşı yaxşı, inamlı oyununun şahidi olmuşuq. Məncə, “Qarabağ” bu dəfə Almaniya təmsilçisindən daha şanslıdır. Çünki futbolu titullar oynamır, futbolçular meydanda mübarizə aparır və qazanır. “Qarabağ” mərhələ keçməsə belə, yaxşı və layiqli oyun göstərəcəyinə inanıram”.

“İnanırıq ki, “Qarabağ” bu sınaqdan da üzüağ çıxacaq”

Futbol eksperti Siyavuş Əliyev isə bildirib ki, bu gün Azərbaycan futbolu tarixinin ən yaddaqalan günlərindən biridir:

“Günün bu cür əhəmiyyətli olmasının səbəbkarı da “Qarabağ” klubudur. Məlum olduğu kimi, avrokuboklarda hər ötən mərhələ əvvəlkindən daha maraqlı olur və daha geniş auditoriya tərəfindən izlənilir. Sevindirici haldır ki, Azərbaycan futbolunun təmsilçisi də belə bir mərhələyə qədər gəlib çıxa bilib.

1/8 final mərhələsinə vəsiqə qazanan komandalara nəzər saldıqda, orada ən böyük futbol ölkələrini görə bilərik. İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa, Niderland və digər ölkələrin təmsil olunduğu mərhələlərdə “Qarabağ”ın da olması klub üçün həm ciddi maliyyə qazancı, həm də yeni azarkeş kütləsinin qazanılması deməkdir.

Rəqibin “Bayer” kimi bir komanda olması da “Qarabağ”ın imicinə əlavə bir töhfədir. Mövsümdə məğlub olmayan yeganə Avropa komandası ilə qarşılaşma ciddi sınaqdır. İnanırıq ki, “Qarabağ” bu sınaqdan da üzüağ çıxacaq”.

“Qarabağ” növbəti uğurunu qazana bilər”

İdman yazarı Vüqar Nəzərovun sözlərinə görə, nəticədən asılı olmayaraq “Qarabağ”ın Avropa Liqasının 1/8 finalında təmsil olunmağı özü bir uğurdur:

“Son illər komandamızın inkişafı göz qabağındadır və ildən-ilə komandanın səviyyəsi, gücü artır. “Bayer” güclü kollektivdir, həm bu mövsüm uduzmayıblar, həm də Almaniyada “Bavariya”nın uzun illər davam edən hegemonluğuna son qoyublar.

Baş məşqçi Xavi Alonso da Qurban Qurbanov kimi iddialı və öz işini bilən mütəxəssisdir. Məncə, bu məşqçilərin dueli son illərin ən yaxşı oyunlarından biri olacaq. Bu günkü qarşılaşmada anşlaq olacaq. “Qarabağ” azarkeşlərin güclü dəstəyindən də istifadə edib, növbəti uğurunu qazana bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO