Noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans təşkil olunub.
Bizim.Media xəbər verir ki, konfransda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Qırğız Respublikasının birinci xanımı Aygül Japarova, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan, BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Regina De Dominikis iştirak ediblər.
Tədbirin əsas məqsədi Mərkəzi Asiya və türkdilli dövlətlərin iqlim dəyişikliyinə qarşı mübarizəyə verdiyi önəmi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və bu dövlətlərin gənclərini iqlim gündəliyinə cəlb etməklə beynəlxalq öhdəliklər istiqamətində görülən tədbirləri təqdim etməkdir.
Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Qırğız Respublikasının birinci xanımı Aygül Japarova və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan konfransda çıxış ediblər.
Sonra Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva konfransda çıxış edib.
Daha sonra Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandan olan gənc ekofəalların təqdimatları olub.
Təqdimatlarda iştirakçı ölkələrin ekoloji problemləri və irəli sürdükləri təşəbbüslər nümayiş etdirilib.
Konfransda 2024-2030-cu illər üçün nəzərdə tutulan “Mədəni inkişafın təşviqi və uşaqların, gənclərin iqlim gündəliyinə cəlb edilməsi üzrə Beynəlxalq Strategiya”nın imzalanması mərasimi olub.
Çıxışlardan sonra birgə foto çəkdirilib.
Konfransdan sonra ali qonaqlar Yaşıl Zonada Heydər Əliyev Fondunun və Türkiyənin Sıfır Atık Fondunun birgə pavilyonu - COP29-da Həmrəylik Mərkəzini ziyarət ediblər.
Pavilyonda Heydər Əliyev Fondunun ətraf mühitin qorunması üzrə təşəbbüsləri təqdim olunub. Təhsil, səhiyyə və sosial sahələrdəki layihələrlə bağlı interaktiv zona yaradılıb. Sıfır Atık Fondu isə bu platformada resurs səmərəliliyi, tullantıların idarə olunması və təkrar emal sahəsindəki layihələrini, ətraf mühitin qorunması üzrə maarifləndirmə istiqamətindəki proqramlarını və innovativ həllərini təqdim edir.
Pavilyona ziyarət zamanı birinci xanımlar Şamaxı rayonunda gənclərin və könüllülərin iştirakı ilə keçirilən ağacəkmə aksiyasını bağlantı vasitəsilə izləyiblər. Aksiya zamanı ətraf mühitin qorunmasına töhfə olaraq 10 mindən çox şam ağacı əkilib.
Bizim.Media