İşıqlar yanır, ev sahibi geri döndü

İşıqlar yanır, ev sahibi geri döndü

Hazırda oxunan: İşıqlar yanır, ev sahibi geri döndü

98471

“Səhər saat 6-da, hava işıqlanmamış Qarabağa yola düşəcəyik”.

Düşünməyə başlayırsan, qəlb həyəcanla dolur, daha bir yuxusuz gecənin gəldiyini hiss edirsən. Yolumuz uzundur, heç olmasa bir-iki saat gözümüzü aldatmağa ehtiyac var, amma “Qarabağ”ın qələbəsi onsuzda ərşə çəkilən yuxunu komsosun ənginliklərinə aparır.
“Gecəni yata bilmədim, heç olmasa təyinat yerinə bir az tez çatım, dostlarla söhbətləşərəm” düşüncəsilə yola çıxıram. Təyin edilən vaxtdan da tez “Azərişıq”ın qarşısındayam. Həyəcanla avtobusun gəlişini gözləyirəm. Bir az sonra yola düşürük. Yol yoldaşımla havadan-sudan söhbət edirik, əslində isə, Füzulini, Hadrutu, Şuşanı düşünürük...



Füzulinin Alxanlı kəndindən işğaldan qurtarılan ərazilərə daxil olduğumuzu biləndə ətrafa boylanmamaq mümkün deyil, istəyirsən 100-cü dəfə get, yenə də deyil.

İlk ziyarətimiz Füzuliyə, tikintisi davam edən Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinədir. Birdən kimsə “bura Füzuli şəhəridir” - deyir. 

Bəs, şəhər hanı? Qaldı 30 il əvvəldə, xatirələrdə. Zamanın da dayana bildiyinin bariz örnəyi...

“30 il bir igidin ömrüdür” deyir böyüklərimiz, amma bu torpağı zamanın işgəncəsindən qurtaran qəhrəmanların neçəsi bu yaşına çata bilmişdi? Həmin igidlərin 44 gün ərzində mümkünsüzü reallaşdırdığını düşündükdə, Füzulinin simurq kimi küllərindən yüksələcəyi günün yaxın olduğuna şübhəm qalmır, kədərim bir qətrə də olsa azalır.



Rəqəmsal Stansiyada görülən işlərlə tanış oluruq. İşçilərin gərgin fəaliyyəti gözümdən yayınmır və ağlıma 2 il öncənin, təqribən bu günləri gəlir. Ordumuz irəliləyir, “Azərişıq” əməkdaşları da onları kölgə kimi, qarabaqara izləyir. “Qarabaqara” ifadəsi bəlkə də bir qədər uğursuz seçilib, axı onlar qaranlığı işıqlandırmaqla mükəlləfdirlər, axı ordumuzun ayağı ilə canlanan torpaqları, öz əməkləri ilə nurlandıran məhz onlar idi.

Növbəti dayanacağımız Hadrutdur. Dağların arasında, savaşın izlərini hər evində, hər daşında yaşadan Hadrutda“Azərişıq”ın Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzin tikintisi davam edir. Erməni zülmətinin son izlərindən qurtulmasına, Hadrutda “Azərişıq”ın görəcəyi işlərin yekunlaşmasına da az qalıb.
Və bizim də yolumuzun son dayanacağı Şuşadır, iki il əvvəlki qələbəmizdə olduğu kimi. Şuşa 30 il boyu bizə təsvir edildiyi kimidir, baş dumanlı. Elə bir duman ki, Şuşanın mənzərəsini şəhərə daxil olana kimi görməyimizə mane oldu. Sanki Şuşa bizə naz edir, bənizini göstərmirdi. 

Gözələ isə həqiqətən naz yaraşırdı.

Şuşaya daxil olanda nədənsə ilk ağlıma gələn 30 il əvvəl “dağlarda toy”dan sonra bura ayaq basan erməni keşişlərinin görüntüsü oldu. Qazançının qarşısında dayanıb, kilsənin üzərindəki xaçı ovuna baxan quduz it kimi, həsəd dolu baxışlarla seyr edirdilər. İndi isə Şuşanın özünə Xankəndidən bu cür tamaşa etdiklərini düşünəndə qürurlanmamaq namümkün idi.



Şuşada yenidənqurma işləri tam sürətlə davam edir. “Azərişıq”ın Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi də artıq hazırdır. Bir faktı da qeyd edim, 30 illik zülmətdən sonra Şuşanı işıqlandırmağa “Azərişıq” cəmi 33 gündə nail olmuşdu. Ümumilikdəysə, Şuşanı daima çilçıraqban etmək üçün 9 yarımstansiya tikiləcək. Xankəndidə qaranlığa qərq olmuşlar üçün Şuşa günəşə çevriləcək, bəzilərini işıqlandıracaq, bəzilərini istisi ilə qovuracaq, qovacaq.
Bir məqama da toxunmaqda fayda var. Bəli, bəzilərinin ağlına gələ bilər ki, “Azərişıq” zatən bu işləri görməli idi, bu onların vəzifə borcudur. Lakin deyilənlər edilənlərin üzərinə kölgə salmaz, əksinə daha da işıqlandırar. Çünki hər kəs öz məsuliyyətini onlar qədər dərk etsə idi, indi Nizaminin təsvir etdiyi xoşbəxtlər diyarında yaşardıq, dünyamız da nurla dolardı. Necə ki, “Azərişıq” Qarabağda bunu edir, edəcək.

Əbədi işıqlı günlərə...

Murad Əhmədov, Bizim.Media 


QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması - bəndinə uyğun olaraq hazırlanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO