Son illər Azərbaycanda süd vəzi xərçənginin bədxassəli yeni törəmələrindən ölənlərin sayı xeyli artıb. Ən pisi də odur ki, bu xəstəlikdən ölənlərin 30 faizdən çoxu 40 yaşına çatmayan qadınlardır.
Ötən il süd vəzi xərçənginə görə, Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxanalarda 1 528 cərrahi əməliyyat icra olunub.
Maraqlı faktlardan biri də odur ki, son bir ildə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində 64, özəl xəstəxana və tibbi turizmlə əlaqəli 108, ümumilikdə, özəl müəssisələrdə isə 862 əməliyyat icra olunub. Hazırda ölkədə, ümumilikdə, 31 mamoqraf fəaliyyət göstərir. Bu da olduqca azdır. MRT aparatlarının da sayı ölkə üzrə cəmi 11 ədəd təşkil edir.
Bəs, günümüzün bəlasına çevrilən süd vəzi xərçənginin yaranma səbəbləri nədir?
Məsələyə onkoloq Asif Abbasov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, süd vəzi xərçəngi bütün dünyada durmadan artır:
MÖVZU İLƏ BAĞLI:
Xərçəngə qarşı peyvənd uğurla sınaqdan keçirildi
“Təkcə 2022 ci ildə bu xəstəliyə tutulanların sayı 2 milyon 200 min nəfərdən artıq olub. Azərbaycanda da bu tendensiya davam edir. Sadəcə ümidverici hal odur ki, əvvəllər xəstələnən hər 2-3 xəstədən biri dünyasını dəyişirdisə, indi 5-6 xəstədən biri bu xəstəlikdən dünyasını dəyişir”.
Onkoloq süd vəzi xərçənginin səbəblərindən də danışıb:
“Qadın cinsinin olması, irsiyyət, daha erkən yaşlarda mensturasiya, daha gec yaşlarda menopauza, sıx süd vəzi toxumasına sahib olma, ionlaşdırıcı şüalara məruz qalma bu xəstəliyə yoluxmaya səbəb olur. Həmçinin piylənmə, siqaret və alkoqol qəbulu da bu riski artırır.
Amma mən əsas səbəbi qadınların gender bərabərliyinin bədəlini ödəmələrində görürəm. Belə ki, qadınların cəmiyyətdəki fəaliyyətinin artmasının nəticəsi olaraq onlar ya heç uşaq dünyaya gətirmirlər və ya gec yaşlarda ana olurlar, uşaqlarını uzun müddət ana südü ilə bəsləmirlər. Gecə növbələrində işləyənlərdə də bu xəstəlik daha çox rast gəlinir”.
“Qadınlar uşaqlarına süd vermədiklərinə görə...”
Ginekoloq Təranə Həsənovanın sözlərinə görə, süd vəzi xərçənginin yaranmasının səbəblərindən biri doğulan körpəyə südün verilməməsidir:
“Çünki, süd vəzi qadında yalnız müəyyən vaxtda - uşaq doğulandan sonrakı südvermə dövründə işləyir. Sonrakı dövrlərdə süd vəzi aktiv olmur. Biz hər zaman analara tövsiyə edirik ki, süd vəzini maksimal dərəcədə işlətsinlər. Bu da yalnız körpə doğulandan sonrakı dövrdə mümkündür. Nə qədər süd yığılır, o qədər də uşağa süd vermək lazımdır.
Amma nə edək ki, müxtəlif səbəblərə görə gənc analar körpəsinə ana südü verməkdən imtina edirlər. Bu da sonradan problemlərə yol açır. Dəfələrlə rastlaşmışıq ki, bəzi qadınlar körpəsinə uzun müddətli süd verməyib.
Nəticədə süd vəzində problemlər yaranıb, süd vəzində süd axarları genişlənib. Elə qadınlar var ki, onlara tövsiyə edirik ki, süd vəzinin sağlamlığı üçün yenidən ana olsun və körpəsini ana südü ilə bəsləsin. Süd vəzi xərçəngini yaradan digər səbəblər də var. Bunlar süd vəzinə implantların qoyulmasından, dar alt paltarının geyinilməsinə qədər olan səbəblərdir. Yəni, bu xəstəliyi yaradan mexaniki səbəblər də var”.
Surxay Atakişiyev, Bizim.Media