Azərbaycana GMO məhsullarının istehsalına nəzarət gücləndiriləcək.
Azərbaycana idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən istifadə edilməməsi haqqında məlumat göstərilməlidir”.
Bu dəyişikliklər “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanun layihəsində öz əksini tapıb.
Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasının gündəliyində müzakirə olunan mövzularından biri məhz bu məsələ olub. Qanun layihəsi barədə məlumat verən komitə sədri Eldar İbrahimov deyib ki, ölkədə əhalinin sağlamlığının qorunması məqsədi ilə geni modifikasiya olunmuş məhsulların idxalı qadağan olunub və bununla əlaqədar olaraq səkkiz qanuna dəyişiklik edilib:
“Məhz bu gün müzakirəyə çıxarılan qanuna dəyişiklik də məhz GMO məhsullarının istehsalının qadağan olunmasına xidmət edir. Adı müzakirəyə çıxarılan qanunun qüvvədə olan 18-ci maddəsinə əsasən ölkəmizə idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən istifadə haqqında məlumatlar göstərilməli idi.
Onun sözlərinə görə, qanuna edilən mövcud dəyişiklik əhalinin sağlamlığının qorunmasını təmin edən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, dövriyyəsi və idxalı ilə bağlı məsələləri daha da ciddiləşdirəcək.
Komitə iclasının gündəliyində yer alan ikinci məsələ isə “Balıqçılıq haqqında” qanuna dəyişikliklər edilməsi olub. Dəyişikliyə əsasən qanun layihəsinin 20-ci maddəsi yeni redaksiyada verilib. Belə ki, dövlətin balıq mühafizə və akvakultura sahəsində əsas vəzifələri aşağıdakılardır:
- balıq və digər su bioresurslarının və onların məskunlaşdığı mühitin mühafizəsini təmin etmək;
- balıq və digər su bioresurslarının artırılması, bərpası, istifadəsi, mühafizəsi və qorunması sahəsində hüquqpozmaların qarşısını almaq və onları aradan qaldrımaq;
- akvakulturanın inkişafını təmin edən dövlət, regional və yerli proqramlar hazırlamaq;
- akvakultura subyektlərinin bu qanunun tələblərinə uyğun fəaliyyət göstərməsinə köməklik etmək və s.
Dəyişikliklərə əsasən mövcud qanun layihəsinin 21 və 22-ci maddələri ləğv edilib.
Məlumat üçün bildirək ki, qanuna dəyişikliklər Prezidentin mərkəzi icra hakimiyyəti orqanlarına münasibətdə səlahiyyətlərinin məhdudlaşdırılması hallarını aradan qaldrımaq məqsədi ilə hazırlanıb.

































































































