İsrail Fransa tərəfindən Fələstin dövlətçiliyinin tanınması ilə bağlı gözlənilən addımlara sərt reaksiya verməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə “Politico” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail “bir neçə fəaliyyət planı” üzərində işləyir. Ehtimal olunan addımlar sırasında Fələstin Milli Administrasiyasının idarəçiliyində olan İordan çayının qərb sahilindəki ərazilərin ilhaq prosesinin sürətləndirilməsi də var.
Bundan başqa, diplomatik və simvolik xarakterli tədbirlər, o cümlədən Fransanın Qüdsdəki konsulluğunun bağlanması və Fransaya məxsus obyektlərə – o cümlədən xristianların ziyarətgahı sayılan Eleona məbədinə girişin məhdudlaşdırılması müzakirə olunur.
İsrailin xarici işlər nazirinin müavini Şarren Haskel Fransa radiosuna müsahibəsində bildirib ki, hələ 1948-ci ildə İsrail dövlətinin elanından əvvəl fəaliyyətə başlayan Fransanın Qüdsdəki diplomatik nümayəndəliyinin bağlanması məsələsi baş nazir Binyamin Netanyahunun gündəmindədir.
Avropalı diplomatların sözlərinə görə, İsrail cavab addımlarında “heç nədən çəkinməyəcək”.
Onların fikrincə, hadisələrin inkişafından asılı olmayaraq, İsrail-Fransa münasibətləri “ciddi şəkildə pisləşəcək”. Mənbələr qeyd edir ki, Fransa prezidenti Emmanuel Makron bu məsələnin əsas təşəbbüskarı olub və onun Netanyahuyla dialoqu artıq daha gərgin xarakter alıb.
Makron daha əvvəl bildirib ki, Paris 22 sentyabrda BMT-də Fələstin dövlətçiliyinin tanınmasına həsr olunmuş konfrans çağırmağı planlaşdırır.
Xatırladaq ki, iyulun 29-da Böyük Britaniyanın baş naziri Kir Starmerin ofisinin yaydığı bəyanatda, əgər İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasını bloklamaqda və hərbi əməliyyatı dayandırmamaqda davam etsə, BMT Baş Assambleyasının sessiyası başlamazdan öncə Fələstin dövlətini tanımağa hazır olduğunu açıqlamışdı.
İyulun 24-də isə Makron təsdiqləmişdi ki, Fransa Fələstin dövlətçiliyini BMT Baş Assambleyasının sessiyası çərçivəsində rəsmən tanıyacaq.
Bizim.Media