Moderator.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bir saat davam edən görüşdə iki ölkə arasında mövcud olan əlaqələr müzakirə olunub. Keçirilən görüşlərin sonunda baş nazirin köməkçisi Mütləqlə birgə mətbuat konfransı təşkil edən Davudoğlu, baş nazir Maliki və prezidentin vəkili Huzai ilə müzakirələrin çox yaxşı getdiyini deyib. Səfərin həm ikitərəfli əlaqələr, həm də regional münasibətlər baxımından xüsusi bir əhəmiyyətə malik olduğunu söyləyən türkiyəli nazir, İraqın sabitliyi və xoşbəxtliyinin, Türkiyənin dincliyi və xoşbəxtliyi kimi əziz və əhəmiyyətli olduğunu qeyd edib: "Tarix boyu birlikdə yaşadıq, əbədiyyətə qədər də birlikdə yaşayacağıq".
Mütləq isə bildirib ki, bu səfər ikitərəfli əlaqələrin yenidən inkişaf etdiyini göstərir. Yəni iki dövlət üçün yeni bir dövr başlayır. Türkiyənin 2003-cü ildə İraq işğalına qarşı çıxdığını həmişə xatırladıqlarını söyləyən Mütləq vurğulayıb ki, İraq xalqı türk xalqının həmin dövrdə küçələrə çıxaraq İraqa verdiyi dəstəyi heç zaman unutmayacaq.
Davudoğlu, iraqlı həmkarı Huşyar Zebari ilə görüşündən sonra verdiyi açıqlamada isə, Türkiyə və İraqın iki dost ölkə olaraq birgə hərəkət etdiyini və gələcəyə də birgə baxdıqlarını söyləyib. Son vaxtlarda Zəbarinin sabitliyin pozulmasına qarşı göstərdiyi yardımlara görə təşəkkür edən Davudoğlu, əlaqələrdə və əməkdaşlıqda sərhəd tanımıadıqalrlnl qeyd edib. O, iki ölkə arasında nəqliyyat, enerji, ticarət, mədəniyyət, səhiyyə və kənd təsərrüfatı olmaqla, bütün sahələrdə çox geniş əməkdaşlıq potensialının yarandığını deyib: "Son 2 ay müddətində edilən qarşılıqlı səfərlərlə hərəkət planını müvəffəqiyyətlə bu günlərə gətirdik. İnşallah, bu ay ərzində Türkiyə parlamentinin sədri Cəmil Çiçək, hörmətli Məclis sədri Usamə Nuceyfinin sentyabr ayındakı Türkiyə səfərinə cavab olaraq İraqa gələcək. Dekabr ayında isə texniki heyətlər bir araya gələrək, yüksək səviyyəli strateji əməkdaşlıq şurasının hazırlıqlarını icra edəcəklər".
Türkiyəli nazir qeyd edib ki, iki ölkə arasında sərhəd qapılarının sayının və təyyarə uçuşlarının sayının artırılması, qatar yollarında əlaqələrin gücləndirilməsi və dəmir yol xətlərinin yenilənməsi daxil olmaqla, iki ölkəni daha da çox inteqrasiya edəcək layihələri gündəmə gətiriləcək.


























































































