Eldar Mahmudovun milli təhlükəsizlik naziri postundan kənarlaşdırılmasını çoxları artıq kadr islahatlarının başlanğıcı kimi yozmağa başlayıb. Sizin qiymətləndirməniz nədir? Parlament seçkilərinə yarım ay qaldığı bir dönəmdə bu sərəncam "islahatlara başlayıram" mesajı kimi də xarakterizə oluna bilərmi?
Eks-spiker Rəsul Quliyev Moderator.az - a açıqlamasında Eldar Mahmudovun vəzifəsindən kənarlaşdırılmasından sonra yaranmış durumun diqtə etdiyi bu suala aşağıdakı cavabı verib:
Bu şəxsin hansı səbəbdən işdən azad edildiyini söyləmək çətindir, daha doğrusu mümkün deyildir. Xəfiyyə idarəsinin başçısı bir neçə halda işdən azad edilə bilər. Məsələn, ölkədə böyük insan tələfatı ilə qurtaran terror aktı mümkün olanda. Və ya xarici kəşfiyyata qulluq edən birisinin Prezident Aparatı və ya Müdafiə Nazirliyində uzun müddət işləməsi müəyyənləşərsə. Bu qəbildən olan hadisələr baş verərsə o işdən azad edilə bilər, bu tədbirin səbəbini hamı başa düşər və əlavə fərziyyələrə ehtiyac qalmaz.
Bir halda da o işdən azad edilə bilər. Məsələn, prezidentin və onun icazə vermədiyi ətrafının telefon danışıqlarına qulaq asılsa, atdıqları addımlar izlənilsə prezidentin qəzəbinə düçar ola bilər və o əgər emosional adamdırsa onu o dəqiqə işdən çıxarar. Yəni belə bir iş baş veribsə, oturuşmuş adam tez qərar qəbul etməz, özünü bilməməzliyə vurub bu işin nə məqsədlə görüldüyün öyrənməyə çalışar.
Xəfiyyənin rəisinin azad edilməsi kadr reformasının başlamasından qəti şəkildə xəbər vermir. Kadr reforması korrupsiya və rüşvətin qarşısını almaq məqsədi ilə aparılacaqsa bu dramanın əsas qəhrəmanları Polis başqanı və Baş prokurordan başlamaq lazım idi, MTN - dən yox. Çünki korrupsiya - rüşvət piramidasında MTN ortadadır, ondan qabaqda Prezident Aparatı, çoxsaylı Polis, Prokurorluq dayanıb. Proseslərin nə üçün belə getdiyini və onun parlament seçkilərinə ziyanı və ya xeyiri olub - olmaması barədə fikir söyləmək düzgün deyildir. Çünki parlament seçkilərinin heç bir baş vermiş və ya baş verəcək hadisələrlə əlaqəsi yoxdur. Parlament seçkilərinin keçirilməsi mexanizmi artıq ideal səviyyəsinə çatıb. Burada siyahı müəyyənləşəndən sonra MSK və rayon icra başçılarına ötürülür, onlarsa öz işlərini bilirlər, camaatın seçkidə iştirak edib - etməsinin, səs vermələrinin heç bir əhəmiyyəti yoxdur.
Kadr reforması etmək üçün ilk növbədə nə istədiyini bilməlisən. Məsələn, vergi nazirinin zoru, polisin repressiyası ilə camaatdan büdcəyə bac - xəracla pul toplamaq istəyirsənsə, bu vəzifələri tutanları ya kənarlaşdırmalısan, ya da yerlərinə daha amansız qan içənləri gətirməlisən, ancaq bu yolla büdcə heç vaxt dola bilməz, camaat ayağa qalxa bilər. Əgər iqtisadiyyatı liberallaşdırmaqdan başlamaq istəyirsənsə, ilk növbədə makroiqtisadiyatdan başı çıxan və büdcəyə nəzarətdə heç kimlə, hətta prezidentlə kompromisə getməyən adam tapıb maliyyə naziri qoymalısan. Mərkəzi Banka heç bir hökümət orqanına, o cümlədən prezidentə qulaq asmayan müstəqil status verməlisən və sair".
































































































