“Sumqayıtda ”İŞİD bayrağı" sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda Sumqayıtda İraq-Şam İslam Dövləti (İŞİD) adlanan qruplaşmanın bayraqları müşahidə edildiyi bildirilirdi. Sumqayıtda kimliyi bəlli olmayan şəxslər avtomobillərin arxa şüşələrinə İŞİD-in bayrağına bənzər yazı olan qara pərdə vurub. “Yeni Müsavat” həmin maşınlardan birinin fotosunu da təqdim edib. Həmin maşın qara rəngli, Az 90 BS 081 nömrə nişanlı “Mercedes”dir.
Maraqlıdır ki, Azərbaycanda avtomobillərə dini şüarlar vurmaq artıq neçə ildir ki, rəsmən qadağan olunub. Belə olan halda, həm də İraqda və Suriyada qanlı müharibənin davam etdiyi bir zamanda İŞİD-in bayrağının hansı məqsədlə Sumqayıtda qaldırılması ciddi suallar doğurur. Məsələyə münasibət bildirən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ANS-ə deyib ki, təmsil etdiyi quruma bu haqda məlumat daxil olmayıb: “Bizə naməlum şəxslərin İŞİD-in bayrağı əks olunmuş pərdələrini avtomobillərə taxaraq Sumqayıt şəhərində gəzməsi ilə bağlı məlumat daxil olmayıb”.
K. Əliyev onu da əlavə edib ki, əslində avtomobilə hansısa əlavə vasitə vurmaq qadağandır. Bundan əlavə, avtomobili diqqəti dağıdan vasitələrlə idarə etmək də qanun pozuntusudur:
“Görüntünü məhdudlaşdıran, eləcə də digər yol iştirakçılarının diqqətini yayındıran vasitələri avtomobilə vurmaq olmaz. Əgər belə hal müəyyən olunarsa, həmin şəxs qanun çərçivəsində cəzalanacaq”. K.Əliyev iyulun 10-da “Yeni Müsavat”a verdiyi açıqlamada məsələ ilə bağlı müvafiq araşdırma aparıldığını deyib.
Qeyd edək ki, İŞİD-in bayrağı kimi təqdim olunan qara parçanın üzərində yuxarıda “La ilahə illəllah” (“Allahdan başqa Allah yoxdur”) yazısı, ortada isə ağ dairəvi fonda ərəbcə “Allahın rəsulu Məhəmməd” (s.ə.s) (və ya “Muhəmmədən Rəsulallah”) yazı əks olunub. Məhz ortadakı yazı İslam Peyğəmbərinin (s.ə.s) möhürü hesab olunur. Bu mənada sözügedən avtomobil sahibi pərdəyə İslam Peyğəmbərinin (s.ə.s) möhürünü vurduğunu da iddia edə bilər. Yeri gəlmişkən, Türkiyədə Harun Yəhya kimi tanınan Adnan Oktar da bu möhürdən istifadə edir. Ancaq hazırda bu möhürün elə də geniş yayılmadığı və əsasən İŞİD-in bayrağı kimi tanındığı bildirilir.
Musavat.com
































































































