Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd boşanmaq üçün məhkəməyə müraciət edib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Əsma Əsədin sığındıqları Moskvadakı həyat şəraitindən narazı olduğu və Londona gedə bilməsi üçün ərindən boşanmaq istədiyi bildirilir.
Londonda doğulan, bankçılıq karyerasını geridə qoyub 2000-ci ildə Bəşər Əsədlə evləndikdən sonra Suriyaya köçən Əsma Əsəd eyni zamanda Britaniya vətəndaşı olduğu üçün Rusiya məhkəməsinə müraciət edərək, Moskvanı tərk etmək üçün xüsusi icazə istəyib.
Qeyd edək ki, Suriyanın devrilmiş lideri Bəşər Əsədin sığınacaq istəyi Rusiya tərəfindən qəbul edilsə də, onun Moskvada hakimiyyət orqanları tərəfindən ciddi nəzarətə məruz qaldığı və paytaxtı tərk etməsinin, hər hansı siyasi fəaliyyətlə məşğul olmasının qəti qadağan edildiyi bildirilir.
Digər tərəfdən, Bəşər Əsədin aktivlərinə giriş də Rusiya hakimiyyəti tərəfindən dondurulub. Bu vəziyyət Əsəd ailəsinin maddi gücünü və yaşayış şəraitini ciddi şəkildə məhdudlaşdırır.
Xatırladaq ki, noyabrın 27-də Suriyanın müxalif silahlı birləşmələrinin üzvləri Hələb və İdlibdə hökumət qüvvələrinə qarşı genişmiqyaslı hücuma başlamışdı. Dekabrın 7-də Bəşər Əsədə qarşı olan qruplaşmalar bir neçə iri şəhərə nəzarəti ələ keçirdi, dekabrın 8-də isə Dəməşqə daxil oldular. Bunun ardınca isə Suriya ordusunun bölmələri paytaxtı tərk edib. Əsəd isə öz növbəsində prezident postunu və ölkəni tərk edib.
Bizim.Media