Polşa Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Baltik dənizi üzərində Rusiya kəşfiyyat təyyarəsinin qarşısını kəsiblər.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! Polşa Rusiyanın kəşfiyyat təyyarəsini ƏLƏ KEÇİRDİ
Bizim.Media xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı məlumat yayıb.
Bildirilib ki, bu, cari həftə ərzində baş verən üçüncü oxşar hadisədir və Rusiya aviasiyasının Baltik regionundakı fəallığının artdığını göstərir.
Məlumata görə, oktyabrın 30-da səhər saatlarında iki Polşa MiQ-29 qırıcısı ölkənin hava sərhədlərinə yaxın ərazidə, Baltik dənizi üzərində Rusiya Hərbi Hava Qüvvələrinin İL-20 tipli kəşfiyyat təyyarəsini qarşılayıb. Rusiya təyyarəsinin “uçuş planı təqdim etmədiyi və transponderinin söndürülmüş vəziyyətdə olduğu” vurğulanıb ki, bu da “regiondakı hava hərəkəti təhlükəsizliyi üçün potensial risk yaradır”.
Polşa ordusunun açıqlamasında qeyd olunur ki, ölkənin hava məkanının pozulması faktı qeydə alınmayıb.
Komandanlığın bəyanatında həmçinin bildirilib ki, Polşa ordusu tam döyüş hazırlığı vəziyyətindədir və Rusiya Federasiyasının hər hansı təxribat xarakterli addımlarına NATO müttəfiqləri ilə sıx əməkdaşlıq şəraitində çevik şəkildə cavab verir.
Qeyd edək ki, oxşar hadisə oktyabrın 28-də də baş verib. Həmin vaxt da İL-20 Baltik dənizi üzərində beynəlxalq sular ərazisində uçuş planı olmadan və transponderi söndürülmüş vəziyyətdə hərəkət edib, lakin Polşa hava məkanını pozmayıb.
Rusiya Müdafiə Nazirliyi hadisələrə münasibət bildirməyib.
Bizim.Media































































































