Qərblə Rusiya arasında günügündən soyuyan münasibətlər fonunda vəziyyəti daha da gərginləşdirəcək növbəti hadisə baş verib. Belə ki, Rusiya Müdafiə Nazirliyinin iyulun 29-da yayınladığı məlumatda Şimal qonşumuzun Çinlə birlikdə hərbi təlimlərə başlayacağı qeyd olunub.
Rəsmi Moskva və Pekin arasında get-gedə artan yaxınlaşma isə bu il daha çox nəzərə çarpır.
MÖVZU İLƏ BAĞLI:
Çin III dünya savaşının səbəbinə çevrilir - Planda Zəngəzur da var - TƏHLİL
Xüsusilə də, iyunun 28-də iki ölkə arasında əməkdaşlıq müqaviləsinin daha 5 il müddətə uzadılması ilə bağlı razılaşmanın əldə olunması, Qərbin iki əsas rəqibinin birgə hərəkət edəcəyinin siqnallarını vermişdi.
Hazırki təlimlərin keçirilməsinin əsas səbəbi isə, NATO-nun Qara dəniz və Gürcüstanda keçirdiyi təlimlərə cavab xarakteri daşıyır. İyunun ortalarında start götürən “See Breeze” dəniz təlimlərinin ardından, təşkilat iyulun 26-da Gürcüstanda çoxmillətli “Çevik Ruh 2021” təlimlərinə başlayıb.
Qeyd edək ki, son dövrlərdə rəsmi Moskva və Pekinin birgə hərbi təlimlərinə tez-tez rast gəlmək mümkündür. Təşkil olunan təlim isə, 2019-cu ildən sonra Rusiya və Çinin birgə keçirdiyi 4-cü belə təlim olacaq.
Qonşuluğunda baş verənlərə səssiz qalmaq kimi bir xüsusiyyətə malik olmayan rəsmi Moskvanın qeyd olunan NATO fəallığını susaraq izləyəcəyi, təbii ki, inandırıcı deyildi.
Bu səbəbdən də, Rusiyanın Qərbə gücünü nümayiş etdirmək üçün müvafiq addımlar atacağı gözlənilən idi. Eyni zamanda, tərəf müqabili olaraq Çinin seçilməsi də təəccüblü qarşılanmamalıdır. Belə ki, Kreml bununla NATO-ya yalnız olmadığının və rəsmi Pekinlə birlikdə Qərbin təzyiqlərinə sinə gərəcəklərinin də mesajını verib.
Ümumilikdə isə, Çinlə Rusiya arasında hərbi sahədə yaxınlaşma sadəcə əməkdaşlıq xarakteri daşıyır və rəsmi Pekini Moskvanın hərbi müttəfiqi adlandırmaq doğru olmazdı.
Bunun əsas səbəbi isə, Çinin Rusiya naminə Avropa ilə iqtisadi tərəfdaşlığına maneə yaratmaqdan çəkinməsidir.
Lakin anti-Amerika ideyalarının birləşdirdiyi iki böyük dövlətin hərbi sahədə güc mübadiləsini hələ qarşıdakı illərdə də davam etdirəcəyinin proqnozunu vermək olar.
Murad Əhmədov, Bizim.Media