Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yeni dərs ilinin başlanması ilə bağlı məlumat yayıb.
BDYPİ-dən Bizim.Media-ya daxil olan məlumatda deyilir:
"Yeni dərs ilində tədrisin ənənəvi şəkildə təşkili küçə və yollarda təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində daha kəsərli tədbirlərin görülməsini tələb edir.
MÖVZU İLƏ BAĞLI:
DYP-dən sürücülərə MÜRACİƏT
Elə bu səbəbdən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən, sentyabr ayının 20-dən oktyabr ayının 20-dək ölkə ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək”.
Tədbir çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində bir sıra tədbirlər görüləcək.
Bunlara təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə müvafiq yol nişanlarının qoyulması, nişanlanma xətlərinin çəkilməsi, yenilənməsi və maarifləndirmə xarakterli təşviqat işləri daxildir.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yollarda uşaq travmatizminin minimuma endirilməsi üçün sürücüləri yol hərəkəti qaydalarına riayət etməklə azyaşlılara şəxsi nümunə olmağa çağırıb.
Bizim.Media