Tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli Moderator.az-a açıqlamasında mövcud rejimə qarşı mübarizədə səmimi birliyə, əsl xalq hərəkatının zəruriliyinə diqqət çəkib. A.Səmədbəylinin sözlərinə görə, bunsuz anti-demokratik rejimə qarşı mübarizədə uğru əldə etmək mümkün deyil:
“NİDA-çılarla bağlı bu son biabırçı məhkəmə də əvvəkilərdən fərqlənmədi. Bu, rejimin mahiyyətindən irəli gəlir. Bu rejim gəncləri demokratik mübarizədən uzaqlaşdırmağa məcbur edir, gənclər də gedib İranın, ya Ərəbistanın, ya da başqalarının din tələsinə düşürlər. Əslində İslama xidmət etmək məqsədilə gedirlər, amma fərqində olmadan xarici kəşfiyyata işləyirlər. Bunun da günahı əsasən iqtidardadır. Ona görə ki, ölkədə normal demokratik mühit olsa, insanlara mübarizə aparamaq üçün normal imkan verilsə, nəticə belə olmaz. Ona görə də təkcə NİDA-çıları, bütövlükdə xalqı bu rejimdən qorumaq və xilas etmək üçün bugünkü mübarizə metodunun özünü doğrultmadığı ortadadır. Ona görə hesab edirəm ki, siyasilərimiz yəqin bu barədə bir daha götür-qoy edəcək və lazımı qərarları qəbul edəcəklər.
Birlikdə mübarizə sözdə deyil, əməldə özünü göstərən zaman mütləq müsbət nəticə olur. Amma bu birlikdəlik nəfslərdən arınmış, qarşılıq gözləməyən birlik olmalıdır. Siyasi ambisiyalarla dolu olan birlik nəticə verməyəcək. Vətəni, milləti xoşbəxt etmək eşqi üzərində köklənmiş birlik isə mütləq nəticə verər.
“Bir olsa yoldaşın, dostun əməli,
Daşdan su çıxara onların əli”. Bunu böyük Nizami deyib. Və ya belə bir hədis var: “Birlikdə xeyir vardır”.
“Harda birlik, orda dirlik”. Bu da atalarımızın bizə nəsihəti və vəsiyyətidir.
Azərbaycanda yeni bir xalq hərəkatına ehtiyac var. Siyasi partiyalar mübarizəsi diktə rejimini dəyişməyə yetərli deyil. Bu, uzun illər aparılan təcrübədən də aydın oldu. Bütün dünyada olduğu kimi bizdə də bu rejimi ancaq xalqın gücü ilə dəyişmək mümkün olacaq”.
Seymur Əliyev
































































































