Moderator.az - ın əməkdaşı bu gün Vəkillər Kollegiyasından kənarlaşdırılan tanınmış vəkil Müzəffər Baxışovdan bir neçə suala cavab alıb:
- Müzəffər bəy, aldığımız məlumata görə bu gün Sizin Vəkillər Kollegiyasından kənarlaşdırılmağınızla bağlı qərar qəbul olunub və bununla bağlı məhkəməyə müraciət olunacaq. Kollegiyanın bu qərarına münasibətinizi bilmək istərdik.
- Qərar tamamilə qanunsuzdur və qəbul etmirəm. Qərardan məhkəməyə şikayət edəcəklər və mən də öz haqqım uğrunda mübarizə aparacağam.xa0
- Kollegiyadan uzaqlaşdırılmağınızın əsl səbəbləri nədir?
- Mənim kollegiyadan kənarlaşdırılmağım üçün onların əlində heç bir qanuni əsas yoxdur. Sadəcə mən haqqı dediyimə görə təqib olunuram. Konkret olaraq Ali Məhkəmənin sədri Ramiz Rzayevin bir işdə tərəflərdən birinin arxasında dayanıb məhkəmələrə qanunsuz qərarlar qəbul etdirdiyini tənqid etdiyimə görə məndən intiqam alınır. Elə ona görə də mən Ramiz Rzayevin tapşırığı ilə kollegiyadan kənarlaşdırılıram.xa0
- Sirr deyilsə, Ali Məhkəmə sədrinin hansı işdə qanunsuz mövqe tutduğunu deyə bilərsinizmi?
- Yasamal Rayon Məhkəməsində iki tərəf arasında mübahisə gedir, tərəflərdən biri Müdafiə Nazirliyinin diş poliklinikasının keçmiş həkimi Fərhad Cəfərovdur. Fərhad Cəfərov açıq şəkildə bildirir ki, o Ramiz Rzayevin diş həkimidir və ona görə də istənilən məhkəmə instansiyasında o qalib gələcək. Təsəvvür edin ki, Yasamal rayon Məhkəməsinin qanunsuz qərarı Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilsə də Ramiz Rzayevin tapşırığı ilə Ali Məhkəmə hakim Tatyana Qoldmanın sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsini ləğv edərək tamamilə qanunsuz bir qərar qəbul edir. Hesab edirəm ki, Azərbaycan məhkəmlərinə Ramiz Rzayevin bu cür qanunsuz müdaxiləsinə son qoyulmalıdır və ölkənin məhkəmə sistemini Ramiz Rzayev kimi adamlardan xilas etmək lazımdır. Dediklərimin üzərində duracağam, haqlı olduğuma şübhəm yoxdur və sona qədər də mübarizə aparacam. Heç kəs də məni bir Azərbaycan vətəndaşı və bir vəkil kimi öz tənqidi fikirlərimə görə təqib edə bilməz, Bu müdaxilə tamamilə qanunsuzdur və istər milli qanunvericiliyə, istərsə də beynəlxalq hüquq normalarına tamamilə ziddir. Yeri gəlmişkən bildirim ki, mənimlə bağlı bu cür qanunsuz qərarın qəbul edilməsi sizin hörmətli Moderator.az saytında xalqımıza Ramiz Rzayev haqqında həqiqətləri dediyimə görə baş verdi və bundan qətiyyən peşman da deyiləm.


























































































