Adətən, kimdə nə yoxdursa, hey ondan danışar.
Qısaboy, bəstəboyun sərvi boyundan danışar.
Özünün cəddi bilər ən böyük aslanı pişik,
Sığınıb sahibinə qurda soyundan danışar.
Ümidin yaxşı hürən bir itə bağlarsa çoban
Sürünü fövtə verib qoç və qoyundan danışar.
Min fırıldaq düşünüb həccə gedən tülkü lələ
Başına sözdə gələn min bir oyundan danışar.
Əsliyox, zatıqırıq şəxs özü görmüş, sanasan,
Atasıyla anasın "şanlı toy"undan danışar.
Yenə açdırma, Oğuz, boş yerə ağzın ulağın,
Xəz bilər öz gönün, üstündəki "yun"dan danışar.





























































































