ABŞ Ədliyyə Nazirliyi ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsddə ittiham olunan Rout üçün yeni tələb irəli sürüb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi 2024-cü ildə ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdində təqsirli bilinən 59 yaşlı Rayan Uesli Rout üçün ömürlük həbs cəzası tələb edib.
ABŞ mətbuatında yer alan xəbərlərə görə, federal prokurorlar hazırladıqları 21 səhifəlik sənəddə Routun ömürlük həbsə məhkum edilməsini istəyiblər. Routun növbəti məhkəmə iclası fevralın 4-də keçiriləcək.
Trampa qarşı sui-qəsd cəhdi necə baş tutmuşdu?
Trampın 15 sentyabr 2024-cü il axşamı Floridada qaldığı evin yaxınlığında silah səsləri eşidilib. Hadisədən sonra yerli hüquq-mühafizə orqanları əraziyə baxış zamanı kolluqlar arasında bir AK-47 avtomatının tapıldığını və bir şübhəlinin saxlanıldığını açıqlayıb.
Rout “odlu silah saxlamaq” və “seriya nömrəsi silinmiş odlu silah saxlamaq” ittihamları ilə istintaqa cəlb edilib.
Bundan əlavə, namizəd prezidentə qarşı sui-qəsd cəhdi etmək, cinayət törətmək məqsədilə odlu silah saxlamaq, federal məmura hücum etmək, daha əvvəl məhkum edilmiş bir cinayətkar kimi odlu silah və sursat saxlamaq, eləcə də seriya nömrəsi silinmiş odlu silah saxlamaq ittihamları ilə üzləşən Rout bu ittihamları qəbul etməyərək məhkəmədə özünü müdafiə edib. Lakin məhkəmə sentyabrın 23-də Routu irəli sürülən bütün ittihamlar üzrə təqsirli bilib.
Fatimə Əliyeva, Bizim.Media































































































