Anklav kəndlərin qaytarılması YENİDƏN GÜNDƏMDƏ – “Heç bir güzəşt OLA BİLMƏZ”

Anklav kəndlərin qaytarılması YENİDƏN GÜNDƏMDƏ – “Heç bir güzəşt OLA BİLMƏZ”

Hazırda oxunan: Anklav kəndlərin qaytarılması YENİDƏN GÜNDƏMDƏ – “Heç bir güzəşt OLA BİLMƏZ”

231237

Məlum olduğu kimi, keçən ilin aprelində əldə edilən razılığa əsasən Qazaxın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri Azərbaycana qaytarıldı. Hansı ki, geri qaytarılacaq bu dörd kənd qeyri-anklav statusda olan ərazilər idi.

Lakin Qazaxın anklav olan Bərxudarlı, Sofulu və Yuxarı Əskipara kəndləri, habelə Naxçıvanın Kərki kəndi hələ də geri qaytarılmayıb.

Xatırladaq ki, yanvarın 16-da Azərbaycan və Ermənistan delimitasiya komissiyaları 2025-ci il yanvarın 16-da Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər delimitasiyaya başlanması barədə razılığa gəliblər.

Bəs Qazaxın anklav kəndləri delimitasiya və demarkasiya çərçivəsində geri qaytarıla bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyir ki, Azərbaycanın bir qarış ərazisi belə heç bir halda Ermənistanın əlində qala bilməz və qalmayacaq:
 

MÖVZU İLƏ BAĞLI:

Bir güllə belə atılmadan azadlığa qovuşan 4 KƏND – TƏHLİL 


“Ermənistanla Azərbaycan arasında sərhəd təhlükəsizliyi, delimitasiya və demarkasiyası üzrə əsasnamə təsdiq edildikdən sonra sərhədlərin delimitasiya və demarkasiyasının iş prinsipləri, reqlamenti müəyyənləşdirildi. Bu mühüm bir sənəddir. İstisnasız olaraq təxminən min kilometrlik sərhəd boyunca delimitasiya və demarkasiyanın həyata keçirilməsi üçün normalar yaradılır. Amma bu o demək deyil ki, bütün problemləri məzh bu kontekstdə həll etmək olar. Nəticə etibarı ilə delimitasiya və demarkasiya üçün ilkin baza hüquqi əsaslarda tərtib edilmiş konfiqurasiya materiallarıdır”.

Deputat qeyd edir ki, hansı xəritə üzrə delimitasiya və demakrasiyanın aparılacağının müəyyənləşdiyi hələ məlum deyil:

“Bu barədə heç bir tərəfdən heç bir komissiya rəhbəri və yaxud üzvü hər hansı bir məlumatlandırma verməyib. Açıq mənbələrdə sadəcə qarşılıqlı güzəştlərin tətbiqi məsələsi qeyd olunur ki, bu da lokal əhəmiyyətli ərazilərdə qarşılıqlı şəkildə güzəştlərin tətbiqidir. Məsələn, hər hansı bir yol infrastrukturu varsa, onun başqa bir ərazidə əvəzlənməsi nəzərdə tutulur”.

“Heç bir güzəştdən söhbət gedə bilməz”

H.Babaoğlu bildirir ki, anklav kəndlərimizlə bağlı qarşı tərəfə heç bir güzəştdən söhbət gedə bilməz:

“Prinsipial məsələ Azərbaycan Ermənistan şərti sərhədində hələ də 3 kəndimizin və Naxçıvan istiqamətdə Sədərəkdə bir kəndimizin Ermənistanın nəzarətində qalmasıdır ki, bunlarla bağlı heç bir güzəştli mövqedən söhbət gedə bilməz. Çünki həmin ərazilər Azərbaycan əraziləridir”.

Həmsöhbətimizin fikrincə, proses irəlilədikcə, sözügedən anklav ərazilərə yaxınlaşdıqca, yəqin ki, onlarla bağlı da siyasi qərar qəbul ediləcək:

“Heç bir halda Azərbaycanın bir qarış ərazisi Ermənistanın əlində qala bilməz. Bu mümkün deyil”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO