Baydenin sonuncu “YAXŞILIĞI” – “Qoca Co” Avropanı Rusiya ilə üz-üzə qoyub GEDİR?

Baydenin sonuncu “YAXŞILIĞI” – “Qoca Co” Avropanı Rusiya ilə üz-üzə qoyub GEDİR?

Hazırda oxunan: Baydenin sonuncu “YAXŞILIĞI” – “Qoca Co” Avropanı Rusiya ilə üz-üzə qoyub GEDİR?

221439

Ukrayna-Rusiya cəbhəsində vəziyyət yenidən gərginləşib. Amma bu gərginlik hələki söz savaşı səviyyəsindədir. Belə ki, ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların uzaqmənzilli silahları ilə Rusiya Federasiyasının ərazisinə Ukrayna tərəfindən zərbələr endirməyə icazə verib.

Təbii ki, Baydenin bu qərarı Zelenskini xeyli məmnun edib. Buna baxmayaraq, Ukrayna prezidenti Baydenin "uzaq mənzilli raketlərin" icazəsi ilə bağlı məlumatları şərh edərkən icazənin verilməsini birbaşa təsdiq etməyib:

“Bu gün bir çox KİV-lər deyirlər ki, biz müvafiq tədbirlər görmək üçün icazə almışıq. Amma zərbələr sözlə alınmır, belə şeylər açıqlanmır. Raketlər mütləq öz sözünü deyəcək".

Qlobal müharibə başlayır?

ABŞ prezidentinin qərarı və Zelenskinin ikibaşlı bəyanatı təbii ki, qarşı tərəfin cavabını xeyli tezləşdirdi. İlk açıqlama Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarovdan gəldi. O bəyan etdi ki, Amerikanın Rusiyanın dərinliklərinə raket zərbələri endirməsinə icazə verilməsi üçüncü dünya müharibəsinin başlamasına gətirib çıxaran görünməmiş bir addımdır.

Vladimir Cabarov əlavə edib ki, Rusiyanın cavabı dərhal olacaq.

Noyabrın 19-da isə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məsələ ilə bağlı danışarkən Üçüncü Dünya Müharibəsinin başlama riski barədə xəbərdarlıq edib :

“NATO tərəfindən Rusiya ərazisinə hücum edildikdə, Rusiya cavab zərbəsi vurmaq hüququna malik olacaq və bu artıq Üçüncü Dünya Müharibəsi deməkdir”.

O, həmçinin, NATO-nun Rusiyaya qarşı raket istifadəsini hücum kimi qiymətləndirəcəyini deyib.

Xatırladaq ki, Putin yenilənmiş nüvə doktrinasını təsdiqləyib. Hansı ki, bu sənəd Qərbin nüvə olmayan raketlərini Ukrayna vasitəsilə Rusiya ərazisinə qarşı istifadə etməsi halında nüvə cavabının verilməsini nəzərdə tutur.

Vəziyyət gərginləşir

Həm Qərbin, həm də rəsmi Moskvanın səsləndirdiyi fikirlər məsələnin olduqca ciddiyyətindən xəbər verir. Görünən odur ki. 1000-ci gününü tamamlayan müharibədə heç bir əsaslı uğura imza ata bilməyən Qərb daha radikal addımlar atmağa məcbur olur.

Bu cür radikallığı zəruri edən səbəblərdən biri də ABŞ-da keçirilən son seçkilərin nəticələridir.

Bir daha xatırladaq ki, Respublikaçılar Partiyası təkcə prezident seçkilərində yox, həm də Senata və Nümayəndələr Palatasına keçirilən seçkilərdə də böyük üstünlük qazanıblar.


Beləliklə, respublikaçılar həm icra, həm də qanunverici orqanda tam nəzarəti ələ keçiriblər.

Bu da o deməkdir ki, ABŞ beynəlxalq aləmdəki müharibə və münaqişələrdən bir müddətlik geri çəkiləcək. Bu məğlubiyyətlə barışmayan demokratlarsa son çırpınışlarını edir, dünyanı qana çalxalayırlar.

Bu qərarlar nəyi dəyişəcək?

Baydenin son qərarı müharibədə əsaslı dönüş yaratmayacaq. Ən optimal variantda Ukrayna Rusiyanın dərinliklərinə daha çox zərbə endirmək imkanı qazanacaq. Halbuki, buna qədər də Ukrayna PUA-lar vasitəsilə eyni işi görürdü. Amma heç bir PUA hücumu Kiyevə əsaslı üstünlük qazandırmayıb. Ona görə də uzaqmənzilli raketlər ən pis halda rusların itkisini bir qədər artıracaq. Vəssalam.

Amma rəsmi Moskva bu hücumları cavabsız qoymayacaq. Necə ki, Medvedev son bəyanatında bunu deyib. Rusiyanın cavabı isə təkcə Ukraynaya qarşı yox, həm də digər Avropa dövlətlərinə qarşı olacaq. Beləcə, Ukraynadan başqa ən azı 3-4 Avropa ölkəsi Rusiyanın zərbə hədəfinə çevriləcək. Bu da artıq Üçüncü Dünya Müharibəsi deməkdir.

Üçüncü Dünya Müharibəsi başlayıb, yoxsa başlayacaq?

2022-ci ilin fevral ayının 22-də Ukrayna-Rusiya müharibəsi başlanandan sonra bir çox ekspertlər və siyasi liderlər Üçüncü Dünya Müharibəsinin başlandığını bəyan etdilər. Belə qorxunc fikir səsləndirənlər arasında Roma Papası Fransisk də vardı. Belə ki, o 2022-ci ilin iyun ayında Yezuitlər ordeninin Avropadakı nəşrinə müsahibəsində bildirmişdi ki, onun üçün bu gün Üçüncü Dünya müharibəsi alovlanıb:

Vatikan lideri dünyanın artıq Üçüncü Dünya müharibəsi vəziyyətində olduğunu qeyd edib:

“Dünya müharibə vəziyyətindədir. Bir neçə il öncə düşünürdüm ki, biz Üçüncü Dünya müharibəsini qismən yaşayırıq. Odur ki, mənim üçün Üçüncü Dünya müharibəsi artıq od saçır”.

Bu və digər fikirləri, eləcə də bugünkü reallıqları nəzərə alsaq deyə bilərik ki, Üçüncü Dünya Müharibəsi başlayıb. Fikrimizin sübutu üçün deyək ki, indiki dünyamızda müharibənin bir neçə - hərbi, siyasi və iqtisadi növü var. Bugünkü prizmadan baxanda aydın olur ki, ABŞ, Avropanın çoxsaylı ölkələri və bir sıra dünya dövlətləri artıq 3 ilə yaxındır ki, Rusiya ilə iqtisadi və diplomatik sahədə müharibə aparır.

Hələ onu demirik ki, Ukrayna bu gün Qərbin hərbi yardımı ilə ayaqda qalır.

Ukrayna tərəfdən döyüşə qatılan hərbi texnika, təchizat və canlı qüvvələr əsasən Qərbdən gəlir.

Bu gün götürülən əsirlər, ölən döyüşçülər arasında çoxlu sayda Qərb vətəndaşının olması sübut olunub. Bundan əlavə, Ukraynanın atdığı raketlər, göndərdiyi PUA-larla yanaşı sərf edilən patronlar belə Qərbdən gəlir. Bütövlükdə, son 3 ilə yaxın müddətdə Qərb Ukraynaya 400 milyard dollara yaxın yardım edib. Bu isə Ukraynanın illik dövlət büdcəsinin 10 mislinə bərabərdir.

Eyni vəziyyət Rusiya tərəfində də müşahidə olunur. Bir sıra dövlətlər son 3 ildə Rusiyaya açıq və gizli şəkildə yardımlar edib, etməyə də davam edir. Hətta bəzi ölkələrin Rusiya tərəfindən döyüşə hərbi qüvvə göndərdiyi də məlumdur.

Bu, Üçüncü Dünya Müharibəsi deyilsə, bəs nədir?

Təkrar edirik, bu gün müharibələrin forması dəyişib. Birinci Dünya Müharibəsində olduğu kimi dünya dövlətləri iki cəbhəyə bölünüb üz-üzə vuruşmur. Bu gün döyüşlər daha çox siyasi-iqtisadi arenada gedir. Dünyanın əksər aparıcı dövlətləri Rusiyanı özlərinə düşmən elan ediblər və bu ölkə ilə nəinki iqtisadi, hətta mədəni əlaqələri kəsiblər. Bu gün rusiyalı idmançılar, sənət adamları, hətta paralimpiyaçılar Qərb ölkələrinə və beynəlxalq yarışlara, tədbirlərə qatıla bilmirlər. Onlar üçün hər yerə çıxış yasaqlanıb.

Rusiyanın aktivləri ABŞ və Qərb ölkələrində açıq şəkildə talanıb ələ keçirilir. Rusiyaya qarşı sanksiyalar günü-gündən daha da sərtləşdirilir. Rusiya da bacardığı qədər adekvat addımlar atır.

Fikrimizin təsdiqi üçün Rusiya Prezidenti Vladimir Putinin 2023-cü ilin fevralında söylədiyi fikirləri xatırlatmaq kifayətdir:

“Biz Qərbin kollektiv hücumunu dəf etmək məcburiyyətindəyik".

Deməli, Üçüncü Dünya Müharibəsi çoxdan başlayıb. Sadəcə biz hələlik bu müharibənin birinci fazasını yaşayırıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO