Almaniyada bu gün tarixi adlandırıla biləcək parlament seçkiləri keçirilir.
Bizim.Media "TASS"a istinadən xəbər verir ki, kansler Angela Merkel bu dəfə namizədliyini irəli sürməyib və daha əvvəl növbəti Nazirlər Kabinetinin formalaşmasından sonra siyasətdən tamamilə ayrılmaq niyyətində olduğunu bildirib.
"Dəmir frau"nun 16 illik idarəçiliyindən sonra Almaniyanı yeni dövr gözləyir: Federal Respublikanın necə olacağı və hansı yolu seçəcəyi səsvermənin nəticəsindən asılıdır.
Sosioloji institutlar Almaniya Sosial Demokrat Partiyası ilə Xristian Demokratik və Xristian Sosial Birliklərin konservativ bloku arasında son dərəcə inadkar mübarizəni proqnozlaşdırırlar.
Seçki məntəqələri yerli vaxtla 08:00-da (GMT+4, 10:00) açılacaq və 18:00-da (20:00 GMT+4) bağlanacaq. Bağlandıqdan dərhal sonra telekanallar ilk exit-pol məlumatlarını dərc edəcəklər.
İlkin rəsmi nəticələrin bazar ertəsi gecəsi, son nəticələrin isə yaxın günlərdə veriləcəyi gözlənilir.
Hazırkı parlament seçkilərində Almaniyanın birləşməsindən sonra ən çox partiya iştirak edir. Federal Seçki Komissiyasına görə, 47 siyasi birlik namizədlərini irəli sürüb.
Ümumilikdə isə Bundestaqdakı yerlər uğrunda rekord sayda namizəd mübarizə aparacaq - 2021 qadın da daxil olmaqla 6211 nəfər.
Federal Statistika İdarəsinin məlumatına görə, ölkənin təxminən 60,4 milyon sakini səsvermə hüququna malikdir.
Rəsmi olaraq Angela Merkelin səlahiyyətlərinin müddəti Bundestaqın yeni tərkibinin ilk iclası ilə başa çatacaq (seçkilərdən sonra ən çox 30 gün ərzində baş tutmalıdır), lakin o, yeni Nazirlər Kabineti formalaşana qədər vəzifəsini yerinə yetirəcək.
Qeyd edilir ki, bu tarix 17 dekabra qədər uzanarsa, xanım Merkel 1 oktyabr 1982-dən 26 oktyabr 1998-ci ilədək 5869 gün kansler vəzifəsini yerinə yetirən Helmut Kolun rekordunu qıra bilər.
Bizim.Media